Hikmət Hacızadə: “Fikir verin, separatçılar deyir ki, Gəncəni onlar vurub, Yerevan yox"
Arannews-Ermənistan silahlı qüvvələrinin son iki gündə Azərbaycanın Gəncə, Bərdə və Beyləqan şəhərlərini hədəfə alması bir sıra sualları aktuallaşdırıb.Əksər ekspertlər Ermənistan hökumətinin bu qərarını Rusiyanı prosesə cəlb etmək məqsədi daşıdığı qənaətindədir.Azad Demokratlar Partiyasının (ADP) sədri Sülhəddin Əkbər Meydan TV-yə Yerevanın addımının iki strateji-siyasi məqsədi olduğunu bildirib: “Məqsəd üçüncü tərəfi, konkret olaraq Rusiyanı prosesə cəlb etməkdir. Onlar düşünür ki, ətraf şəhərləri bombalamaqla Azərbaycanın daxilində narazılıq yaranacaq və ictimai rəy təzyiqə çevriləcək. Sonda Azərbaycanın hərbi-siyasi rəhbərliyi məcbur qalıb Ermınistan ərazisində raketlərin buraxıldığı bazalara zərbələr endirəcək. Bununla da Ermənistan Rusiyanın yaxasından tutacaq ki, indi nə deyirsən?! İkinci səbəb operativ-taktikidir, bu da konkret olaraq, Ermənistanın döyüş meydanında davamlı olaraq məğlubiyyətə məruz qalması və azad edilməsi elan olunan əraziləri tərk etməsiylə bağlıdır. Çünki Ermənistan ordusu və ictimaiyyəti daxilində gərginlik yaranmağa başlayıb. Baş nazir Paşinyan gedişatın sosial-siyasi nəticələrinin olacağını yaxşı anlayır və siyasi opponentlərinin həmin mərhələyə hazırlaşdığını bilir”.S.Əkbər hesab edir ki, Rusiyanın indiki vəziyyətdə siyasi hədəfi Azərbaycan vasitəsilə Ermənistanı cəzalandırmaqdır: “Moskvanın baxışıyla qərbpərəst, “Sorosun uşağı” adlandırdığı Paşinyanı devirmək və yenidən Rusiyapərəst qüvvələri hakimiyyətə gətirməkdir. Bununla da yenidən siyasi-strateji maraqlarını təmin etməkdir. Ardınca da yeri gələn erməni hakimiyyəti ilə Azərbaycan hakimiyyətini masa arxasında otuzdurub "Kazan prinsipləri" əsasında münaqişənin həllinə nail olmaqdır. Ən başlıcası, Rusiya silahlı qüvvələrinin sülhməramlı adı altında Dağlıq Qarabağda yerləşdirməkdir. Belə olan halda Rusiya Ermənistanda və Azərbaycanda öz maraqlarını təmin etmiş olacaq. Uzun illərdir ki, Rusiya buna çalışır”.O, Azərbaycan hökumətinin sadalananları başa düşdüyü qənaətindədir: “Amma nəzərə alın ki, hərbi əməliyyatları intensivləşdirmək elə də asan deyil. Bir tərəfdən işğal altındakı ərazilərdə möhkəmləndirilmiş mövqelər yaradılıb, həm də hücum edən tərəf hərb qanunlarına görə daha çox itki verir. Nəhayət, Azərbaycan canlı qüvvə baxımından az itki verməyə çalışır. Ona görə hərbi əməliyyatlar optimal sürətlə gedir, hərbi-siyasi rəhbərliyin seçdiyi operativ-taktiki yanaşma mövcud şəraitdə düzgündür”.Politoloq Hikmət Hacızadə Ermənistan ərazisindən Azərbaycan şəhərlərinin vurulmasında əsas məqsədin qorxu yaratmaq olduğunu bildirib: “Onlar mülki əhalini vurmaqla təşviş yaratmaq istəyirlər”.Hikmət Hacızadənin sözlərinə görə, Ermənistan ərazisindən Azərbaycan şəhərlərinin vurulması sübut olunsa və Bakı da eyni adekvat cavab versə, Rusiyanın müdaxilə etmək ehtimalı artır:“Fikir verin, separatçılar deyir ki, Gəncəni onlar vurub, Yerevan yox. Əgər biz sübut etsək ki, Ermənistan tərəfindən vurulub və onları da vursaq, Rusiyanın müdaxilə ehtimalını gündəmə gətirəcək”.