Tarix : 2020 Sep 22
Kod 60277

Prokurorluq Oqtay Gülalıyevin işində müsbət irəliləyişlər vəd edir

Sentyabrın 19-da hüquq müdafiəçisi Oqtay Gülalıyevin ailəsinin qanuni nümayəndələri: vəkil Fuad Ağayev və Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Nəsimi rayon prokuroru Həsən Xanifəyev ilə görüşüblər.

Arannews-Görüş zamanı zərərçəkənin xanımı Firuzə Gülalıyevanın təkid etdiyi kimi istintaqın gedişi və cinayət işi materiallarının məhkəməyə verilməsi proseduru barədə fikir mübadiləsi aparılıb.

Prokuror əmin edib ki, gələn həftənin əvvəlində bu istiqamətdə müsbət qərarlar olacaq.O.Gülalıyevin nümayəndələri qeyd ediblər ki, öz müraciətlərini rəsmi yazılı formada ediblər, lakin indiyədək yalnız şifahi şəkildə cavablar alıblar. Onlar cavabların qanunvericiliklə müəyyən edilmiş formada təmin edilməsinə çağırblar.

Sentyabrın 18-də M. Əliyev baş prokuror Kamran Əliyevə məktub (№489) göndərib. Məktubda o, vəkil  F.Ağayevin bütün vəsatətlərinin təmin edilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsini, habelə istintaq materiallarının gələcək baxılması üçün məhkəməyə verilməsinin sürətləndirilməsini xahiş edib.Məktubda qeyd olunub ki, hadisədən təxminən 11 ay keçsə də O.Gülalıyevin ailəsinin və müdafiə tərəfinin çağırış və tələblərinə baxmayaraq, iş indiyədək məhkəməyə verilməyib.2020-ci il iyulun 4-də Nəsimi rayon prokuroru Həsən Hənifəyev O.Gülalıyevin vəkili Fuad Ağayevi və M.Əliyevi qəbul edib.

Görüş zamanı onlara istintaqın gedişi və prokurorluğun son hərəkətləri barədə məlumat verilib. Əsasən istintaq orqanına – Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsinə O.Gülalıyevin nümayəndəsinin vəsatətində əksini tapan tələblərin əksəriyyətinin təmin edilməsi barədə göstəriş verilib.Məsələ bundadır ki, 2019-cu ilin sonundan başlayaraq Fuad Ağayevin istintaq və prokurorluq orqanlarına dəfələrlə müraciətlərinə baxmayaraq, o bu müraciətlərə heç bir cavab almayıb, halbuki ki, adı çəkilən orqanlar onun vəsatətinə və şikayətlərinə baxılmasının nəticələri ilə bağlı onu qısa müddətdə məlumatlandırmalı idi.İyulun 4-də keçirilən görüşdə prokuror H.Hənifəyev bildirib ki, istintaq baş verənlərin mənzərəsinin tam bərpasında və işin ədalətli şəkildə araşdırılmasında maraqlıdır.İstintaqın marağı çərçivəsində prokuror O.Gülalıyevin işini aparan əməkdaşlara tapşırıb ki, zərərçəkənin nümayəndələri ilə bundan sonra sıx ünsiyyət təmin edilsin. Bununla belə , iki aydan çox keçib, vəkil hələ də vəsatətə rəsmi cavab ala bilməyib.Hüquq müdafiəçisi Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində piyada keçidində avtomobillə vurulub. Başından aldığı zədə nəticəsində hələ də komadadır.

Fakt üzrə O.Gülalıyevi vuran sürücü Kənan Abdullayevin barəsində CM-in 263.1.1-ci maddəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb lduqda) ilə cinayət işi qaldırılıb.Oqtay Gülalıyev ötən ilin sonlarından Heydər Əliyev Fondunun yardımı ilə İstanbulda “Amerika” hospitalında müalicə olunur.

  • Yazılıb
  • da (də) 2020 Sep 22
  • Göndərən جهان کمالی