Təqdim edəcəyimiz yazı ustad və böyük arif Ayətullah Səadətpərvərin kəlamında İmama (ə) ağlamağın təsirləri haqdadır.
Arannews-islamazeri.com yazını təqdim edirik:
"Seyyidüş-şühədaya (ə) ağlamağın fəziləti barədə çoxlu rəvayətlər vardır. Onlardan bir neçəsini qeyd edirik:
1. Bir neçə rəvayətdə gəlmişdir ki, imam Hüseyn (ə) buyurur:
"Mən göz yaşlarının öldürdüyüyəm". ("Kamil əl-ziyarat", səh. 108, bab. 36, hədis 1.)
2. İmam Sadiq (ə) buyurur:
"Əmirəl-möminin Əli (ə) öz oğlu Hüseynə baxıb buyurdu: "Ey möminlərin göz yaşı!" ("Kamil əl-ziyarat", səh. 108, bab. 36, hədis 3.)
3. İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, Hüseyn ibn Əli (ə) belə buyurdu:
"Mən göz yaşlarının öldürdüyüyəm. Elə bir mömin yoxdur ki, məni xatırladıqda göz yaşları axmasın". ("Kamil əl-ziyarat", səh. 108, bab. 36, hədis 6.)
4. Digər bir rəvayətdə imam Sadiqdən (ə) nəql olunmuşdur ki, Hüseyn ibn Əli (ə) belə buyurdu:
"Mən göz yaşlarının öldürdüyüyəm. Elə bir mömin yoxdur ki, məni xatırladıqda ağlamasın". ("Kamil əl-ziyarat", səh. 109.)
Bu hədislərin izahında deyilmişdir ki, Osman qətlə yetirildikdən sonra imam Əlinin (ə) düşmənlərinin göstərişi ilə camaat məclislər təşkil edir və Osmanın ölümünə ağlayırdılar. Düşmən bu vasitə ilə Əlini (ə) tanımayanların ürəyində kin yaradırdı. Bu hərəkət əhli-beytə (ə) hörmətsizliklər olunmasına, nəhayət, Seyyidüş-şühədanın (ə)öldürülməsinə gətirib çıxartdı. Ona görə də imam (ə) buyurur: "Mən göz yaşlarının öldürdüyüyəm".
Aşura günü həzrətin düşmənlərinin dediyi bu söz izahımızın sübutu ola bilər:
"Atana qarşı olan düşmənlik və kin üzündən, Bədr və Hüneyn günü ata-babalarımızla etdiyinə görə səninlə döyüşürük". ("Zəriə əl-nicat", səh. 134.)
Yenə "Ərbəin" ziyarətində gəlib:
"Salam olsun dünyanın ən çətin bəlalarına düçar olmuş və göz yaşları şəhidinə!" ("Misbah əl-mutəhəccid", səh. 730.)
"Ərəfə" ziyarətində gəlib:
"Salam olsun sənə, ey tökülən göz yaşlarının şəhidi!" ("İqbal əl-əmal", səh. 333.)
Lakin, rəvayətin başqa məna verməsi də mümkündür. Çünki birincisi; "əbərə" sözünün lüğətdə müxtəlif mənaları vardır:
1. Göz yaşı. 2. Gözdə həlqələnmuş yaş, axmağa başlamazdan qabaq. 3. Göz yaşının axması. 4. Səs olmadan göz yaşının süzülməsi (səssiz ağlamaq). 5. Ağlamaq halının sinədə saxlanılması. 6. Ağlamaq olmadan hüzn və narahatlıq.
"Qətil" sözü "məqtul" mənasına da işlənmişdir.
İkincisi; ağlamaq ya qarşı tərəfdə rəhm yaratmaq üçündür (necə ki, uşaq ağlamağı ilə anasında ona qarşı rəhm yaradır), ya da ağlamağın mənşəyi rəhmət sifətidir. Bu da Allahın bariz sifətlərindəndir ki, onun aşkar olması ilə həmişə ictimai ünsiyyət mövcud olmuşdur. Ona görə də Mütəal Allah göndərdiyi hər bir rəsuluna bariz rəhmət sifəti vermişdir.
"Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik". ("Ənbiya" surəsi, ayə 107.)
Zülm, sitəm və günah cahiliyyət zamanından Seyyidüş-şühədanın (ə) zamanına kimi özünün ən yüksək həddinə çatdı və rəhmət sifəti tamamilə unuduldu. Belə ki, Ümmü Gülsüm (ə) xütbəsində deyir:
"Rəhmət sizin ürəklərinizdən çıxmışdır". ("Bihar əl-ənvar", c. 45, səh. 115.)
Seyyidüş-şühəda (ə): "Mən göz yaşlarının öldürdüyüyəm"- ifadəsi ilə demək istəyir ki, mən öldürüldüm ki, mənim matəmimdə ağlamaqla bu sifət aşkar olsun və nəticədə Allahın rəhməti ümmətin halına şamil olsun.
Sözümüzün sübutu imam Sadiqin (ə) kəlamıdır. İmam (ə) buyurur:
"Həmd olsun Allaha ki, Öz rəhməti ilə bizi məxluqlarından üstün qərar verdi və Öz rəhmətini biz əhli-beytə (ə) məxsus etdi. ... Və hər kəs rəhmət üzündən bizə və bizim başımıza gələnlərə ağlasa, gözündən yaş axmazdan qabaq Allahın rəhməti ona şamil olar. Əgər onun göz yaşından bir damla Cəhənnəmə düşsə, onun odunu söndürər, hətta heç bir istiliyi qalmaz". ("Kamil əl-ziyarat", səh. 101, bab. 32, hədis 6.)
Bu hədis, "Mən göz yaşlarının öldürdüyüyəm" və ona oxşar hədisləri şərh edir. Çünki bu sifətin aşkar olması bəyənilən olmasından əlavə, hər kəs rəhmət sifətini gözəl şəkildə büruz edə bilsə, Allah sonsuz rəhmətini ona şamil edər. Belə ki, onun bütün günahları bağışlanar.
5. İmam Sadiq (ə) buyurur:
"O kəsin ki, yanında biz əhli-beytin (ə) adı çəkilər və gözündən yaş axarsa, hətta əgər ağcaqanadın qanadı qədər olsa belə, günahları bağışlanar. Hətta əgər bu günahlar dənizlərin dibi qədər olsa belə". ("Kamil əl-ziyarat", səh. 103, bab. 32, hədis 8.)
6. İmam Baqir (ə) buyurur: "Əliyyibnil Hüseyn (ə) dəfələrlər buyurardı:
"Hər mömin imam Hüseynin (ə) öldürülməsinə bir damla göz yaşı yanağına axıtsa, Allah ona behiştdə uca binalarda yer verər və müddətlərcə orada yaşayar. Hər möminə dünyada bizim düşmənlərimizdən bir əziyyət ona yetişsə və onun gözündən bir damla yaş yanağına axsa, Allah ona behiştdə Sidq mənzilində yer verər. Hər möminə bizə xatir bir əziyyət olsa və onun ağrısından gözündən yaş axsa və yanağına süzsə, Allah Qiyamət günü əzabı onun üzündən qaytarar, Öz qəzəbindən və oddan amanda qalar". ("Kamil əl-ziyarat", səh. 100, bab. 32, hədis 1.)
Rəvayətdə diqqəti çəkən məsələ budur ki, həzrət hədisin birinci hissəsində buyurur: "liqətlil-Huseyn" (imam Hüseynin (ə) öldürülməsinə görə), digər bir yerdə isə "fina" (bizdə). Bu da o deməkdir ki, yəni həm zahiri, həm də həqiqi ağlamaq hər ikisi qəbul edilmişdir və savabı vardır. Amma "ləna" (bizə xatir), "fina" arasında fərq var. Çünki, "ləna", yəni "lima vərədə ələyna" (bizə gəlib), ya "lidərkis-səvab", (savabın yetişməsi üçün), amma "fina", yəni "fi məhəbbətina" (bizim məhəbbətimizdə). Ona görə də birincinin nəticəsi behiştin zahiri nemətləridir. Necə ki, buyurur: "Allah ona behiştdə uca binalarda yer verər".
İkinci fayda batini və mənəvi nemətlər, Allahın qəzəbindən və Cəhənnəm odundan amanda qalmaqdır. Necə ki, buyurur: "Allah ona behiştdə Sidq mənzilində yer verər", yaxud buyurur: "Allah Qiyamət günü əzabı onun üzündən qaytarar, Öz qəzəbindən və oddan amanda qalar".
Bu iki "ağlamaq" arasındakı fərqin mənasını imam Sadiqin (ə) bəndələr arasında qoyduğu fərqdən də başa düşmək mümkündür.
"İbadət edənlər üç dəstədir: bir dəstə Allaha cəhənnəm əzabı qorxusundan ibadət edir - bu qulların ibadətidir; başqa bir dəstə isə Allaha behişt tamahı ilə ibadət edir - bu muzdurların ibadətidir; üçüncü dəstə isə Allaha məhəbbət və eşq səbəbindən ibadət edir - bu azad insanların ibadətidir və ən yaxşı ibadətdir". ("Vəsail əl-şiə", c. 1, səh. 45.)
Həqiqətdən zahiri ağlamaq "ləna", cəhənnəm odunun qorxusundan, yaxud axirət savabı qazanmaq üçün olan ağlamaqdır. Amma həqiqi ağlamaq olan "fina" azad insanların və Həzrət Həqqi Subhana olan eşq və sevgidən olan ağlamaqdır."