Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov Ermənistan tərəfinin son təxribatları ilə bağlı yerli radio kanallarına müsahibələr verib.
Arannews_Azərbaycanın Meksikadakı Səfirliyindən APA-ya verilən məlumata görə, çoxmilyonlu dinləyici kütləsinə malik “Radio Chapultepec” və “Noticias MVS” radio kanallarına müsahibələrində ilk olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və mahiyyəti haqda məlumat verən səfir Məmməd Talıbov, Ermənistan silahlı qüvvələrinin ölkəmizin Dağlıq Qarabağ və yeddi ətraf rayon olmaqla ərazisinin toplam beşdə birini işğal etdiyini, bu ərazilərdə kəskin milliyətçilik və rasizm təfəkkürü ilə davranaraq etnik təmizləmə həyata keçirdiyini və ölkə əhalisinin 10 faizini öz doğma torpaqlarından qovduğunu bildirib.
Münaqişəyə dair BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin bu ərazilərin dərhal azad edilməsini tələb etdiyini deyən M.Talıbov, bu sənədlərin qəbulundan 27 il keçməsinə rəğmən, Ermənistan tərəfinin həmin qətnamələrə məhəl qoymadığını qeyd edib.
12 iyul tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin növbəti dəfə atəşkəs rejimini pozaraq bu dəfə ordumuzun dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərinə qəfil hücumlar təşkil etdiyni, bu hücumların dəf edilməsi zamanı on bir nəfər hərbi qulluqçumuzun və bir nəfər mülkü şəxsin həlak olduğunu məlumat verib.
Ermənistan tərəfinin bu təxribatı öncədən planlaşdırılmış qaydada və məqsədli şəkildə törətdiyini vurğulayan səfir, təcavüzkar ölkənin dəfələrlə belə təxribatlara əl atdığını bildirib.
Diplomat daha sonra Ermənistan rəhbərliyinin belə təxribatlar törətməkdə məqsədinin öncəliklə dünya ictimaiyyətinin diqqətini işğal və etnik təmizləmə faktından yayındırmaq, habelə danışıqlar prosesinin format və mahiyyətini sabotaj etmək olduğunu vurğulayıb.
Son günlərdə isə Los-Anceles, Brüssel kimi şəhərlərdə yaşayan ermənilərin ölkəmizin diplomatik missiyalarına və mülki soydaşlarımıza qarşı vəhşicəsinə hücumlar etdiyini və bu zaman onlarla azərbaycanlının ciddi xəsarət aldığını deyən səfir, Ermənistan tərəfinin terror aktları törətmək keçmişini, bu xüsusda onlarla türk diplomatını qətlə yetirdiyini nəzərə aldıqda hazırkı durumun böyük narahatlıq doğurduğunu söyləyib.
Azərbaycanın regionun inkişafında müstəsna xidmətləri olduğunu, burada ölkəmizin təşəbbüsü ilə dünya miqyaslı enerji və infrastruktur layihələri həyata keçirildiyini məlumat verən səfir, regionda sülh və təhlükəsizliyə əsas təhdidin Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu olduğunu vurğulayıb.
Ardınca səfir Meksikanın beynəlxalq hüququn və ölkələrin ərazi bütövlüyü prinsipinin tərəfdarı olduğunu, beynəlxalq ictimaiyyətin digər üzvləri kimi BMT-nin dörd qətnaməsini dəstəklədiyini qeyd edib və bu mövqeyinə görə ev sahibi ölkəyə minnətdarlıq ifadə edib.
Son olaraq, günümüzdə hansısa bir ölkənin digərinin ərazisini işğal etməsi, hətta daha çox ərazi tutmaq iddiaları ilə yaşamasının qəbuledilməz olduğunu deyən səfir, Azərbaycan xalqının həm hökumətdən, həm də beynəlxalq ictimaiyyətdən doğma torpaqlarının azad edilməsini və oraya qayıtmağı tələb etdiyini, bunun insanlarımızın ən fundamental hüququ olduğunu və ölkəmizin öz ərazilərinin işğal altında qalmasına yol verməyəcəyini bildirib.