Arannews-Vetenugrunda.az bəyanatı olduğu kimi təqdim edir:
"Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, azadlığı bu ölkənin ən böyük və toxunulmaz sərvətidir. Uzun tarixi yol keçmiş xalqımız müstəqillik uğrunda qanlar və canlar verərək Azərbaycan adlı alınmaz bir qalanı inşa etmişdir. Dünəndən bu günə irs olaraq verilən müstəqillik gələcək üçün qorunub yaşadılmalıdır.
Son günlər mənfur düşmənin təxribatçı addımları yenə müstəqil və azad bir dövlətin ərazi bütövlüyünün təhdidinə səbəb oldu. Belə çətin anda bir yumruğa çevrilən xalqımız düşmənə layiqli cavab verməklə bərabər ordusunun, əsgərinin yanında olmağı bacardı.
Heç şübhəsiz ordumuza dəstək üçün küçələrə çıxan kütlənin coşqusu qürurvericidir. Onların simasında Azərbaycan xalqı bir daha milli və suveren azadlığın hər şeydən uca olduğunu nümayiş etdirdi. Baş tutan yürüşün milli ruha hesablanan nəticələrinə heç bir neqativ addım kölgə salan deyildi. İstər bu planlı, istərsə də təsadüfi olsun.
Təəssüf ki, orduya dəstək aksiyası sonradan bəzi qanunsuzluqları özündə ehtiva etdi. Bir qrup bunu hazırlanmış yüksək səviyyəli təxribat adlandırsa da, bəziləri onu üçüncü qüvvəyə bağladı. Hər bir halı ilə mövcud hal qəbul edilən deyildir və bu addım qınaq mərkəzindədir.
Məlum hadisələrlə bağlı onlarla insanın həpsi, o cümlədən bəzi KİV-lərdə Müsəlman Birliyi Hərəkatının da adı hallanınca, biz Hərəkat olaraq buna cavab verməyi özümüzə vəzifə bildik. Öncə qeyd edək ki, milli məfkurəni hədəfləyən Hərəkat milli təfəkkürə qarşı atılan hər bir addımı canı qanı ilə önləyir.
Bu fikri biz bundan öncə də dəfələrlə bildirmişik. Guya ixtişaş yaratmaqda adı hallanan dörd hərəkat üzvünə gəlincə bunu bildirək ki, onlardan yalnız ikisi MBH üzvüdür.
Digər iki şəxsin Hərəkatla heç bir bağlılığı yoxdur. Saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilmiş hərəkat üzvləri Kamil Mahmudov və Tural Vəliyev yürüşdə iştirak etsələr də nə Milli Məclis binası daxilində, nə də polislə qarşıdurmada heç bir görüntüləri qeydə alınmamışdır. Biz, bu gün də onların bu işlə heç bir əlaqəsi olmaması qənaətindəyik və belə düşünürük ki, bu addım Hərəkata qarşı növbəti hesablanmış təxribatdır.
Hər bir vətənsevər azərbaycanlı kimi adı çəkilən şəxslər də Şəhidlərimizin xatirəsini uca tutaraq, Qarabağa ədalət, orduya dəstək məqsədiylə yürüşdə iştirak etmişlər. Bununla belə MBH qanunsuzluğa yönələn, milli dəyərlərimizə ünvanlanan istənilən addımı qınayır və bunun qanun çərçivəsində qarşısının alınmasını tam məntiqli hesab edir. Və bu məsələdə günahsız həbs olunan hər bir ölkə vətəndaşının sərbəst buraxılacağına ümid bəsləyir.
Milli, dini məsələlərdə, xüsusən də Qarabağ mövzu olduqda təxribat törətməyə cəhd edən, ölkəmizin birliyinə, sabitliyinə bütövlüyünə xələl gətirən istənilən qüvvəyə qarşı öz etiraz səsini ucaldır! "
MBH idarə heyəti 26.07.2020"