Tarix : 2020 Jul 22
Kod 60018

Mehdi Nalbəndi: “Qarabağ İslam torpağıdır” dedikdə, Qarabağın Azərbaycana aid olması nəzərdə tutulur

Qafqaz məsələləri üzrə ekspert Mehdi Nalbəndi Qarabağda baş verən son hadisələrlə bağlı “Anac”-a müsahibə verib, Qarabağ münaqişəsinin nəticələri və digər maraqlı məsələlərə toxunub.
AranNews – Qarabağ münaqişəsi bu günlərdə yenidən dünyanın xəbər başlığına çevrilib. 30 il bundan əvvəl başlamış müharibə hələ də az-çox davam edir. Bu arada Ermənistan Azərbaycanın ərazilərindən bir hissəsini işğal etmişdir və Azərbaycan hökuməti İranın əsirgənilməyən köməyinə baxmayaraq işğal edilmiş ərazilərini geri ala bilmədi. Bugün uzun zaman ötməsinə baxmayaraq, Ermənistan və Azərbaycan arasında müharibə odu arabir alovlanır və bir müddətdən sonra yenə sakitləşir. Azərbaycan hökumətindən fərqli olaraq bu ölkə xalqının çoxu işğal edilmiş əraziləri geri almağa israrlıdır. Bu məsələ beynəlxalq və Qafqaz məsələləri üzrə təhlilçilərin diqqətini özünə cəlb etmişdir. “Anac” İnformasiya Agentliyinin müxbiri Hamid Xosrovşahi cümə axşamı Qafqaz məsələləri üzrə ekspert Mehdi Nalbəndidən Qarabağda son döyüşlərin nəticələri ilə bağlı müsahibə almışdır. Müsahibəni sizə təqdim edirik:
 
İslam torpağının mənası
- Qarabağ bizim üçün əsas məsələdirmi?
- Heç bir şübhə yoxdur ki, Qarabağ bizim üçün əsas bir məsələdir. Bunun bir neçə səbəbi vardır. Birincisi odur ki, bizim qonşuluğumuzda müharibə baş verib və qonşumuzun torpaqlarının bir hissəsi işğal edilib. Ölkəmizin işğalçılıq əleyhinə siyasət tutmasına diqqət etməklə, biz özünü müdafiə edən tərəfi, yəni Azərbaycanı dəstəkləyirik.
Üstəlik, Qarabağ məsələsi mürəkkəb bir mövzudur. Bir çox ölkələr Qarabağ məsələsinə daxil olmağa çalışırlar.
Qarabağ məsələsində digər bir mövzu isə bizi özünə məşğul etmiş bir sıra suallardır və bu suallar bəzən bizi hədəfə aldığı üçün ona cavab verməli və öz mövqeimizi müəyyən etməliyik. Bizim mövqeimiz budur ki, Qarabağ İslam torpağıdır. Biz “Qarabağ İslam torpağıdır” dedikdə, Qarabağın Azərbaycana aid olmasını nəzərdə tuturuq. Ona görə də əgər bir ölkəyə hücum olarsa və o ölkə özünü müdafiə vəziyyətində olsa və bu müdafiədə bir kəs həlak olsa, bizim baxışımızda o, şəhiddir. Burada həmin münasibətlə bu döyüşdə şəhid olanların ailələrinə başsağlığı veririk.
 
Münaqişə, ya müharibə?-Qarabağ qan istəyir
- Qarabağ müharibəsində bizim fəaliyyətimiz nədən ibarət olmuşdur? İşğalçının, ya işğala məruz qalmışın xeyrinə olub?
- Bu suala yaxşı olardı ki, Qarabağ müharibəsində iştirak edənlər cavab versinlər. Qarabağ müharibəsində iştirak etmiş əzizlərimizdən bəziləri öz xatirələrini bölüşüblər və biz onları eşitmişik. Bu müharibədə biz Azərbaycan tərəfinə hərbi təlim verirdik, xalq yardımları göndərirdik, bu ölkənin elektrik enerjisini təmin edirdik. Bunlar aydın və məlum məsələlərdir.
Qarabağ müharibəsində bizim fəaliyyətimiz çox şəffaf və aydındır, lakin onu mediaya çıxarmaqda çox zəif əməl edirik.
Təəssüflər olsun ki, Qarabağ müharibəsindəki fəaliyyətlərimiz gizli qalmışdır. İndi keçmişə seyr etməyi lazım bilmirəm. Qarabağ müharibəsinin baş verdiyi 30 il müddətində bir çox hadisələr baş vermişdir. Müharibə indi münaqişəyə çevrilib və siyasi mövzular bu müharibənin ətəyindən yapışıb və ona siyasi mahiyyət verib, Qarabağın siyasi mahiyyəti onun hərbi və ərazi mahiyyətinə qalib gəlib.
Müxtəlif tərəflər bir-birlərini ittihamlandırır və bəzən digərlərini bu mövzuda təqsirkar göstərməyə səy edirlər. Təəssüflər olsun ki, İslam ölkələrinin heç biri bu məsələyə daxil olmayıb. Amma uzun müddət ötdükdən sonra bu məsələdə hadisələrin baş verdiyini görürük. Bu son bir neçə gündə Qarabağ məntəqəsində hadisələrin gedişatı şiddətlənib. Məntəqədə iki gün qarşıdurma davam etdi, bir gün ara verdikdən sonra təzədən başladı. Bu bir neçə gündə Azərbaycan Respublikasının xarici işlər naziri öz vəzifəsindən uzaqlaşdırıldı və bu ölkə prezidenti öz nitqində aydın və şəffaf mövqe sərgilədi.
 
Müzakirə masasında Azərbaycanın əli boşdur
- Bəziləri belə hesab edir ki, İran müharibənin bitməsini istəmir. Bəziləri də münaqişənin həll olunmamasının səbəbini daxili ixtilaflarda görürlər. Digər bir qrup isə belə inanır ki, ilk və son sözü Rusiya deməlidir. Sizin fikriniz nədir?
- Siz Rusiyanın adını çəkdiniz. Lakin digər  ölkələr də bu məsələyə müdaxilə edir. Bu böhranda hər kəs Qarabağdan öz payını istəyir. Mən inanmıram ki, Qarabağ böhranı təkcə ruslara aid olsun.
Mənə elə gəlir ki, müzakirə masası arxasında oturmaq üçün əli dolu olmaq lazımdır. Amma bu məsələdə Azərbaycanın əli boşdur. Çünki torpağın kimin əlində olması əsas məsələdir və o da bugün Ermənistanın əlindədir. Azərbaycanın demək olar ki, müzakirə üçün heç nəyi yoxdur. Ona görə də Qarabağı azad etmək istəyirsə, hal-hazırda yeganə yol müharibə meydanında sözünü deməkdir. Bəziləri Qarabağla bağlı müxtəlif sözlər danışırlar, lakin bugün Qarabağı azad edəcək biləcək tək yol, qandır!
 
Xalq iradəsi və hökumət passivliyi
- Qarabağı geri almaq üçün Azərbaycan hökuməti iradə göstərirmi?
- Müxtəlif vaxtlarda bu iradə olmuşdur. Lakin hadisələrin davamı göstərdi ki, bu iradə siyasi xarakter daşımışdır. Yəni hücum baş verib, lakin qısa müddətdə müzakirə ilə sonlanıb. Əlbəttə, Azərbaycan xalqının Qarabağı geri almağa iştiyaqı son günlərdə göz qabağındadır. Xüsusilə də Azərbaycanın islamçıları və dindarları arasında bu işdə tam iradə vardır.
 
Sionist rejiminin Qarabağın etnik kimliyinə təlaşı və pay istəməsi
- Bu hadisədə sionist rejiminin rolu nədən ibarətdir?
- Sionist rejimi son illərdə bu mövzuya daxil olmuşdur və pay istəyir. Bir neçə gün bundan əvvəl Azərbaycanın bir sıra saytlarında İsrailin Azərbaycanın hərbi sirlərini Ermənistana verməsi barədə xəbərlər yayıldı.
Sözsüz ki, sionist rejimi hara daxil olsa, o məntəqəni gərginlik səmtinə sövq edir və yəhudi lobbiliyini həmin məntəqədə artırmağa səy edir. Sionist rejimi özü üçün strateji dərinlik yaratmağa çalışır. Onun ciddi məqsədlərindən biri də Qarabağ və onun mövzusunun dini və islami mahiyyət almasına imkan verməməkdir. Ona görə də Qarabağ mövzusunu etnik mövzu kimi göstərməyə təlaş edir.
 
Qarabağın azad olunmasında ən sadiq cərəyan
- Bəzi islamçılar həbsxanada olmasına baxmayaraq, Qarabağın azad olunması üçün hökumətlə eyni mövqedən çıxış edirlər. Bu mövzu təzad deyilmi?
- Onlar ölkəni müdafiə etmək üçün ən sadiq və ən əsas insanlardır. Onlar hökumət tərəfindən təqsirkar tanınmalarına və zindana salınmasına baxmayaraq, Qarabağ məsələsində çox açıq mövqe göstərirlər, müharibəyə getməyə və müharibənin taleyini həll etməyə hazır olduqlarını bildirirlər.
Diqqət etsəniz, görərdiniz ki, hər axşam Bakıda və digər şəhərlərdə aksiyalar olurdu. Bu aksiyalarda bir neçə cinah ayrı-ayrılıqda şüar verirdi. Onlardan bir cinahının şüarı Qarabağın azadlığıdır. Digər cinah Qarabağın azad olunmasını dini inancla şərtləndirirdi və belə inanır ki, Qarabağı yalnız dini təzahürlərlə azad etmək mümkündür. Başqa bir cinah isə könüllü müharibəyə getmək istəyənlər idi. Bir qrup da separatçılıq məqsədləri ilə aksiyaya qatılırdı və İran əleyhinə şüarlar səsləndirirdi.
 
Qarabağ prosesi; Azərbaycanın öz siyasi gələcəyini təyin etmək üçün fürsət
- Qarabağ münaqişəsinin gələcəyini necə görürsünüz?
- Ötən illərlə müqayisədə mənə elə gəlir ki, bu proses Azərbaycan Respublikası xalqı üçün bir fürsət və imkana çevriləcək və bu vasitə ilə öz siyasi gələcəyini təyin edəcək, öz hadisələrini bu təhlil üzərində quracaq. Çünki bu xalq ciddi şəkildə Qarabağın azad olunmasını tələb edir. Ermənistanın vəziyyəti də bir işğalçı olaraq iqtisadi və siyasi cəhətdən müharibəni uzun müddət davam etdirə biləcək şəraitdə deyil.
İki ölkə arasında mövcud silah vəziyyəti, xarici qüvvələrin məntəqədə hüzuru və pay istəmələri Qarabağ müharibəsinin gələcəyini təyin etməkdə təsirlidir. Lakin ümumi olaraq demək olar ki, Azərbaycan tərəfdən Qarabağı işğaldan azad etmək üçün iradə olarsa, bu məsələ təkcə fiziki hüzur və torpaqları geri almağa bağlıdır.
 
Minsk qrupu və sionist rejimi; məntəqədə böhranın özəyi
Nə qədər ki, Qarabağ münaqişəsinin həlli Minsk qrupunun öhdəsinədir, bu məsələ həll olmayacaq. Nə qədər ki, Qarabağ münaqişəsinin həlli üçün irəli düşən sionist rejimidir, bu münaqişə həll olmayacaq, üstəlik, regionda böhranın özəyinə çevriləcək.
Həmçinin beynəlxalq baxımdan siyasi həll yolu İran, Pakistan və Türkiyə kimi İslam ölkələrinin müzakirə qrupuna daxil olmasına icazə verilməsi, böhranın həll yolu təkcə xristianlara aid edilməməsidir. Digər tərəfdən Azərbaycan dövləti torpaqları azad etmək üçün yetərincə iradə göstərməlidir. Azərbaycan Respublikası islamçılarından biri mənə maraqlı bir mövzu açıqladı. O dedi ki, hal-hazırda zindanda olan islamçılar bizim ölkəmizin yusifləridir. İnşallah, bir gün yusiflərimiz azad olacaq. İmam Zamanın (əc) zühuru zamanı biz həm Qarabağın, həm də Qüdsün azadlığını görəcəyik.
 
Qarabağ, müqavimət cəbhəsinin bucaqlarından biridir
Qarabağın azad olunmasına ən ciddi inam –hətta, ən sekülar adamlar da onu etiraf edirlər– budur ki, Qarabağın azadlıq yolu Qüdsdən keçir, Qüdsün azadlıq yolu isə Kərbəladan. Bu bir şüar deyil, bu, ciddi bir ideya və məqsəddir. Qarabağ müqavimət cəbhəsinin bir bucağına çevrilsə, azad olacaq. Bizim üçün Qarabağ müqavimət cəbhəsinin bir hissəsidir, amma Qarabağın azad olunmasına meyilli olmayan bəziləri onun müqavimət cəbhəsinin bir hissəsi olmasına imkan vermirlər.
Qarabağın azad olunması elə də əlçatmaz deyil. Bu şərtlə ki, Azərbaycan Respublikası onu azad etməyə iradə göstərsin. İran İslam Respublikası və digər İslam ölkələrində olan iradə kimi. Hacı Əlikramın qızıl sözü hələ də yadımızdadır ki, deyirdi: “Hələ bundan sonradır, ləzzəti meyxanəmizin!”

 
  • Yazılıb
  • da (də) 2020 Jul 22
  • Göndərən جهان کمالی