Tarix : 2020 Sep 24
Kod 60290

Müxalifət İ.Əliyevin Azərbaycanda demokratiya haqqında bəyanatı ilə razı deyil

Azərbaycan sabit, müasir və demokratik ölkədir, bu barədə prezident İlham Əliyev sentyabrın 21-də BMT-nin 75 illiyinə həsr edilmiş iclasın iştirakçılarına videomüraciətində bildirib.

Arannews-Onun sözlərinə görə, demokratiyanın inkişafı və insan hüquqlarının qorunması Azərbaycan hökumətinin başlıca prioritetləri sırasındadır.
ütün fundamental hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir. Bir neçə ay öncə biz geniş siyasi dialoq təşəbbüsünü başlatmışıq. Bütün əsas siyasi partiyalar həmin təşəbbüsü dəstəkləyib. Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir”, deyə o qeyd edib.

Amma onun bu fikirləri müxalifət və hüquq müdafiəçiləri tərəfindən mənfi qarşılanıb. Belə ki, Müsavat Partiyasının başqanı Arif Hacılı deyib ki, Azərbaycanda Əliyevin təsvir etdiyi cəmiyyət yoxdur.

“Piketlərin, mümayişlərin qadağan edildiyi, bir stadionda belə mitinqlərin keçirilməsinə icazə verilməyən ölkədə hansı sərbəst toplaşma hüququndan, qəzetin bir mədəniyyət növü kimi sıradan çıxarıldığı, jurnalistlərin həbs edildiyi, müxalifətin televiziyalara buraxılmadığı ölkədə hansı ifadə azadlığından danışmaq olar?”, deyə Hacılı Turan agentliyinə bildirib.

Onun sözlərinə görə, ölkə həbsxanalarında 100-dən çox siyasi məhbus cəza çəkir, onlar arasında siyasətçilər, jurnalistlər, inanclı kəsimin nümayəndələri var.

Son illər ərzində keçirilən bütün seçkilərin nəticələri saxtalaşdlrılıb. Əliyev hamıya məlum olan faktları təhrif etməklə, demokratiya ilə bağlı mövcud vəziyyətin tam əksini iddia etməklə heç kəsi yox, yalnız özünü aldadır, deyə o bildirib. “Azərbaycanda bəzi partiyaların hakimiyyətə sığınmasının siyasi dialoq kimi təqdim olunması gerçək dialoqdan yayınmanın üsullarından biridir”, deyə Hacılı qeyd edib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli də demokratiya və insan hüquqlarının hökumətin prioritetləri arasında olduğunu düşünmür. Onun sözlərinə görə, Azərbaycan insan hüquqlarına hörmət sahəsində Avropa Şurası ölkələri arasında ən çox pozuntuların qeydə alındığı ölkədir.

2020-ci ilin parlament seçkiləri zamanı fundamental azadlıqların pozulması ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəylərində əksini tapıb. Ondan əvvəl, 2020-ci ilin yanvarında AŞPA sessiyasında Azərbaycanda siyasi məhbuslar haqqında xüsusi qətnamə qəbul edilib.

Bundan başqa, FreedomHouse, Amnesty İnternational kimi beynəlxalq hüquq müdafiə təşkilatları vaxtaşırı Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin dəhşətli dərəcədə ağır olduğunu vurğulayır.

Məmmədlinin fikrincə, hakimiyyət sadəcə olaraq müxalifətlə dialoq görüntüsü yaradır. O hesab edir ki, ölkədə siyasi mühit dəyişməlidir.

“Azərbaycan iqtidarı dah çox yerli qurumlara, yerli müstəqil səslərə istinad etməlidir. Beynəlxalq təşkilatların tövsiyələrinə baxmalıdır”, deyə Məmmədli bildirib.

“Müdafiə Xətti” təşkilatının icraçı direktoru Rüfət Səfərov da hesab edir ki, Əliyevin dedikləri real mənzərəni əks etdirmir. Belə ki, onsuz da məhdud olan toplaşmaq azadlığı pandemiya şəraitində tamamilə qadağan edildi.

Bundan başqa, insanlar siyasi və dini baxışlarına görə uydurma ittihamlar əsasında cinayət təqibinə məruz qoyulur.

Hökumətin diktəsilə fəaliyyət göstərməyən vətəndaş cəmiyyəti nümayəndələrinə, hüquq müdafiəçilərinə qarşı da siyasi motivli ittihamlar irəli sürülür.

Səfərov hesab edir ki, müxalif qurumların – Milli Şuranın, Xalq Cəbhəsi Partiyasının, Demokratiya və Rifah Hərəkatının, Müsavat Partiyasınıniştirakı olmadan dialoq mümkün deyil.

AXCP-nin sədr müavini Seymur Həzi hesab edir ki, Əliyev ölkədə demokratiyanın olduğunu iddia etməklə bu ilin yazında və yayında müxalifətin ünvanına səsləndirdiyi nifrət bəyanatlarının üstünü örtməyə çalışır. 

Turan.az

  • Yazılıb
  • da (də) 2020 Sep 24
  • Göndərən جهان کمالی