Tarix : 2020 Sep 08
Kod 60219

Sionist rejiminin tələsi; Ermənistanın strateji səhvinin davamı

“Armenpres” və digər xəbər mənbələrinə, habelə təsdiqini tapmış məlumatlara əsasən, Ermənistanın işğal edilmiş Fələstin ərazilərinə səfir göndərməsinə etirazlara və bunun mənfi nəticələri barədə xəbərdarlıqlara baxmayaraq, Ermənistan səfiri Armen Sambatyan Təl-Əvivə yollanıb və sionist rejiminin “Global” qəzetinə açıqlama verib.
AranNews – iuvmpress.com xəbər verir ki :Ortaya çıxan əsas sual budur ki, Ermənistan rəsmiləri bu təhlükəli qərarın və öz xəyanətlərinin həqiqi bahasının nə olduğunu bilirlərmi? Bundan daha önəmlisi, İran İslam Respublikasının reaksiyasını necə dəyərləndirirlər?
Ermənistanın siyasi durmuna, saysız iqtisadi və coğrafi problemlərinə diqqət etdikdə, əmin olmaq olar ki, belə bir ölkə xaosla dolu Qafqaz məntəqəsində elə də çox seçimə sahib deyil. Ermənistan hökumətinin geopolitik problemlərə diqqət etməklə qonşu ölkələrlə əlaqələrinin necəliyini çox yaxşı görmək olar. Gündəlik çəkişmələr və Azərbaycan Respublikası ilə Qarabağa görə “nə sülh, nə müharibə” vəziyyətində dayanması, Gürcüstanla zəif münasibətləri, İranla son həddə zəif olan əlaqələri, digər qonşusu Türkiyə ilə (əsasən Azərbaycan Respublikasının torpaqlarının 20 faizini işğal etdiyi üçün) münasibətlərin kəsilməsi, Ermənistanın böhranlı durmunu açıq-aydın göstərir. Coğrafi çıxılmaz vəziyyətə düşdüyü belə bir vaxtda Ermənistan xarici münasibətlərində və özünün həm Qafqazda, həm də ondan qıraqda dost-düşmənini ayırd etməkdə çox diqqətli və düzgün addım atmalıdır. Şübhəsiz, bu ölkənin xarici arenada əlaqə və münasibətlərində səhv etməsi ona çox baha başa gələcək.
Qafqaz məsələləri üzrə ekspertlərin təhlilinə əsasən, Ermənistan hökumətinin sionist rejimi ilə münasibətləri genişləndirmək və işğal edilmiş Fələstində səfirlik açmaq istəkləri bu ölkə rəhbərlərinin strateji səhvlərindən sayılır. Məlumdur ki, Ermənistanın səriştəsiz və təzə hakimiyyətə gəlmiş rəhbərlərinin bu səhv qərarı Amerika və sionist rejiminin təşviqi ilə baş tutmuşdur. İqtisadi problemlərin həlli və yeni texnologiya ilə təmin edilməsi barədə verilən vədlər Ermənistan hökumətini aldatmışdır. Təəssüf olsun ki, Ermənistan hakimiyyətinin yeni komandası qərbyönümlü siyasət aparmaqla sionist rejiminin Qafqaz regionundakı həqiqi məqsəd və niyyətlərini düzgün anlamır, bilərəkdən, yaxud bilmədən sionist rejiminin İran İslam Respublikası coğrafi sərhədlərində siyasi-təhlükəsizlik və strateji nüfuzunu genişləndirmək istiqamətindəki maraqlarına xidmət edir. Şübhəsiz, hal-hazırda Ermənistan hökumətinin vasitəçiliyi və şərait yaratması ilə həyata keçməkdə olan sionist rejiminin Qafqazda hüzurunun artması mövcud fəal münaqişələrin, o cümlədən Qarabağ konfliktinin daha da mürəkkəbləşməsinə, məntəqədə siyasi, hərbi və təhlükəsizlik gərginliklərinin artmasına səbəb olacaq.
Sionist rejiminin İranın qonşuları ilə münasibətləri genişləndirmək istiqamətində atdıqları addımların hamısı –hal-hazırda bunu Birləşmiş Ərəb Əmirliklərinin sionist rejimi ilə münasibət qurması üçün son addımında, Ermənistan hökumətinin işğal edilmiş Fələstinə səfir göndərmək qərarında və bu rejimlə münasibətləri genişləndirmək niyyətində olduğunda görürük–cənub və şimal sərhədlərdə İranın milli maraqlarına zərbə vurmaq üçün yeni plan sayılır. Məlumdur ki, sionist rejimi bu istiqamətdə İranın digər qonşuları ilə də münasibətlər qurmaq və genişləndirmək, təyin edilmiş strategiyanı təkmilləşdirmək planlarını bərk izləyir.
Bu təhlil və izaha əsasən, heç bir şübhə qalmır ki, Ermənistan hökuməti İranın bir nömrəli düşməni olan sionist rejiminin Qafqazda oyununu təkmilləşdirmək məqsədilə rol ifa edir və bu rejimlə əməkdaşlıq edir. Aydındır ki, Ermənistanın İran və sionist rejimi arasındakı çəkişməyə daxil olması bu ölkənin maraqlarına çoxlu zərərlər vuracaq. Sözsüz, İranın səbr və dözümünün bir həddi vardır, şimal darvazasında yerləşən qonşusunun xəyanətinə dözməyəcək. Ermənistan və sionist rejimi arasında münasibətlərin genişlənməsi, bunun İranın təhlükəsizlik və milli maraqları ilə birbaşa əlaqəsi üzündən yaranan həssaslıq tələb edir ki, onun bu hərəkətlərinə cavab verilsin. Bunun üçün İranın masa üzərində çoxlu variantları vardır və onları həyata keçirməklə Ermənistan hökumətinə qarşı ağır durum yarada bilər və bu onun üçün sionist rejimi ilə münasibətləri genişləndirməsindən əldə etdiyi imtiyazlardan daha baha başa gələ bilər və Paşinyan hökumətini peşman edər.
Ümumi olaraq demək olar ki, Ermənistanın işğal edilmiş Fələstində səfirlik açması və bu rejimlə münasibətləri genişləndirməsi strateji bir səhvdir və bu hökumət üçün elə də uğur gətirməyəcək. İran kimi böyük qonşu bir ölkənin faydalarından məhrum olmaq üzərindən asanlıqla keçilməsi mümkün olmayan bir mövzudur. Ermənistanın sionist rejimi ilə münasibətləri genişləndirmək məsələsində rəftarının dəyişməyəcəyi təqdirdə böhran yaşayan bu kiçik ölkə daha artıq problemlərlə üzləşəcək.
Həsən Səmədzadə

 
  • Yazılıb
  • da (də) 2020 Sep 08
  • Göndərən جهان کمالی