Tarix : 2020 Aug 03
Kod 60070

Mehdi İbrahimin vəkilinə görüş imkanı verilmir

"Mehdi İbrahimovla görüşə imkan verilmədi, Ombudsmanlıq isə həmişəki kimi yenə də effektsiz qaldı və sadəcə ora məlumat vermək üçün xərclənən enerjiyə heyfim gəlir.

Arannews-Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə AXCP RH üzvü olan atası Məmməd İbrahimə görə həbs edilmiş futbol məşqçisi Mehdi İbrahimovun vəkili Aqil Layıc məlumat verib:

"Mehdi İbrahimovla görüşə imkan verilmədi, Ombudsmanlıq isə həmişəki kimi yenə də effektsiz qaldı və sadəcə ora məlumat vermək üçün xərclənən enerjiyə heyfim gəlir.

Mehdi İbrahimovla görüşməyə imkan verməmək bir yana, telefon əlaqəsinə belə girə bilmədik. Çox gözlədik görüşək, amma nə fayda. Nəhayətində məsul həkim çıxaraq bildirdi ki, Mehdi İbrahimov sağlamdır, əhvalı yaxşıdır və səhhətində problemlər yoxdu. Ən dəhşətlisi bilirsiniz nədir?! Həkim qeyd etdi ki, Mehdi İbrahimovda ümumiyyətlə Covid19 olmayıb və testin nəticəsi neqativ çıxıb, simptomları belə yoxdu, sadəcə onu İxtisaslaşmış Müalicə Müəssisəsində (Tubzon) karantində saxlayırıq.

Dəhşətli olan bundan ibarətdir ki, adamda virus olmaya-olmaya virusu yaymaq ittihamı verilib və məhkəmələr onun barəsində həbs seçib".

Qeyd edək ki, iyulun 14-dən 15-nə keçən gecə Bakıda keçirilən Qarabağa dəstək yürüşünə görə saxlandığı deyilən fəallardan bir neçəsinə COVID-19 (koronavirus) infeksiyasını yayma ittihamı verilib. Onların arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Məhəmməd İmanlı, bu partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimov və digərləri var. M.İbrahimov Xətai Rayon Məhkəməsinə adi avtomobildə, heç bir xüsusi geyim olmadan gətirilib

Cinayət Məcəlləsinin 139-1.1 (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması – xəstəliyin yayılmasına səbəb olduqda) maddəsi ilə ittiham olunan bu şəxslər istintaq dövründə həbsdə qalacaqlar. İyulun 22-də Bakının müxtəlif rayon məhkəmələrində onların barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Bu adamların iyulun 15-dən Qarabağa dəstək yürüşünə görə saxlandığı barədə məlumatlar yayılsa da, cinayət işinin materiallarında onların iyulun 20-də paytaxtın müxtəlif yerlərində tutulduğu iddia olunur. Məsələn, Mehdi İbrahimovun iyulun 20-də axşam saat 21:00 radələrində Nobel prospekti-142 ünvanında saxlandığı göstərilib. İddiaya görə, həmin vaxt Mehdi SMS-icazə almadan evdən çıxıb, maska taxmayıb, sosial məsafəni gözləməyib, xəstəliyin yayılmasına şərait yaradıb. Bu üzdən Xətai rayonu, 37-ci polis bölməsinin əməkdaşları onu şübhəli şəxs qismində saxlayıb bölməyə gətiriblər.

Xatırladaq ki, oğlu Mehdi üçün yemək aparan keçmiş siyasi məhbus Məmməd İbrahim də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə),278.1-ci (hakimiyyəti zorla ələ keçirmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilib.

Nəsimi rayon Məhkəməsində hakim ramin Xəlilovun sədrliyi ilə baş tutan iclasda barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

  • Yazılıb
  • da (də) 2020 Aug 03
  • Göndərən جهان کمالی