Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarınının Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il keçir
Arannews-islamazeri.com xatırladır ki, 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarını işğal ediblər.
Hər iki rayonun işğalı Azərbaycan iqtisadiyyatına 9 milyard dollara yaxın ziyan vurub. İşğal nəticəsində insanlar öz ata-baba yurdlarından didərgin düşüblər, onların şəxsi mülkləri talan olunub, Azərbaycanın tarixi memarlıq abidələri məhv edilib.
Füzuli rayonu ərazisində yerləşən, qədim dövrün mədəni abidələri kimi UNESCO-nun dünya irsi siyahısına düşən Azıx və Tağlar mağaraları ermənilər tərəfindən dağıdılıb. Azıxda aşkar olunan maddi-mədəniyyət nümunələri 1981-ci ildə Parisin İnsan Muzeyində “Avropanın ilk sakinləri” adlı sərgidə nümayiş etdirilib.
Düşmən tərəfindən Füzuli rayonundakı uzunömürlü təbiət abidələri – Şərq çinarları da tamamilə məhv edilib, Ərgünəş meşəsində 500 hektar ərazi yandırılıb. Füzuli aqrar rayonu olduğundan işğal nəticəsində dəyən ziyan milyardlarla manat ölçülür.
Cəbrayılda da üzümçülük, taxılçılıq, baramaçılıq, heyvandarlıq inkişaf etmiş sahələr olduğuna görə dəyən ziyanın həcmi böyükdür. Bu rayonda 14 mindən çox daşınmaz əmlak, 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altındadır.
Ermənilər Cəbrayıl rayonunun da mühüm əhəmiyyətə malik tarixi memarlıq abidələrini, yeraltı sərvətlərini, zəngin su mənbələrini dağıdaraq məhv edib, meşələri yandırıb, bu yurdun rəmzinə çevrilən Xan çinarları kəsiblər. Hər iki rayon ağır döyüşlərdə minlərlə şəhid verib. Füzuli rayonundan 8, Cəbrayıl rayonundan isə 6 nəfər erməni işğalçılarına qarşı döyüşlərdə göstərdikləri igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.