Tarix : 2020 Oct 06
Kod 60343

Təbrizin millət vəkili: Qarabağ sionistlərə arxalanmaqla deyil, həzrət Abbasın (ə) yumşaq gücü ilə alınacaq

Təbriz, Üskü və Azərşəhr əhalisinin İslami Şura Məclisində təmsilçisi tarixə cavab verməli olduğumuza təkid edərək deyib: “Qarabağ müharibəsində İranın Azərbaycana dəstək verməsinə aid çoxlu sənədlər mövcuddur və yayılmış bir sıra videolardan da bu müharibədə İran generallarının Azərbaycanın yanında olduğu, rəşadətlər göstərdiyi məlum olur.”
AranNews – Təbriz Universitetinin Qafqaz Araşdırmalar İnstitutu və İran Tarixi və Mədəniyyəti İnstitutunun təşəbbüsü ilə keçirilən “Qarabağ müharibəsi; narahatlıqlar və ümidlər” elmi konfransında çıxış edən Təbriz, Üskü və Azərşəhr əhalisinin İslami Şura Məclisində təmsilçisi Əhməd Əliriza Beygi deyib: “İnsan və camiənin zatı mənfəət cəlb etmək və zərər dəf etmək səmtinədir və buna böyük miqyasda milli maraqlar deyilir.
Qarabağ müharibəsinin oyunçuları da öz milli maraqlarına görə, bu münaqişəyə daxil olublar. Azərbaycan Respublikası özünün itirilmiş torpaqlarını cəlb etmək-geri qaytarmaq istəyir və işğal olunmuş əraziləri azad etmək müqəddəs bir əməl sayılır.
Türkiyə türk bölgələrinə ögey atalıq və rəhbərlik göstərmək, üzdə özünü işğal edilmiş ərazilərini qaytarmaq üçün təlaş edən anti-sionist mübarizələrin lideri kimi qələmə verməyə səy edir.
Sionist rejiminin Ermənistanda səfirlik açması da diqqəti cəlb etmək xarakteri daşıyırdı və bu rejimin Qafqaz siyasətlərinin bir nümunəsidir. Sionist rejimi müxtəlif bəhanələrlə Qafqazda İran əleyhinə rol ifa etməyə çalışır.”
Beygi vurğulayıb: “Rusiya Qarabağ münaqişəsinin əsas oyunçusu olaraq Ermənistana dəstək verir. Türkiyə və Rusiya arasında yaranan maraq Türkiyə-Azərbaycan neft və qaz boru kəmərləridir. Bir vaxtlar bu boru kəmərinin İrandan keçməsi qərara alınmışdı.
Türkiyə belə düşünür ki, Ceyhan limanını böyük bir enerji mənbəyinə çevirir. Ermənilər bu kəməri məhv etmək istəyirdi. Bu üzdən Türkiyə təhlükə hiss etdi. Çünki bu kəmərə görə 5 milyon dollar tranzit haqqı alır.
Bundan əvvəl Rusiyanın müharibəyə daxil olması bu neft-qaz kəmərinə görə idi və Bəşar Əsəd qəbul etmədi və islami qaz kəmərinin Yaxın Şərqə ötürülməsində İranın yanında dayandı.”
Təbriz, Üskü və Azərşəhrin millət vəkili tarixə cavab verməli olacağımıza təkid edərək deyib: “Qarabağ müharibəsində İranın Azərbaycana dəstək verməsi ilə bağlı çoxlu sənədlər mövcuddur və buna aid yayılmış videolarda da İran generallarının Azərbaycanın yanında yer aldığı, dilavərlik və rəşadət göstərmələri məlum olur.”
Beygi vurğulayıb: “Qarabağ İslam ərazisidir. Onun azad olunması sionistlərə arxalanmaqla deyil, həzrət Abbasın (ə) yumşaq gücü ilə həyata keçə bilər.”
Millət vəkili daha sonra deyib: “Son döyüşlərdə İran İslam Respublikası Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyini bir daha elan etdi və demək olar ki, bitərəf mövqe tutdu. Lakin mən öz tvitimdə, habelə Vəliyyi-fəqihin şimal-qərb təmsilçiləri və imam cümələr Azərbaycana daha yüksək səviyyədə dəstək verdiyimizi bəyan etdik. Kiməsə bu dəstək, hökumətin baxışı ilə təzadlı kimi görünə bilər. Burada deməliyəm ki, heç bir ziddiyyət yoxdur. Halbuki, Şərq qəzetinin başlığı bu təfəkkürdən qaynaqlanır.”
Beygi vurğulayıb ki, əgər İŞİD, Ən-Nusrə və Cəbhətuş-Şamın bu döyüşlərdə iştirkı varsa, regionun qüdrətli ölkəsi kimi bu məsələyə münasibət bildirməliyik, hətta öz milli maraqlarımıza görə hərbi mövqedə dayanmalıyıq.
O əlavə edib: “Əgər hərəm müdafiəçiləri Suriya müharibəsində iştirak etməsəydi, indi topların səsini Həmədan, Tehran və Təbrizdə eşidirdik.”
İslami Şura Məclisi nümayəndəsi daha sonra deyib: “Bu müharibədə sərhəd sakinlərimizə zərər dəyərsə, fəal diplomatiya və səhvə yol vermiş ölkəyə bunu elan etməklə, kompensasiya alınmalı və onun təkrar olunmasının qarşısı alınmalıdır.”
Beygi bunu da bildirib ki, hər il Azərbaycandan çoxlu insanlar Ərbəin ziyarətinə gedir və bu ölkənin şiələri ötən illər ərzində təkamülə doğru irəliləyib. Bizim Azərbaycan hökumətindən gileylərimizə baxmayaraq, bu ölkənin ərazi bütövlüyünü mütləq müdafiə etməliyik.
Beygi bəzilərinin sərhədin o tayı ilə mədəni, dini və etnik münasibətlərə təhdid kimi baxdığını, halbuki, bu münasibətlərdə bir çox imkanların mövcud olduğunu diqqətə çatdıraraq deyib: “Sovetlər Birliyində tikanlı məftillər aradan qalxdıqda bizlərdən heç kim o taya keçmək üçün özünü çaya atmadı, onlar isə (özlərini çaya vuraraq) bizim ölkəmizə gəldilər.
İslam Respublikasınn yumşaq gücü bizim üstünlük amilimizdir və şimal-qərb nümayəndələri bu münasibətlərə üstünlük verir və özümüzü cavabdeh bilirik.”

 
  • Yazılıb
  • da (də) 2020 Oct 06
  • Göndərən جهان کمالی