Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) iyulun 14-dən 15-nə keçən gecə Bakıda keçirilən Qarabağa dəstək yürüşündə görə 6 fəalının saxlandığını açıqlayıb. Bu barədə partiyadan verilən məlumatda bildirilir ki, onlardan ikisi -Pəncalı Əsədov və Elvin Məmmədov iyulun 15-də, qalan dördü-Məhəmməd İmanlı, Asif Yusifli, Seymur Əhmədzadə və Mətanət Mahmarzayeva isə iyulun 16-da saxlanılıb:
"Arannews-Saxlanılanların yeri barədə heç bir məlumat verilmir. Mətanət Mahmarzayevanın evdə xəstə uşaqları var, çox narahatdılar. Bu ailəyə belə, dəqiq bir xəbər verilmir.
Qeyri-rəsmi mənbələr vasitəsilə əldə etdiyimiz məlumata görə, iyulun 16-da onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayıb, gecə saat 1 radələrində 9-cu polis bölməsinə aparıblar. Saxlanılan AXCP üzvlərindən bəzilərinin iyulun 17-də günorta saatlarında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparılması barədə məlumat aldıq", - deyə AXCP-dən bildirilib.
Saxlanılan AXCP üzvlərindən Asif Yusifli Qarabağ əlilidir. O, 2015-ci ildə Qarabağ qazisi Zaur Həsənovun intiharı ilə əlaqədar Bakının mərkəzində keçirdiyi etiraz aksiyasından az sonra həbs olunmuşdu. Beş il həbsdə saxlanan A.Yusifli ötən ilin noyabrında azadlığa buraxılmışdı: "Asif Yusiflini iyulun 16-da zəng eləyib Nərimanov Rayon Polis İdarəsinə çağırıblar. Evdən çıxanda elə binanın qarşısında tutub aparıblar. Ailə üzvlərinə də yeri barədə heç bir məlumat verilməyib".
AXCP-dən onu da bildiriblər ki, A.Yusiflinin hüquqlarının müdafiəsi üçün vəkil Nemət Kərimli ilə müqavilə bağlansa da, onu müvəkkili ilə görüşə buraxmayıblar: "Vəkil Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə gedib, rəsmi qaydada orderi təqdim edib. Lakin onu içəri buraxmayıblar. Deyiblər ki, orderi poçtla göndərsin".
Vəkil Nemət Kərimli özü də bunu Meydan TV-yə təsdiqləyib. Bildirib ki, vəkilin əlində orderi olduğu halda müdafiə hüququnu həyata keçirməsinə imkan verilməməsi qanuna ziddir. Bununla əlaqədar Baş Prokurorluğa şikayət məktubu göndərəcək.
AXCP sədri Əli Kərimli partiya üzvlərinin həbs olunmasına münasibət bildirərkən deyib ki, hakimiyyət Qarabağa dəstək yürüşündən də AXCP-yə qarşı repressiya məqsədilə sui-istifadə edir:
"Biz hər şeyi etdik ki, hökumətin təxribat və repressiyalar üçün hər hansı bəhanəsi olmasın. Ancaq təcrübə bir daha göstərdi ki, hakimiyyət bəhanəsiz də təxribat və repressiya edir. Heç bir əsas olmasa da, hakimiyyət Qarabağ mitinqindən AXCP-yə qarşı növbəti repressiyalar üçün sui-istifadə edir.
Xalqa, ən kasıb insanlara çatmalı olan sosial müavinətləri oğurlamış icra başçılarına İlham Əliyev demişdi ki, Allahdan qorxsunlar, belə kasıb insanların malını yeməsinlər. İndi mən İlham Əliyevə xatırlatmaq istəyirəm ki, Qarabağ, Vətən sevdalısı olan, heç bir cinayət törətməmiş, vətənpərvər insanları şərlədib uzun müddətli həbslərə göndərmək həmin o işsizlik müavinətlərini yeməkdən heç də yüngül əməl deyil.
İki balaca övladı anasız qalmış, Mətanət xanımı şərlətdirmək, Qarabağ qazisi, astma xəstəliyi olan Tofiq Yaqublunu Hepatit və vərəm xəstəlikləri olan məhbuslarla bir yerə salıb həyatına qəsd etmək, 5 illik siyasi məhbus həyatını yenicə başa vurub azadlığa çıxmış Qarabağ qazisi Asif Yusiflini yenidən şərlətdirmək isə həmin icra başçısının sosial yardımları yeməyindən daha ağır cinayət olar".
Hüquq-mühafizə orqanları Qarabağa dəstək yürüşünə görə saxlanılanların sayı barədə rəsmi məlumat verməsə də, qeyri-rəsmi informasiyalarda təxminin 70 nəfərin tutulduğu bildirilir.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə açıqlama yayaraq, iyulun 14-dən 15-nə keçən gecə parlamentin binasında baş verənlər, polis maşınının aşırılması və s. olaylarla əlaqədar cinayət işi başlandığını bildirib.
Qeyd edək ki, artıq AXCP üzvü Mətanət Mahmarzayeva sərbəst buraxılıb.