Dərhal əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən bu saat qədər dağıntılar altından xəsarət almış 17 nəfər və 7 nəfərin cəsədi çıxarılıb.
Arannews-islamazeri.com xəbər verir ki, Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumata görə, bununla belə, düşmən xarici kütləvi informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə törətdiyi cinayətləri pərdələməyə, həmin əməllərdən boyun qaçırmağa yönələn xəbərləri tirajlamaqla qanunsuz əməllərini təkzib etməyə cəhdlər göstərir.
Lakin hadisə yerindən yerli və xarici media nümayəndələrinin yaydığı foto və videogörüntülər bu yalanları ifşa etməkdədir.
Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 3 qadın olmaqla 7 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.
Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Fövqəladə Hallar Nazirliyinin məlumatında isə deyilir:
Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr 2020-ci il tarixində gecə saat 2.00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəni raket atəşinə tutub. Nəticədə, yaşayış binasına düşən raket binanı tamamilə dağıdıb, bina sakinləri dağıntılar altında qalıb.
Dərhal əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən bu saat qədər dağıntılar altından xəsarət almış 17 nəfər və 7 nəfərin cəsədi çıxarılıb.
Axtarış-xilasetmə əməliyyatına FHN-in Gəncə Regional Mərkəzindən 33 nəfər şəxsi heyət və 3 texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 25 nəfər şəxsi heyət, 3 texnika və 5 baş xüsusi təlim görmüş it, Mülki müdafiə qoşunlarından 48 nəfər şəxsi heyət və 2 ədəd texnika, Dövlət Yanğından Mühafizə Xidmətindən 21 nəfər şəxsi heyət və 3 texnika cəlb olunub. Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.