Azərbaycanda məscidlərin qapalı olması və Məhərrəm ayı mərasimlərinin keçirilməsi qadağasına etiraz edən inanclıların həbs olunduğu bildirilir.
Arannews-Bu barədə polisə çağırılan inanclılar redaksiyamıza məlumat verib.
Məlumatda vurğulanır ki, Şəmkir rayonundan olan Ayxan Camalov və Eldar Məmmədov adlı iki inanclı 25 sutka müddətinə inzibati qaydada həbs olunub.
Bərdə rayonunda keçmiş siyasi məhbus Elşən Abbasov qısa söhbət üçün polis idarəsinə dəvət edilib, lakin ordan buraxılmayıb. Yaxınlarına deyilib ki, ona 30 sutka müddətinə inzibati qaydada həbs verilib.
Elşən Abbasov Müsəlman Birliyi Hərəkatının üzvüdür və qısa müddət öncə həbsdən çıxıb.
Lənkəran rayonundan 8 nəfər polis idarəsinə aparılıb. Onlardan 7 nəfər həmin gün buraxılsa da, ilahiyyatçı seyid Cavid Miriyev 10 günlük həbs cəzası alıb.
Beyləqan rayonunda isə 20 nəfər inanclının saxlanıldığı, daha sonra cərimələnərək sərbəst buraxıldıqları diqqətə çatdırılır.
Gəncə şəhərində isə 6 nəfərin Polis İdarəsində dindirildikləri və daha sonra sərbəst buraxıldıqları ifadə olunur.
Yevlaxda isə Qəzənfər Fərdi adlı inanclının 15 sutka müddətinə inzibati qaydada həbs olunduğu verilən məlumatda vurğulanıb.