Tarix : 2020 Sep 12
Kod 60236

Əli Kərimli: “İctimaiyyət Tofiq Yaqublunun azadlığa buraxılması üçün birləşməlidir”

Sentyabrın 11-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli həbsdə olan siyasətçi Tofiq Yaqubluya həmrəylik əlaməti olaraq Müsavat Partiyasının qərargahında aclıq edənlərə baş çəkib.

“Arannews-Tofiq Yaqublu aclıq etməklə xalqımızı sınağa çəkir. O, millət üçün hər şey edib. Azərbaycanın azadlıq mübarizəsinə qoşulub. Qarabağda illərlə savaşıb. İki dəfə Milli Qəhrəman adına təqdim edilib. Sonra Azərbaycanda demokratiya uğrunda mübarizənin ön cəbhəsində olub. Tofiq Yaqublu bütün sınaqlardan çıxmış qəhrəman, fədəkar, igid bir övladdır. İndi o ,növbəti ağır sınağı zamanı xalqına üz tutub”, - Ə.Kərimli deyib.

O qeyd edib ki, T. Yaqublunun müdafiəsi üçün çoxsaylı etiraz aksiyaları keçirilir.

“Hamı repressiyaya etiraz edir. Hökumət və İlham Əliyev bunu anlamalıdır”, - o deyib.

AXCP lideri qeyd edib ki, Müsavat Partiyasının mənzil-qərargahında keçirilən və  jurnalist Əfqan Muxtarlının Berlində təşkil etdiyi aclıq aksiyaları cəmiyyətə bir mesajdır-ədalətsizliyə qarşı etiraz etmək lazımdır.

Ə.Kərimli T.Yaqublunun və Qarabağ müharibəsinin digər iştirakçılarının həbsxanalarda saxlanmasının yolverilməz olduğunu bildirib. “Müharibə başlayarsa, bu adamlar yenidən Vətənin müdafiəsinə qalxacaqlar. Vətən sevgisinə görə insanları məhv etmək olmaz”, -Ə. Kərimli bildirib.

AXCP sədri ölkədə bütün insanların ayrı-ayrılıqda mübarizə apardığını desə də hesab edir ki, bu mübarizə hələ də yetərli deyil. Ona görə də Ə.Kərimli azadlıq tərəfdarlarını birləşməyə çağırıb. Beynəlxalq demokratik ictimaiyyət Azərbaycanda azadlıqsevər vətəndaşların məhvinə biganə qalmamalıdır, -Ə. Kərimli qeyd edib.

Xatırladaq ki, sentyabrın 3-də Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu 4 il, 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, etiraz olaraq aclıq aksiyasına başlayıb, 10 gündür aksiya davam edir.

Beynəlxalq təşkilatlar hökmü pisləyiblər. Beynəlxalq Amnistiya təşkilatı  onu “vicdan məhbusu” kimi tanıyıb.

 

Turan.az

  • Yazılıb
  • da (də) 2020 Sep 12
  • Göndərən جهان کمالی