Qarabağ müharibəsi bütün İslam dünyası, xüsusilə də İran üçün mühüm və həssasdır
AranNews - “Qarabağ müharibəsi; narahatlıqlar və ümidlər” elmi konfransında Təbriz Universiteti Qafqaz və Anadolu Mərkəzinin direktoru Əhməd Fərşbafiyan bölgənin vəziyyətini çox mühüm, həssas və bütün İslam dünyasına, xüsusilə də İran və Azərbaycana aid bir məsələ adlandırıb.
Ə. Fərşbafiyan İranın dəfələrlə regionun və İslam dünyasının həssas vəziyyətində dayandığını və hər dəfə Ali Məqamlı Rəhbərin müdrik tədbirləri ilə böhrandan çıxa bildiyini diqqətə çatdıraraq deyib: “Ümid edirik ki, birbaşa və dolayısı ilə İrana təsir göstərən bu vəziyyətdən də çıxa biləcəyik.”
Mərkəzin direktoru hal-hazırda sionistlərin regionda rəngli hüzuruna, səfirlik açmalarına və silah satmalarına toxunaraq deyib: “Türkiyə bir vaxtlar Ermənistanla müqavilə imzalamaq istəyirdi və indi 10 ildən sonra və səhnənin dəyişməsi ilə öz mövqeini dəyişib.
İndi Türkiyə bəzi işlərin qisasını almaq və Suriya cəbhəsində bir sıra məntəqələri işğal etmək üçün Qarabağda düyün yaratmaq istəyir. Lakin İslam Respublikası Azərbaycan şiələrini və bu ölkənin ərazi bütövlüyünü dəstəkləmək prinsipinə sadiq qalmaqla yanaşı, düşmənlərin Qafqazda hər hansı məkirli planlarını diqqətdə saxlayır ki, bu planları cızanlar öz işindən peşman olsun.”