Tarix : 2020 Oct 02
Kod 60328

Azərbaycan Baş Nazirinin müavini ilə telefon danışığı

Doktor Vaizi: Tehran-Bakı münasibətləri heç bir əsassız şayiənin təsiri altına düşməyəcək

İran Prezident Administrasiyasının rəhbəri deyib: “Tehran-Bakı yaxşı, strateji və hərtərəfli münasibətləri əsassız şayiələrlə təsir altına düşməyəcək və iki ölkə münasibətlərini görmək istəməyənlərin təxribatçı hərəkətləri səmərəsiz qalacaq.”
AranNews-in “İRNA”-ya istinadla verdiyi xəbərə görə, İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaizi Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayevlə telefon danışığında deyib: “İran İslam Respublikasının xarici siyasətində Azərbaycan Respublikasının mühüm və xüsusi yeri vardır. Biz bu ölkə ilə münasibətləri inkişaf etdirmək və gücləndirmək üçün daim bütün imkanlardan istifadə etmişik.”
M. Vaizi Azərbaycan və Ermənistan arasında yaranmış münaqişə və döyüşdən narahatlıq hissi keçirdiyini bildirərək deyib: “Son hadisələri diqqət və ciddiliklə izləyirik, iki ölkə arasındakı ziddiyyətləri beynəlxalq hüquq və qayda-qanunlar çərçivəsində müzakirə və danışıqlar yolu ilə həll etmək üçün hər növ kömək göstərməyə hazırıq.”
Prezident Administrasiyasının rəhbəri bir sıra KİV-lərdə və sosial şəbəkələrdə İran vasitəsilə Ermənistana kömək göndərilməsi ilə bağlı yayılmış məlumatları da kəskin təkzib edərək deyib: “Bu şayiələr tamamilə əsassızdır və İranla Azərbaycan arasındakı yaxşı münasibətləri korlamağa köklənib.
Şübhəsiz, Tehran-Bakı yaxşı, strateji və hərtərəfli münasibətləri əsassız şayiələrlə təsir altına düşməyəcək və iki ölkə münasibətlərini görmək istəməyənlərin təxribatçı hərəkətləri səmərəsiz qalacaq.”
Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev də bu telefon danışığında İran İslam Respublikasını yaxşı qonşu və dost ölkə adlandıraraq deyib: “İki ölkə arasında səmimi münasibətlər mövcuddur və bu yaxşı münasibətlərin əleyhdarların təlaşı ilə pozulmasına yol verməməliyik.”
Ş. Mustafayev İran və Azərbaycan arasında dini, mədəni və ictimai ortaqlıqlara toxunaraq deyib: “İki ölkənin yüksək səviyyəli rəsmiləri Tehran-Bakı münasibətlərini inkişaf etdirmək və dərinləşdirmək istiqamətində çoxlu zəhmətlər çəkiblər və bugün həmin münasibətlər çox yaxşı səviyyədədir.”

 
  • Yazılıb
  • da (də) 2020 Oct 02
  • Göndərən جهان کمالی