Şərqi Azərbaycan Azad Universitetinin rektoru doktor Cavanpur deyib: “Qarabağın işğaldan azad olunması üçün dua edirik və Azərbaycan Respublikasının müsəlman xalqına qətiyyətli dəstəyimizi elan edirik.”
AranNews- Azərbaycan və Ermənistan arasında gedən son döyüşlər barədə Aran Xəbər Agentliyinə açıqlama verən doktor Cavanpur deyib: “Biz gecə-gündüz bu döyüşlər barədəki xəbərləri izləyirik və Qarabağın azad olunması üçün dua edirik, Azərbaycan Respublikasının müsəlman xalqına qətiyyətli dəstəyimizi elan edirik.”
Şərqi Azərbaycan Azad Universitetinin rektoru əlavə edib: “Qarabağ İslam torpağıdır. Bütün müsəlmanlar Azərbaycan Respublikasının köməyinə gəlməlidir, İslam torpağının təcavüzkarların əlində qalmasına icazə verməməlidir. Ermənistanın işğalçılığını və Azərbaycan Respublikası mövqelərinə hücumunu pisləyirik və işğalçı ölkədən qəti tələb edirik ki, öz beynəlxalq sərhədlərinə doğru geri çəkilsin.”
Doktor Cavanpur açıqlamasının davamında bildirib ki, qərb ölkələrinin çoxu Qarabağ problemini həll edəcəklərini iddia etsələr də, heç bir əməli addım atmayıblar və öz maraqlarının ardıncadırlar. Azərbaycanın qeyrətli və mömin cavanları İmam Hüseyn (ə) məktəbindən örnək almaqla işğal edilmiş əraziləri geri almalıdır. Biz İmam Hüseyn (ə) kimi müqavimət göstərməliyik, vətənimizi işğalçılardan xilas etməliyik. Müqavimət olmayınca, işğalçı öz işğalından əl çəkməyəcək. Dünyanın müxtəlif yerlərində müsəlmanların öldürülməsini pisləyirik. Xüsusilə də qonşu ölkə Azərbaycan Respublikasına hücum edərək İslam torpaqlarını müdafiə edən müsəlmanların qətlə yetirilməsini bərk pisləyirik.
Doktor Cavanpur sonda vurğulayıb: “Azərbaycan xalqı şücaətli, qeyrətli, dindar, Əhli-beyt (ə) davamçısı, Aşura məktəbinin yetirmələridir və öz torpaqlarını azad etmək üçün ifratçı və sapınmış xarici qüvvəyə ehtiyac görmürlər. Çünki ifratçı və sapınmış xarici qüvvələrin fəaliyyətləri, törətdikləri faciələr və vurduğu zərərlər müxtəlif cəbhələrdə, xüsusilə də İraq və Suriyada göz önündədir. Allahın yardımı, müsəlmanların və xalis Məhəmməd İslamının ardıcıllarının həmrəyliyi ilə Qarabağ İslamın ağuşuna qayıdacaq. Saziş yalnız işğalçının işğal etdiyi ərazilərdən qovulmasından sonra baş tuta bilər. Nə qədər ki, işğalçının işğalçılığı davam edir, heç bir saziş və müzakirə etməməliyik.”