Tarix : 2020 Aug 03
Kod 60071

Azərbaycan diasporu torpaqlarımız azad olunanadək mübarizəyə davam edəcək

İyulun 12-16-sı aralığında Tovuz istiqamətində ermənilərin törətdiyi təxribatlardan sonra bütün dünya azərbaycanlıları ayağa qalxdı. Müxtəlif ölkələrdə diaspor təşkilatlarımızın təşkilatçılığı ilə soydaşlarımız haqq səsimizi dünya ictimaiyyətinə çatdırmaq üçün etiraz aksiyaları keçirdi, sosial media üzərindən təbliğat apardı.

Arannews-Maraqlıdır diaspor nümayəndələri baş verən aksiyaları necə dəyərləndirir? Bundan sonra hansı addımlar atılacaq ?
Modern.az mövcud suallar ətrafında xarici ölkələrdə fəaliyyətdə olan diaspor nümayəndələri arasında sorğu keçirib:

“ABŞ-dakı icma üzvləri, yəhudi təşkilatları və digər diaspor nümayəndələri etiraz aksiyalarında bizim yanımızda oldular”


 



Azərbaycan Amerika Qadın Cəmiyyətinin və NyuYork Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabova ABŞ-da, Los-Ancelesdə ermənilərin etiraz aksiyası zamanı azərbaycanlılara hücum etməsinin əvvəlcədən də gözlənilən olduğunu bildirib:

“İyul ayının 12-də Tovuz istiqamətində Azərbaycan sərhədlərinə ermənilərin təcavüzü tək Azərbaycanda yox, bütün dünyada yaşayan soydaşlarımızın səbr kasasını doldurdu. İllərdir ki, biz bu cür təcavüzlə qarşılaşırıq. Amma bu dəfə Qarabağ yox, Tovuzda təxribatın olması, general mayor Polad Həşimovun da şəhid olmasından sonra dünya azərbaycanlılarında vətən eşqi, vətənə xidmət etmək eşqi bir daha artdı. Dünyanın hegemon ölkələrində təxribata qarşı etiraz aksiyaları təşkil edildi. Mənim müşahidələrimə görə bu etiraz aksiyaları əvvəlki illərə nisbətən daha mütəşəkkil oldu. Artıq bütün dünya azərbaycanlıları müharibənin bitməsini istəyir. Biz diaspor təşkilatları olaraq bütün dünyada ölkə başçımıza dəstək olmaq üçün ayağa qalxırıq. Bildiyiniz kimi ABŞ-ın bir neçə ştatında etiraz aksiyaları təşkil edildi. Bizim gənclərimiz artıq başa düşür ki, tarixi Azərbaycan torpaqları artıq geri qaytarılmalıdır, münaqişəyə son qoyulmalıdır. Dünya ictimaiyyəti, bu məsələyə cavabdeh olan beynəlxalq təşkilatların da soyuq yanaşma tərzi biz azərbaycanlıların səsimizi qaldırmağımıza səbəb oldu.
Daha Azərbaycan xalqı əvvəlki kimi deyil. Artıq biz öz sözümüzü istənilən təşkilata çatdıra bilirik. Məlum olduğu kimi Los-Ancelesdə sakit etiraz aksiyası keçirməyimizə rəğmən ermənilər tərəfindən zorakılıq törədildi. Onlar terror qrupu təşkilatına daxil olan, vaxtı ilə nasistlərlə iş birliyi quran xalqdır. Ona görə biz hər zaman düzgün mübarizə yox, arxadan zərbə gözləməliyik. ABŞ-da yaşayan digər icmaların nümayəndələri, yəhudi təşkilatları, türk diasporu da aksiyalar zamanı bizə dəstək oldular, ermənilərə qarşı etirazlarını bildirdilər. Biz ABŞ-da aidiyyatı qurumların hamısına daha öz səsimizi çatdırırıq. Bu aksiyalar, telefon zəngləri və eləcə də sosial media üzərindən həyata keçirilir.  Baş verən aksiyalar da göstərdi ki, bütün vətəndaşlarımız bir olmalıdır”.

“Türkiyədə müxtəlif dərnəklər könüllü olaraq erməni təxribatına qarşı etiraz aksiyası təşkil etdi”



Türkiyədə Azərbaycan Diaspor Təşkilatı-Gənc Azərbaycanlılar Dərnəyinin sədri Sənan Quliyev Türkiyədə diaspor təşkilatının aktivliyi nəticəsində təbii kordinasiya mərkəzinin formalaşdığını deyir:
“İndiyə kimi ermənilər bizdən yalnız lobbiçilik və diasporada güclü olublar. Amma bu dəfə onlar gördülər ki, Azərbaycanın yüz illərə dayanan lobbiçiliyi olmasa da amma layiqli cavabı verməyə qadirdir. Qısa müddət ərzində bizim diaspor çox güclənib və 12 iyul hadisələrindən sonra ermənilər də bundan qorxmağa başladılar. Azərbaycanlıların yaşadığı bir çox ölkələrdəki kimi Türkiyənin da əksər şəhərlərində fərqli şəkildə mitinqlər, açıq və bağlı tədbirlər təşkil edildi. Bu hərəkata həm tələbələr, həm iş adamları həm də burda yaşayan azərbaycanlı immiqrantlar da qoşuldu. Mən bu aktivliyi Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti ilə də bağlayıram. Çünki əvvələr belə kordinasiya, birgə hərəkət yox idi. Bu dəfə tək azərbaycanlılar yox, yerli türk dərnəkləri, QHT-lərin də təşəbbüsü ilə müxtəlif etiraz aksiyaları təşkil olundu və bu çox sevindirici haldır. İstər Bəyazid meydanında, istər Bakirköy meydanında türklər könüllü olaraq etiraz aksiyalarına qoşulurdular. Demək istədiyim odur ki, baxmayaraq ki, Türkiyədə kordinasiya mərkəzi qurulmayıb amma diaspor təşkilatının işlərinin nəticəsidir ki, belə təbii kordinasiya alındı. Bu da həqiqətin erməniləri qorxutmağa başladı və məcbur oldular ki, Sumqayıt hadisələri kimi provakasiya törədib azərbaycanlıları səhv hərəkət etməyə sövq etsinlər. Amma azərbaycanlılar bu təxribata uymadı və bunun bir çox ölkələrdə şahidi olduq. İstər Diasporla İş üzrə Dövlət Komitəsinin  fəaliyyəti, istərsə də daxildə və xaricdə azərbaycanlıların son zamanlar Qarabağ eşqi ilə alışıb-yanması bizə Qarabağın azadlığını daha da yaxınlaşdırır”.
“Belçikada aksiyalarda əsas yük gənclərinüzərinə düşdü”

Niderland Mədəniyyət Evinin mətbuat katibi, Azərbaycan, Niderland, Belçika kordinasiya şurasının üzvü Lalə Aydəmirova Belçika və Niderlandda gənclərin sosial media üzərindən də aktiv mübarizəyə qoşulduğunu deyir:
“Aksiyaları təşkil edəndə Niderland Türkiyə Mədəniyyət Cəmiyyəti, Benilüks Azərbaycanlılar Konqresi də bizə dəstək oldu. Bizim təşkil etdiyimiz mitinqlər çox sivil və sakit formada haqq səsimizi Niderland hakim dairələrinə, siyasətçilərinə çatdırmaq məqsədi daşıyırdı. Heyif ki, bu aksiyalar zamanı çaxnaşmalar oldu. Lakin soydaşlarımız bütün gücə ilə bizə dəstək idi. Bu dəfə güc xüsusilə gənclərə düşdü. Tək küçələrdə yox mediada da mübarizə davam edir. Gənclərimiz holland dilində, ingilis dilində erməni yalanlarını təkzib edir, Azərbaycan həqiqətlərini dünyaya çatdırırlar. Gənclərimizi də erməni zorakılığından uzaq durub onlara layiqli cavabı hüquqi çərçivədə verməyə çağırırıq. Biz diaspor təşkilatları olaraq bir neçə dəfə bəyanat verdik. Belçika polisinə, Belçika Avropa parlamentinə, Hollandiya polisinə, Hollandiya XİN-ə lazımi bəyanatlar göndərildi ki, ermənilərin burda törətdiyi qanunsuz əməllər, dinc vətəndaşlarımıza qarşı zorakılığının qarşısı alınsın.
Burda azərbaycanlılara qarşı münasibət çox gözəldir. Hollandlar bizim niyyət və istəklərimizi anlayırlar. Etiraz aksiyası da keçirəndə bizə hörmətlə yanaşdılar. Aksiyalarda türk diaspor təşkilatları da yanımızda idi. Hətta Belçikada bir türk qardaşımıza ermənilər xəsarət yetirmişdi. İşğal altında olan torpaqlarımızı geri qaytarmayanadək mübarizəmiz xüsusilə siyasi dairələrdə davam edəcək”.

“Polşada ermənilər Azərbaycan səfirliyinə yalnız kənardan baxa bildilər, onları yaxına buraxmadıq”

Polşada Azərbaycan Diaspor təşkilatının rəhbəri Fərid Cəfərli ermənilərin Polşada Azərbaycan Səfirliyi önündə təxribat yaratmaq istəyinin baş tutmadığını qeyd edib:
“Erməni təxribatına qarşı baş verən aksiyalarda biz milli birlik nümayiş etdirdik. Bu təkcə Polşada yox, dünyanın bir çox ölkələrində baş verdi.
Polşadakı digər diasporlarla bizim çox yaxşı münasibətimiz var. Sadəcə biz ermənilərin səfirliyimizin qarşısında toplaşacağını aksiyadan bir neçə saat öncə, gecə xəbər aldıq. Buna görə də digər ölkələrin diaspor təşkilatlarına bildirmədik. Burada əsasən Türk diasporundan söhbət gedir.
Gec saatlar olsa da, konsulla əlaqə saxladım. Bu barədə bildirdim və sosial şəbəkələrdə paylaşımlar edərək soydaşlarımızı aksiyanın qarşısını almaq üçün ermənilərdən 1 saat öncə səfirliyin qarşısına toplaşmağa səslədim. Tez bir vaxtda mesajımızı böyük kütləyə çatdıra bildik. Ermənilər səfirliyin qarşısına gəldikdə böyük bir izdihamla qarşılaşdılar. Daha doğrusu səfirliyə yalnız kənardan baxa bildilər. Yaxına gələ bilmədilər.
Sonra isə təxribat törətmək məqsədilə arxasında Azərbaycan bayrağı ilə dövrə vuran bir həmyerlimizin avtomobilinə hücum edib bayrağımızı götürməyə çalışdılar. Bunu gördükdə hər kəs onların üstünə yeridi, bayrağımızı götürməyə icazə vermədik. Polis gözyaşardıcı qazdan istifadə edərək baş verə biləcək qarşıdurmanın qarşısını aldı. Nəticədə ermənilər məqsədlərinə çata bilməyib səfirliyimizə yalnız uzaqdan baxmaqla kifayətləndilər. Onlar dağılışdıqdan sonra belə soydaşlarımız hələ də səfirliyimizin qarşısında dayanmışdılar. Hazırda vəziyyət stabildir. İstənilən təxribata yönəlik addımda düşmənə layiqincə cavab verməyə hazırıq. Haqlı tərəf olduğumuz üçün yerli əhalinin və digər diaspor təşkilatlarının bizə qarşı münasibəti də normaldır. Onlar bizim haqlı mübarizəmizdən xəbərdardırlar”.

“Rusiyada etiraz aksiyası keçirməyə icazə olmasa da haqlı mövqeyimizi çatdırmaq üçün bütün lazımlı tədbirlər görülür”

Moskva Azərbaycan İcmasının sədri Şamil Tağıyev Rusiyada azərbaycanlılar və ermənilər arasında olan qarşıdurmanın digər ölkələrə nisbətdə daha güclü olduğunu diqqətə çatdırıb:
“Məlum olduğu kimi Tovuz istiqamətindəki hadisələr baş verəndən sonra nəinki Rusiyada bütün dünyada ermənilər və azərbaycanlılar arasında qarşıdurmalar yaşandı. Amma kadrlardan da görünür ki, bu qarşıdurma Rusiyada daha şiddətlidi və kütləvi xarakter almışdı. Rusiya tarixində ilk dəfə idi ki, iki millət arasında bu şəkildə qarşıdurmalar yaşanrədı. İndi amma vəziyyət sakitləşib, heç bir kütləvi davalar baş vermir. Ermənilərlə əlbəyaxa olan vətəndaşlarımızdan saxlanılanlar var. Bizdə olan son məlumata əsasən hazırda 11 nəfər soydaşımız polis nəzarəti altındadır.
Diasporun bu istiqamətdə gördüyü iş istintaqın hər iki tərəf üçün düzgün aparılmasıdır. Hüquqi tərəfdən həm saxlanılan soydaşlarımıza həm də onların ailələrinə dəstək olmağa çalışırıq. Amma  Rusiyada hansısa mitinq ya piket keçirilməsi mümkün deyil. Çünki Rusiya hökumətinin bu barədə qəti mövqeyi var. Bu səbəbdən disapor təşkilatı olaraq press-konfranslar keçiririk. Burda öz mövqeyimizi bütün Rusiya ictimaiyyətinə aydın şəkildə çatdırırıq”.

“İspaniyada erməni təxribatlarına qarşı olan aksiyaya tək azərbaycanlılar yox, yerli əhali də qoşulmuşdu”


Barselonadakı Azərbaycan Cəmiyyətinin sədri Kərim Kərimov Barselonada etiraz aksiyalarına müxtəlif xalqların nümayəndələrinin qatıldığını bildirib:
“Barselonadakı Azərbaycanlılar Cəmiyyəti” (ASB) və “Barselona Azərbaycan Evi” (CasaAzerbaiyan) tərəfindən təşkil edilən icazəli dinc aksiyada təkcə azərbaycanlilar yox, həm də Argentina, Boliviya, İspaniya, İrlandiya, Qazaxıstan və Azərbaycandan olan Barselona sakinləri iştirak etdilər. İştirakçılar Ermənistan dövlətini beynəlxalq hüquqa əməl etməyə və işğal olunmuş Azərbaycan torpaqlarını ən qısa zamanda tərk etməyə çağırdılar. İndi də biz səsimizi sosial şəbəkələr vasitəsilə dünyaya çatdırmağa çalışırıq. İspaniyada yaşayan azərbaycanlılar Azərbaycan reallığını dünyaya təqdim etməkdən əl çəkən deyil. İşğal olunmuş torpaqlarımız geri qayıtmayanadək mübarizəmiz davam edəcək”.

  • Yazılıb
  • da (də) 2020 Aug 03
  • Göndərən جهان کمالی