Tarix : 2020 Oct 09
Kod 60358

Ayətullah Xameneinin müşaviri: Azərbaycanın işğal edilmiş əraziləri boşaldılmalıdır

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri: “Azərbaycanın işğal edilmiş əraziləri boşaldılmalıdır.”
AranNews - İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri doktor Vilayəti “Keyhan” qəzetinə verdiyi müsahibədə deyib: “İranın iki qonşusu Azərbaycan və Ermənistan arasında müharibə və sionist rejimi, Türkiyə və təkfirçi terrorçuların bu müharibəyə daxil olması, döyüş əsnasında bəzi vaxtlarda İran ərazisinə mərmi düşməsi narahatedici haldır və dərhal dayanmalıdır.”
5 oktyabrda doktor Vilayətinin ofisində baş tutmuş müsahibəni təqdim edirik:
- Ermənistan-Azərbaycan müharibəsi hekayəsindən belə görünür ki, bu iki ölkənin bir məsələ üzərində ixtilaflarının kökü çox qədimdir. Hər iki ölkə Qarabağa sahiblik üzərində bir-birinin canına düşüblər. Lakin bu müharibə barədə xəbərləri diqqətlə izlədikdə görürük ki, bu müharibədə digər tərəflər də iştirak edir. Məsələn Türkiyə, sionist rejimi. Bu məsələ mövzunu bir az da mürəkkəbləşdirir. Bu iki tərəfin Qarabağ müharibəsində müdaxilə etməkdə əsas maraq və məqsədləri nədən ibarətdir?
- Əvvəlcə, deməliyəm ki, biz bir sıra məntiqli prinsiplərə inanırıq və o prinsiplərdən biri də bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmaqdır. Bu, eləcə də BMT-nin Nizamnaməsinin prinsiplərindən biridir. Biz də BMT-nin bir üzvü kimi bu prinsipə təkid edirik. Xüsusilə də müharibə edən hər iki ölkə bizim şimal qonşularımızdır. Burada bir ölkənin ərazisi digər ölkə tərəfindən işğal edilmişdir. Azərbaycanın cənubunda bir sıra ərazilər, təqribən 7 şəhər Ermənistan tərəfindən işğal edilib. Bu haqda BMT-də 4 qətnamə qəbul edilmişdir və bütün qətnamətlər ermənilərdən işğal etdikləri Azərbaycan torpaqlarından çıxmağı, beynəlxalq sərhədlərə qayıtmağı tələb edir. BMT-nin üzvü olan bütün ölkələr bu prinsipə əməl etməlidir. Ona görə də Ermənistandan tələbimiz budur ki, işğal etdiyi əraziləri Azərbaycan Respublikasına qaytarsın. Bu işğal nəticəsində həmin torpaqlardan 1 milyondan çox insan köçkün düşmüşdür, onlar tezliklə öz torpaqlarına qayıtmalıdır. Biz Fələstin torpaqlarının sionist rejimi tərəfindən işğal edilməsinə etiraz etdiyimiz kimi, burada da həmin mövqeni seçirik.
Digər bir məsələ odur ki, bunun həll yolu heç vəchlə hərbi yol deyil və siyasi yolla həll olunmalıdır. Bu üzdən biz hərbi addımlara qarşı çıxırıq. Çünki müharibədə adi camaata ziyan dəyir. Xüsusilə də son günlərdə yaşayış məntəqələri atəşə tutulur. Bu müharibə hər iki ölkə əhalisinin zərərinə və bölgənin təhlükəsizliyi əleyhinədir. Bəziləri kənardan müharibəni alovlandırırlar; sionist rejimi və Türkiyə kimi. Türkiyə müharibənin davam etməsinə nə üçün israrlıdır? Bu ölkə bacarırsa, müharibənin bitməsinə kömək etməlidir. Bu şərtlə ki, Azərbaycanın işğal edilmiş şəhərləri mütləq azad olunsun. Sionist rejiminin özünün təməli qanunsuzdur və işğal edilmiş digər ərazilər, yəni Fələstin torpaqları üzərində qurulub və bu barədə fikir bildirməyə əsla haqqı yoxdur. Sionist rejimi bu bölgədə fitnə salmaqdan başqa bir iş etmir və bu bölgədə onun hüzuru olmamalıdır. Türkiyədə olan dostlarımıza tövsiyə edirik ki, od üzərinə neft tökməkdənsə, kömək edin biz, siz və bölgənin digər ölkələri məzlumu himayə edək, Azərbaycanın işğal edilmiş məntəqələrinin azad olunmasına kömək edək, imkan daxilində işğal edilmiş ərazilərin azad olunmasının insanların qanının tökülməsi bahasına başa gəlməsinin qarşısını alaq.
Başqa bir məsələ isə bundan ibarətdir ki, biz həm Ermənistan, həm də Azərbaycanla qonşuyuq. Məsləhət belə tələb edir ki, bu qonşularımız bir-biri ilə müharibə etməsin. Ermənistan bizimlə qonşudur. Azərbaycanla isə bundan əlavə çoxlu ortaqlıqlarımız vardır; din, məzhəb, tarix və mədəniyyət. Çox az ölkə tapılar ki, İran və Azərbaycan kimi belə bir ortaqlıqlara malik olsun və bir-birinə bu qədər yaxın olsun. Biz Azərbaycanın taleyi üçün tamamilə narahatıq və etiqadımız budur ki, Azərbaycanın ərazi bütövlüyü qorunmalı və işğal edilmiş əraziləri boşaldılmalıdır.
Ermənistanla da qonşuyuq və qonşuluqda uzun ortaq tariximiz vardır. Nə ermənilərin, nə də azərilərin təlafat verməsini istəmirik. Həm müsəlman, həm də xristian tam əmin-amanlıqda yaşamalıdır. Digər tərəfdən isə Azərbaycanın tapdalanmış hüquqları təmin edilməli, işğal edilmiş əraziləri ona qaytarılmalıdır, beləliklə qan tökülməsinə son qoyulmalıdır. İslam Respublikası da iki qonşu ölkə arasında vasitəçilik və sülh üçün əlindən gələni əsirgəməyəcək. Fransa dünyanın o tərəfindən müdaxilə edir və bu məsələlər barədə fikir bildirir. Bu məsələlərin Fransaya nə aidiyyatı vardır? Biz bu barədə söhbət ediriksə, iki qonşu ölkənin və onun əhalisinin taleyindən narahat olduğumuz üçündür. Biz kiminsə bölgəni qarışdırmasına, digər ölkələrin dünyanın başqa yerlərindən gələrək Cənubi Qafqazda İranın şimalının əmin-amanlığını təhlükəyə salmasına icazə vermirik. Biz başqaları tərəfindən yaradılan bu qarışıqlığın qarşısında dayanırıq. Bizim inancımız budur ki, hər iki ölkənin maraqlarının təmini, o cümlədən işğal edilmiş ərazilərin boşaldılması üçün sülh bərqərar olmalıdır.
- Türkiyənin Suriya və İraqda qara dosyesi vardır və bir müddətdir ki, müxtəlif bəhanələrlə Liviyanın daxili münaqişəsinə də müdaxilə edir. İndi isə Ermənistan- Azərbaycan müharibəsinə daxil olmuşdur. Ərdoğanın bu müdaxilələrdə məqsədi nədir?
- İki qonşu ölkə kimi Türkiyə ilə çox yaxşı münasibətlərimiz vardır və Türkiyənin problemlərinin həll olunmasını istəyirik. Lakin bir dost kimi Türkiyəyə tövsiyə edirik ki, tərəflərdən birini, yaxud hər ikisini müharibəyə təşviq etmək əvəzinə, onları sülhə təşviq etsin. Əlbəttə, tərəflərin haqlarının qayıtması şərti ilə. Xüsusilə də bu məsələdə azərilər zərər çəkmişdir, şəhərləri işğal olunmuşdur və çoxlu insanlar köçkün düşmüşdür və onlar öz yurdlarına qayıtmalıdır. Məntiqi və ağılabatan yol bu deyil ki, tərəflərdən birinə hərbi dəstək verəsən və qarşı tərəf də dəstək üçün başqalarını köməyə çağırsın, beləliklə bölgədən kənar güclərin ayağı bu məntəqəyə açılsın və bölgə böhran mərkəzinə çevrilsin. Qafqaz regionu digər regionlarla müqayisə ediləsi deyil və bu bölgə çox həssasdır. Qafqazın təhlükəsizlyi asan məsələdirmi ki, onun barədə bu qədər asan qərar verəsən! Onun barəsində ağıllı davranmaq lazımdır və od üzərinə benzin tökməkdən çəkinmək lazımdır.
- Ötən günlərdə əfqanıstanlı və suriyalı kimi müxtəlif millətlərdən olan təkfirçi terrorçuların Azərbaycana, əsasən də İran sərhədinə yaxın olan bölgələrə köçürülməsi barədə bir sıra xəbərlər yayıldı və bu çox narahatedici haldır. Təkfirçi qrupların yaradılmasının əsas səbəbi şiələrin öldürülməsidir. Doğrudanmı bu təkfirçilər şiə ölkəsinə kömək etmək üçün Azərbaycana gəliblər?
- Ümidvarıq ki, təkfirçi terrorçuların bu bölgəyə gəlməsi xəbəri düzgün olmasın. Əgər belə olsa, Əl-Qaidə ifratçıları və İŞİD-i bölgəyə gətirən hər kəs cavabdehlik daşımalıdır. İŞİD və vəhabi ifratçıları Amerikanın əlində alətdir. Onların qarşısını almaq lazımdır. Sözsüz ki, Azərbaycan və Ermənistan çox pis keçmişi olan, yəni Suriya və İraqda bu qədər cinayət törətmiş  təkfirçilərin belə bir həssas bölgəyə gətirilməsinə heç vəchlə razı deyillər. Bu təkfirçilərin niyyəti xeyirli deyil, sizin də toxunduğunuz kimi təkfirçilərin burada olması bu iki ölkənin xeyrinə deyil. Təkfirçiləri bu bölgəyə gətirənlərin də niyyəti sui-istifadə etməkdir və onların hüzuru ilə bölgəyə nüfuz etmək istəyirlər.
- Siz təkfirçi-terrorçu qrupların gətirilməsi ilə bağlı yayılmış xəbəri təsdiq edirsinizmi?
- Mənim bu haqda dəqiq məlumatım yoxdur. Əgər belə bir xəbər düzgün olsa, onda mütləq təhlükəlidir və biz qabaqlayıcı addımlar atmalıyıq.
- Cənab doktor Vilayəti! Təkfirçilərin İran sərhədləri yaxınlığında hüzuru bizim üçün dözülən haldırmı? Əgər dözülməzdirsə, bu köçürülmə davam edəcəyi surətdə bizim buna münasibətimiz necə olacaq?
- Baxın, şübhəsiz İran İslam Respublikası öz təhlükəsizliyini və sərhədlərini qitiyyətlə qoruyur. Bu barədə də biz heç bir kəs üçün şübhə qoymamışıq. Terrorçu qrupların, Amerika və sionist rejiminin əlində alət olanların bizim sərhədlərimizin yaxınlığında yuva qurmasına heç cür icazə vermərik və sözsüz ki, onlara cavab veriləcək.
İran İslam Respublikası bu gücə malik olduğunu sübut etmişdir. Bunun nümunəsi kimi İraq və Suriyadakı təkfirçiləri göstərmək olar. Allah rəhmət etsin, şəhid  Süleymaniyə. Bir vaxt dedi ki, filan müddətə İŞİD təkfirçiləri mövcud olmayacaq. Elan etdiyi vaxtdan daha tez onların kökünü kəsdi. İndi də, bizim xalqımız həmin xalqdır. Biz Səddamın İrana hücumunda və Amerikanın İrana hücumunda da çox güclü əməl etdik və özümüzdə şəkk-şübhəyə yol vermirik. Əgər kimsə terrorçuları təhrik etməklə İrana zərər yetirməyi düşünsə, buna dözməyəcəyik. İran İslam Respublikasının da dözüm həddi vardır. Bəzi vaxtlarda bir qəlpə, bir güllə İran ərazisinə düşürsə, bu davam edə bilməz. Biz bölgənin bədxahları vasitəsilə yaradılmış hadisələrin qarşısında möhkəm dayanacağıq.

 
  • Yazılıb
  • da (də) 2020 Oct 09
  • Göndərən جهان کمالی