Tarix : 2008 Jul 24
Kod 6026

FƏRHAD ƏLİYEV BU HƏFTƏ CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLƏCƏK

müdafiə tərəfi proses boyu zəruri sənədlərin alınması ilə bağlı da çoxsaylı müraciətlər ünvanlayıb
Azerbaijan Servisi/Aran Agentliyi
Dünən Fərhad və Rafiq Əliyevlərin Hüquqlarını Müdafiə Komitəsinin sədri, millət vəkili Cəmil Həsənli jurnalistlər üçün brifinq keçirdi. Komitə rəhbəri bildirdi ki, brifinq eks-nazirin və onunla birgə ittiham olunanların Apelyasiya Məhkəməsinin yekunlarına, indiyədək yol verilən çoxsaylı qanun pozuntularına həsr olunub. C.Həsənli öncə apelyasiya instansiyasında qanun pozuntuları seriyasının davam etdirilməsindən təəccübünü ifadə etdi.
“Birinci instansiya məhkəməsində o qədər qanun pozuntularına yol verilmişdi ki, biz elə hesab edirdik heç olmasa, Apelyasiya Məhkəməsində müəyyən maddələrə dəyişiklik ediləcək. Ancaq təəssüf ki, Apelyasiya Məhkəməsində heç bir dəyişiklik baş vermədi”. Komitə sədri məhkəmənin heç bir araşdırma aparmadığını, birinci instansiyadakı çoxsaylı qanun pozuntuları ilə bağlı qaldırılan vəsatətlərə baxmadığını bildirdi.
C.Həsənlinin sözlərinə görə, müdafiə tərəfi proses boyu zəruri sənədlərin alınması ilə bağlı da çoxsaylı müraciətlər ünvanlayıb. Ancaq məhkəmə həmin sənədlərin alınmasında maraqlı olmadığından bu, baş verməyib: “Digər tərəfdən, Fərhad Əliyev məhkəmədə dövlət çevrilişi ilə əlaqədar həbs edildiyini xatırladaraq, bu məsələyə aydınlıq gətirilməsini istəsə də, buna nail ola bilmədi”. Müdafiə Komitəsinin sədri eks-nazirin səhhətindəki problemlər barədə də dəfələrlə məsələ qaldırıldığını vurğuladı: “Avropa Şurasının həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova Bakıda səfərdə olarkən bizə MTN-in istintaq təcridxanasına gedib Fərhad Əliyevlə görüşəcəklərini bildirdilər. Lakin bir gün sonra sabiq nazir təcili şəkildə müalicə müəssəsinə köçürüldü. Hətta orada saxlandığı iki həftə ərzində ona bircə dənə dərman da verilmədi”. Məlum oldu ki, sonradan müdafiə tərəfi F.Əliyevin tibbi yardım almaq hüququnun pozulması ilə əlaqədar şikayət etsə də, məhkəmə onların şikayətini qəbul etməyib.
Mətbuat konfransında məlum oldu ki, müdafiəçilər sabiq naziri vaxtilə müayinə etmiş londonlu kardioloq Day Mond, azərbaycanlı məşhur ürək cərrahı Cavad Heyət və tanınmış kardioloq Abbasəliyevin F.Əliyevin müayinəsini həyata keçirməsini istəyiblər. Hətta bu adları rəsmi şəkildə təqdim ediblər. Lakin sonradan ölkənin baş kardioloqu Faiq Quliyevin sayca üçüncü dəfə eks-naziri müayinə etməsinə şərait yaradılıb. C.Həsənlinin bildirdiyinə görə, həkim hər üç müayinədən sonra fərqli rəy verib: “Biz müayinənin nəticəsini istəsək də, vermədilər”. Komitə sədri Apelyasiya Məhkəməsinin gedişində F.Əliyevin səhhətinin pisləşdiyi halda hakimlərin həkim müdaxiləsinə imkan verməyərək, sabiq nazirin təcridxanaya qaytarılması barədə qərar verməsini ciddi qanun pozuntusu saydı: “Elə buna görə də, vəkillər hakimi məhkəməyə veriblər. Artıq şikayət ünvanına göndərilib”.
C.Həsənli F.Əliyevin yaxınları ilə görüşmək hüququndan da istifadə edə bilmədiyini nəzərə çatdırdı: “Fərhad Əliyevin qardaşlarının, şəxsən mənim dəfələrlə müraciət etməyimizə baxmayaraq, görüş imkanı yaradılmayıb. Yalnız bir dəfə ailəsi ilə görüşə icazə verilib”. Komitə sədri dedi ki, məhkəmə prosesinin gedişində hakim görüş üçün heç bir problemin olmayacağını desə də, sonradan qanunu pozaraq təqsirləndirilənin bu hüququnu məhdudlaşdırıb: “Fərhad Əliyevin beynəlxalq konvensiyalarda əksini tapan şəxsi həyata hörmət və ailə hüququnu pozublar”.
Millət vəkilinin toxunduğu digər qanun pozuntusu eks-nazirin 3 ilə yaxındır MTN-də saxlanılması oldu: “Birinci instansiya məhkəməsinin qərarında Fərhad Əliyevin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd olunsa da, üç ilə yaxındır MTN-də saxlanılır. Üstəlik Apelyasiya Məhkəməsinin qərarı iyulun 16-da elan olunduğu halda, bu günədək sabiq nazir müəssisəyə köçürülməyib. İnsanın günün 24 saatını darısqal bir yerdə, işıq altında saxlanılmasının özü elə işgəncədir. Bütün gün ərzində yanan işıq insanı tədricən kor eləyə bilər. Hansı ki, hakim qərarı elan edən kimi, Fərhad Əliyev müəssisəyə köçürülməli idi. Necə ki, Əli İnsanov birinci instansiyanın qərarından sonra Bayıla köçürüldü. Hətta vəkillər məhkəmə qərarının surətini istəsələr də, bu, onlara verilmir”. Tədbirdə məlum oldu ki, yalnız bu gün (dünən-E.P.) F.Əliyevlə bağlı məhkəmə qərarı təcridxanaya göndərilib: “Yəqin ki, bu həftə Fərhad Əliyevi müəssisəyə köçürəcəklər”.
C.Həsənli bildirdi ki, apelyasiya instansiyası bu prosesin siyasi mahiyyət daşıdığını, yalnız siyasi göstərişlə keçirildiyini göstərdi.
Jurnalistlərin suallarının cavabında C.Həsənli bildirdi ki, F.Əliyev qanqster Hacı Məmmədovdan sonra MTN-in istintaq təcridxanasında rekord müddətə saxlanılan şəxsdir. Onun burada saxlanmasının gerçək səbəblərini bilmədiyini qeyd edən komitə sədri bundan sonra sabiq nazirin mərhum jurnalist Elmar Hüseynovun qətlində günahlandırıla biləcəyi barədə ehtimallara da münasibət bildirdi: “Bizim hüquq-mühafizə orqanları elə absurd işlə məşğul olurlar ki, heç nəyi istisna etmək olmaz. Ancaq bununla heç nəyə nail ola bilməyəcəklər. Ən azı ona görə ki, artıq ictimaiyyət də bilir ki, bu işin arxasında kimlər dayanıb”.
  • Yazılıb
  • da (də) 2008 Jul 24