Tarix : 2020 Sep 16
Kod 60253

Xiyabaninin çıxışları; İran və Azərbaycanın iftixar sənədi

Şeyx Məhəmməd Xiyabaninin mübarizələri haqda araşdırma aparan təbrizli tarixşünas Camalpur onun mübarizə meydanına təqdim etdiyi mədəni fəaliyyətlərindən söz açaraq deyir: “Şeyx qiyamının başlanğıcında “Təcəddüd” qəzetinin çapdan çıxmasına təşəbbüs göstərdi.”
AranNews – İran və Azərbaycanın siyasi tarixi çox mürəkkəb və eyni halda tarixin ən şirin səhifələrindən sayılır. Yadların ölkəni parçalamaq üçün təlaşları, hökumətlərin tağutdan asılılığı, İranın müxtəlif bölgələrinin xalqlarının, xüsusilə də Azərbaycan əhalisinin müqaviməti ibrətli hekayələr yaratmışdır. Səttarxan və Baqirxan kimi dilavər sərkərdələr, Şeyx Məhəmməd Xiyabani kimi mübarizlər bu ölkənin qaranlıq tarixinə işıq saçırlar.
13 sentyabr 1920-ci il Azərbaycan soyundan elə bir insan şəhid oldu ki, öz əsrinin parlamentinin Rusiya çarlığının ultimatumu qarşısında tək sinə gərdiyi şəxs idi. O, sonralar Vüsuqüddövlənin rüsvayçı müqaviləsi qarşısında dayandı, bu müqaviləyə qarşı Azadistan (azadlıqsevən) dövlətini təsis etdi. Qacar hökumətinin baş naziri və digər iki naziri bu müqaviləyə görə 400 min tümən rüşvət almışdılar. Müqavilənin icra olacağı surətdə İran İngiltərənin himayəsi altına düşürdü və İranın bütün dövlət və ordu işləri ingilis müşavirlərinin nəzarətinə keçirdi.
Şəhid Xiyabani Təbrizdə başladığı qiyamının əvvəlində etdiyi çıxışda deyir: “Azərbaycan İranın ayrılmaz parçasıdır. Azadlıqsevərlər elə bir hökumətə qarşı qiyama qalxıblar ki, o hökumət yadlara arxalanaraq İranın hər yerində zülmkar və mürtəce bir rejim yaratmaq istəyirdi. Hər qiymətə olursa-olsun, İranı azad etməliyik.”
Təbrizli tarixçi professor Mikayıl Camalpur Şeyx Məhəmməd Xiyabani barədə “Anac” müxbirinə deyir:
Şeyx Məhəmməd Xiyabani azərbaycanlı və təbrizli qəhrəmandır. Onun qiyamının məqsədi İran xalqının azadlıqsevərlik hərəkatını qorumaq idi.
Təcəddüd qəzeti, şəhid Xiyabaninin mədəni mübarizəsinin başlanğıcı
Camalpur deyir: Şeyx Məhəmməd Xiyabani Məşrutənin qızıl dövründə gözüaçıq və mübariz qüvvələrlə daxili zülm qüvvələrinə qarşı mübarizədə hətta gələcək nəsilləri də ruhlandıcaraq addımlar atdı. Onun səmərəli addımları sırasında mədəni fəaliyyətlərə işarə etmək olar. Xiyabani “Təcəddüd” qəzetini nəşrinə təşəbbüs göstərdi, müxtəlif digər mədəni fəaliyyətlər həyata keçirdi.
Özü böyük mütəfəkkir ruhani olan Şeyx Məhəmməd Xiyabaninin dövründə onun vasitəsilə bir sıra regional əlaqələr quruldu. Nümunə kimi Tiflis və ölkənin digər əyalətləri ilə əlaqə yaranmasına işarə etmək olar.
Şeyx Məhəmməd Xiyabaninin qiyamının dini və milli mahiyyəti
Tarixçi şəhid Xiyabaninin İranın ərazi bütövlüyünü qorumasına da toxunaraq deyir:
Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə nəşr olunan “Təcəddüd” qəzetinin əsas və tanınma hissəsində “Azərbaycan İranın ayrılmaz hissəsidir” cümləsi dərc olmuşdu. Hal-hazırda bu qəzet ölkənin və Təbrizin kitabxanalarında saxlanılır. Bu addım Şeyx Məhəmməd Xiyabaninin milli və iranlı kimliyini göstərir.
Separatçılar qarşısında Xiyabaninin ayıqlığı
Tarixşünas deyir: Ötən onulliklərdə bəziləri Şeyx Məhəmməd Xiyabaninin qiyamı haqda şübhə yaradaraq onun Azərbaycanı ayırmaq niyyətində olduğunu deyirlər. Azca diqqət etdikdə araya atılan şübhənin məlumatsızlıqdan irəli gəldiyi üzə çıxır. Çünki Şeyx çar Rusiyasının düşmənçilik hərəkətinə görə, bu məntəqənin adını dəyişdi və bu tutarlı addım ölkəni parçalamaq və Azərbaycanı İrandan ayırmaq istəyənlərə qarşı idi.
Professor vurğulayıb: Şəhid Xiyabaninin təməlini qoyduğu yol istismar və zülmə qarşı mədəni və əməli mübarizədir. İstismar və zülmə qarşı mədəni mübarizənin əsasını ilk dəfə bu böyük mübariz qoydu və onu həyata keçirdi.
Məşrutə dövründə baş vermiş qiyamlar
Tarixşünas həmin dövrdə baş verən bir sıra qiyamlara işarə edərək deyir:
Şeyx Məhəmməd Xiyabaninin əsri İran xalqının qızıl oyanış dövrü idi. Məşrutə dövründə İngiltərə və Rusiyanın beynəlxalq və regional hərəkətlərinə şahidik. Ona görə də İran xalqı daxili zülm və xarici imperializm kimi böyük problemlə üzləşmişdi. Ölkənin şimalında rusların hüzuruna diqqət etməklə, Mirzə Kiçik xan şimalda çar Rusiyası ilə mübarizə edirdi. Azərbaycan məntəqəsində isə Şeyx Məhəmməd Xiyabani mübarizədə idi. Demək olar ki, bütün bu mübarizələrə Qacar zülmü və beynəlxalq imperializmə qarşı ortaq mübarizə çərçivəsində baxmaq olar.
Xiyabaninin çıxışları, İran və Azərbaycanın iftixar sənədi
M. Camalpur Şeyx Məhəmməd Xiyabaninin xalqın vəkili olduğu barədə də məlumat verərək deyir:
Şeyx Məhəmməd Xiyabani Milli Şura Məclisində xalqın təmsilçisi olduğu vaxt odlu və oyadıcı çıxışlar edirdi. Bu onun təmsilçilik vəzifəsi və xalqın tələblərini çatdırmaqdan irəli gəlirdi. Mümkün deyil ki, bir tədqiqatçı Şeyx Məhəmməd Xiyabaninin qiyamını araşdırsın, lakin bu azərbaycanlı mübarizin çıxışlarının yanından asanlıqla ötsün. Onun daxili zülm, rus çarlığı və İngiltərə əleyhinə çıxışları İran və Azərbaycanın iftixar sənədidir.
Xalq təmsilçiliyinin örnəkləri və milli maraqları qoruyanlar
Tarixşünas sonda deyir:
Şeyx Məhəmməd Xiyabaninin fəaliyyəti xalq təmsilçisini ayırd etməyin meyarıdır. Çünki Məclis nümayəndəsi ölkənin və xalqın milli maraqlarını qorumalıdır, mühafizəkarlıq və digər alverlərlə saziş etməməlidir. İranda Məclisin müxtəlif dövrləri boyu elə təmsilçilər olmuşdur ki, onlar meyar kimi tanınırlar. Müdərris, Rzaxan Pəhləvi ilə mübarizə aparan meyar bir təmsilçi idi. Ona görə də Məclis təmsilçisi xalqın və İslam dininin maraqlarını qorumalıdır. Hazırkı dövrdə bu vəzifə İslam İnqilabının keşiyində dayanmaqda xülasələnir.
Mənbə: Anac

 
  • Yazılıb
  • da (də) 2020 Sep 16
  • Göndərən جهان کمالی