İyulun 14-dən 15-nə keçən gecə Qarabağa dəstək yürüşündə təxribatda (bir qrup şəxsin parlamentə daxil olması, polis maşınının aşırılması) suçlanaraq həbs olunan AXCP üzvlərinin əksəriyyətinin işgəncəyə məruz qaldığı iddia olunur.
Arannews-Bu barədə AzadlıqRadiosuna danışan Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatoru Namizəd Səfərov bildirib ki, həbs olunan cəbhəçilərdən bəzilərinin üzərindəki xəsarət izlərinə görə Bakı İstintaq Təcridxanası onları qəbul etməyib. N.Səfərov konkret AXCP Rəyasət Heyətinin üzvü Ayaz Məhərrəmli və partiyanın Təşkilat Şöbəsinin əməkdaşı Ramid Nağıyevin adlarını çəkib:
“Həbs-qətimkan tədbiri seçilməsi haqda məhkəmə qərarında onların Bakı İstintaq Təcridxanasında saxlanması nəzərdə tutulub. Bizdə olan məlumata görə, A.Məhərrəmli və R.Nağıyevin üzərindəki xəsarətlərin ağırlığı və aşkarlığına görə istintaq təcridxanası onları bu vəziyyətdə qəbul etməkdən imtina edib. Çünki təcridxana ya o xəsarətləri rəsmiləşdirməlidir, ya da həmin şəxsə nəsə olsa, buna görə məsuliyyət daşıyır. Ona görə də həmin şəxsləri Penitensiar Xidmətin tabeliyində olan müalicə müəssisələrinə yerləşdiriblər”.
N.Səfərov vurğulayıb ki, həbs olunan AXCP üzvlərinin vəkillərinə onlarla görüşməyə imkan verilmir: “Bu üzdən də onlar haqqında dəqiq məlumatlar əldə etmək olmur”.
Vəkillər saxlananlarla görüşə bilmirlər R.Nağıyevin yaxınları da AzadlıqRadiosuna bildirib ki, onu həbs qərarından sonra Bakı İstintaq Təcridxanasına yox, Penitensiar Xidmətin 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə aparıblar. Binə qəsəbəsində yerləşən həmin müəssisədə, əsasən, vərəmli məhbuslar saxlanılır. Son vaxtlar cəzaçəkmə müəssisələrində COVID-19 (koronavirus) infeksiyasına yoluxan məhkumların da ora köçürüldüyü bildirilir.
Qarabağa dəstək yürüşünə görə həbs olunan şəxslərin vəkilləri də müvəkkilləri ilə görüşə bilmədiklərini təsdiqləyib.
“Baş Prokurorluğun İstintaq İdarəsinə təqsirləndirilən şəxsin vəkili olduğumuzu təsdiqləyən orderi veririk, qəbul eləmirlər. Deyirlər ki, poçtla göndər. Birincisi, bu qanunsuzdur. İkincisi, xüsusi karantin rejimində strukturlar normal işləmir, poçtla çox gec gedib çatır. Bu müddətdə həmin şəxslər faktiki müdafiəsiz qalıb. Onlar öz vəkilləri olduğu halda, həbs qərarı üçün məhkəmə qarşısına dövlət hesabına vəkillərlə çıxarılıblar. Amma məhkəmədən həbs qərarlarını almışıq, apellyasiya şikayəti verilib”, – adının çəkilməsini istəməyən vəkil AzadlıqRadiosuna bildirib.
AXCP üzvlərindən yalnız Qarabağ əlili Asif Yusifli və Seymur Əhmədzadə haqqında həbs qərarı çıxarılan məhkəmədə onların vəkilləri Nemət Kərimli və Elçin Sadıqov iştirak edib.
Rəsmi qurumlar nə deyir Penitensiar Xidmətin iİctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov AXCP üzvlərinin vəziyyətlərinin ağırlığına görə Bakı İstintaq Təcridxanasında qəbul edilməməsi haqda məlumatı şərh etmək istəməyib: "Belə məsələləri biz şərh etmirik".
M.Sadıqov bundan öncə də bildirmişdi ki, həbs olunan şəxslərin konkret harada saxlanması haqda məlumatlar konfidensial hesab olunur və ailə üzvləri istisna olmaqla, kənar şəxslərə açıqlanmır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov Qarabağa dəstək yürüşünə görə həbs olunan AXCP üzvlərinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində və digər polis orqanlarında işgəncəyə məruz qalması haqda məlumatları təkzib edib.
"Başdan ayağa uydurma, qərəz və yalandır. Onların hamısı vəkillərlə də təmin olunub, hüquq və vəzifələri də izah edilib. Heç bir təzyiqdən söhbət gedə bilməz.
Ortada görüntülər var. O hadisələrdə kimin nə dərəcədə iştirak etməsi göz önündədir, görüntülər var. Burada zorakılığa, güc tətbiqinə ehtiyac yoxdur", – E.Zahidov belə deyib. (azadlıq radiosu)