Azərbaycanda fəaliyyət göstərən bir qrup qeyri-hökumət təşkilatı ATƏT-in Minsk Qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ), İqor Popova (Rusiya) və beynəlxalq təşkilatlara Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə Ermənistan tərəfindən erməni əhalisinin qanunsuz köçürülməsi hallarına dair müraciət ünvanlayıb.
Arannews-APA-nın xəbərinıə görə, müraciətdə deyilir: “Müşahidələrimizə görə, Ermənistan bəzi Yaxın Şərq ölkələrindən erməni əhalisini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri olan Dağlıq Qarabağa və ətraf rayonlarına qanunsuz köçürməyə cəhd edir.
İşğal altında olan Dağlıq Qarabağda və ətraf rayonlarımızda təcavüzkar Ermənistanın qanunsuz fəaliyyətləri və məskunlaşma siyasəti bir çox Azərbaycan QHT-ləri arasında müzakirə olunur və bu, beynəlxalq təşkilatlara müraciət etməyimizə qərar verməyə səbəb oldu.
Bu bölgədəki vəziyyətdən iyrənc məqsədlər üçün istifadə edərək, Ermənistanın bəzi Orta Şərq ölkələrindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri olan Dağlıq Qarabağ və ətraf rayonlarına erməni əhalisini qeyri-qanuni köçürməyə cəhd etməsi ilk dəfə deyil. Bu proses Çar Rusiyası dövründən başlamış, bolşevik-sovet dövründə sürətlənmiş və bu gün də davam etməkdədir.
Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşma faktı, ATƏT-in 2005-ci il fakt-araşdırıcı missiyasının hesabatlarında da qeyd olunur. ATƏT işğal olunmuş torpaqlara iki dəfə fakt araşdırma missiyası göndərib və bu hesabatlar ermənilərin Qarabağa qanunsuz mütəşəkkil qaydada köçürülməsini bir daha təsdiqləyib. Bundan əlavə, tarixi və dini abidələrimizin əksəriyyəti Ermənistan tərəfindən məhv edilmişdir. Məscidlərimiz, məzarlıqlarımız və muzeylərimiz dağıdılır. Azərbaycan isə Bakıda bir erməni kilsəsini bərpa etdi və bu kilsədə 5000-dən çox erməni dilində kitab saxlanılır. Onların hərəkətləri və bizim münasibətimiz arasında fərq də məhz budur.
Əlbəttə ki, Ermənistanın bu hərəkətləri beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının və əlavə protokollarının kobud şəkildə pozulmasıdır. İşğalçı Ermənistanın məqsədi bu torpaqlarda ermənilərin sayını süni şəkildə artırmaq, ərazilərin etnik və mədəni xüsusiyyətlərini dəyişdirmək və bununla da ilhaq siyasətini həyata keçirməkdir. Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətini tənzimləyən Roma Statutuna görə, bu, həm də hərbi cinayətdir”.
Müraciətdə qeyd olunur ki, bu həqiqəti yalnız Azərbaycan tərəfi qaldırmır: “Erməni əsilli Ani Meljumyanın beynəlxalq analitik platforma olan Euriasianet.org saytında yazdığı məqaləyə əsasən, Beyrutda baş verən dağıdıcı partlayışdan sonra, Ermənistan hökuməti Livandakı etnik ermənilərin Ermənistan və Dağlıq Qarabağa mühacirət etmələrinə kömək üçün bir yardım paketi hazırlayıb. 1300-dən çox Livan ermənisi 2 sentyabr tarixinə qədər Ermənistana və Qarabağa köçürüldü. Ermənilərin Diaspor məsələləri üzrə Baş Komissarı Zareh Sinanyan Ermənistanın “Hetq” xəbər saytına verdiyi açıqlamada 850 nəfərin daimi əsaslarla köçürüldüyünü söyləyib.
1 sentyabr 2020-ci il tarixində Ermənistan hökuməti Livandan köçürülənlərə yardım üçün bir yardım planını həyata keçirməyə başladı. Paketə səhiyyə, təhsil və sosial yardım və mənzillə təmin etmə dəstəyinin daxil olduğu bildirilib.
Separatçıların “lideri” Arayik Harutyunyana görə, daha bir neçə Livan-erməni ailəsi Dağlıq Qarabağa köçüb. Ermənistan hökuməti köçürülməyə kömək üçün humanitar fonddan 25 milyon dram (50 min ABŞ dolları) və daha sonra əlavə olaraq 17 milyon dram (35 min ABŞ dolları) ayırıb. Azərbaycan dövləti beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan Dağlıq Qarabağ bölgəsinə ermənilərin köçürülməsinə rəsmən etiraz etdi.
Ermənistan hökuməti tərəfindən mütəmadi olaraq qeyri-qanuni köçürülmə faktları, Qarabağa köçürülən erməni əsilli miqrant ailələri tərəfindən də sübut olunur. Bu ailələr Ermənistan Respublikası tərəfindən təşkil olunmuş şəkildə Qarabağa köçürülməsinin tamamilə qanunsuz olduğunu və bütün əlaqədar beynəlxalq humanitar hüquq qaydalarına zidd olduğu barədə bəlkə də məlumatlı deyil. Bu video keçiddən bunu müşahidə etmək mümkündür: https://www.youtube.com/watch?v=Smk4GN2qmz0&feature=emb_title
Biz, aşağıda imza atan bir sıra Azərbaycan QHT-ləri, beynəlxalq ictimaiyyətə müraciət edərək, onun bu qanunsuz proseslərə, beynəlxalq humanitar hüququn pozulması hallarına və Ermənistan Respublikası tərəfindən hərbi cinayətlərin törədilməsinə biganə qalmamasını tələb edirik. ATƏT-in Minsk Qrupunun həmsədrləri, ermənilərin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə Ermənistan tərəfindən mütəşəkkil qaydada qanunsuz köçürülməsi prosesinə dərhal reaksiya göstərməsini tələb edirik”.
Müraciəti 20 QHT rəhbəri imzalayıb.