Arannews-Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimov koronavirus yayma ittihamıyla həbs olunsa da, onda ümumiyyətlə, COVİD-19 infeksiyasının aşkarlanmadığı bildirilir. M.İbrahimovun vəkili Aqil Layıcın Meydan TV-yə veridiyi məlumata görə, bu barədə ona iyulun 31-də Penitensiar Xidmətin 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsindəki həkim deyib.
İyulun 22-də Xətai Rayon Məhkəməsində M.İbrahimov haqqında həbs-qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılandan sonra ailəsi və vəkilləri onun haqqında heç bir məlumat ala bilməyib. Bu müddətdə o, ailə üzvlərilə telefonla da danışa bilməyib. İyulun 27-də onun həbs qərarından verilən apelyasiya şikayətinə baxılsa da, özünü məhkəməyə gətirməyiblər. İyulun 31-də onun ailə üzvləri 3 saylı müəssisədə saxlanılan başqa bir məhkumun yaxınları vasitəsilə Mehdinin durumunun ağır olması haqda məlumat alıb.
M.İbrahimovun qohumları və vəkili Aqil Layıc bu məlumatı dəqiqləşdirmək məqsədilə 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə gedib. Amma yenə də hüquqlarını müdafiə etdiyi şəxslə nə görüşə bilib, nə də telefonla danışıb. Lakin müəssisənin həkimi ilə M.İbrahimovun durumu haqda danışa bilib.
“Çox gözlədik görüşək, amma nə fayda?! Nəhayət, məsul həkim çıxaraq bildirdi ki, Mehdi İbrahimov sağlamdır, əhvalı yaxşıdır, səhhətində problemlər yoxdu. Ən dəhşətlisi bilirsiniz nədir? Həkim qeyd etdi ki, Mehdi İbrahimovda ümumiyyətlə, COVİD-19 olmayıb, testin nəticəsi neqativ çıxıb, simptomları belə yoxdu. Sadəcə, İxtisaslaşdırılmış Müalicə Müəssisəsində karantində saxlanılır. Adamda virus olmaya-olmaya ona virusu yayma ittihamı verilib. Məhkəmələr onun barəsində həbs-qətimkan tədbiri seçib”, - deyə vəkil bildirib.
A.Layıc əlavə edib ki, müvəkkilinin müdafiə hüququnun pozulması, onun M.İbrahimovla görüşməsinə və telefonla danışmasına imkan verilməməsilə əlaqədar Ombudsman Aparatına da müraciət edib.
M.İbrahim Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsilə - koronavirus yaymaqda ittiham olunur. Ailə üzvləri isə bildirir ki, bu ittiham saxtadır, Mehdi virusa yoluxmayıb. Onu iyulun 15-də Qarabağa dəstə yürüşündə iştirakına görə saxlayıblar. Sonradan onu buraxmaq istəsələr də, AXCP funksioneri Məmməd İbrahimin oğlu olduğunu biləndə saxlamaq qərarına gəliblər. İyulun 20-də isə ona koronavirusu yayma ittihamı verilərək, barəsində cinayət işi başlanıb.
Ailə üzvləri onu vurğulayır ki, koronavirusa yoluxmuş olsaydı, M.İbrahimov məhkəməyə polislərlə eyni maşında, xüsusi geyim və başqa qoruyucu vasitələr olmadan gətirilməzdi.
M.İbrahimov futbol məşqçisidir. Ailəsi bildirir ki, atası və digər iki qardaşından fərqli olaraq, o, siyasətdən kənarda olub.