Tarix : 2020 Oct 20
Kod 60410

Cəbhə gündəliyi: 19 oktyabrda nələr oldu...

İşğalçı Ermənistanla sentyabrın 27-sindən başlayan qanlı müharibənin 23-cu günü başa çatıb. Oktyabrın 19-da da cəbhədə sakit keçməyib.


Arannews-Modern.az saytı Azərbaycan Müdafiə Nazirliyinin oktyabrın 19-da yaydığı rəsmi məlumatların xülassəsini təqdim edir:
- Oktyabrın 18-də gün ərzində və 19-a keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində, eləcə də Araz çayı boyu müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları davam edib. Düşmən tərəfindən bölmələrimizin müdafiə mövqeləri atıcı silahlar, minaatanlar və toplardan atəşə tutulub.
- Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları və 11 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
- Bir çox istiqamətlərdə döyüş mövqelərini itirən Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında döyüş tapşırığı icra edən taborun komandiri şəxsi heyətlə birlikdə döyüş mövqelərini ataraq geri çəkilib. Alayın müdafiə sahəsində yerləşən 63-cü tank taborunun qərargah rəisi məhv edilib, 1-ci taborun komandiri və onun müavini Gevorq Makaryan isə yaralanıblar.
- 5-ci dağatıcı alayın müdafiə sahəsindəki taborun şəxsi heyətinin bir qismi məhv edilib, digərləri isə döyüş mövqelərini özbaşına tərk edərək qaçıb. Ölənlər arasında tabor komandirinin müavini mayor Hayk Stepanyan da var. Alayın bölmələrində ərzaq, yanacaq və döyüş sursatlarının çatışmazlığı barədə məlumat əldə edilib.
- İşğal olunmuş ərazilərdə döyüş mövqelərindən qaçan hərbi vəzifəlilərin, könüllülərin, həmçinin Ermənistana köç etmək istəyən 55 yaşına qədər kişilərin qarşısını almaq məqsədilə yollarda komendant postları qurulub. Bu məntəqələrdə avtomobillərin yoxlanılması zamanı çoxlu sayda silah-sursat, hərbi geyim və ləvazimat, eləcə də yataq dəstlərinin döyüş bölgəsindən çıxarılaraq Ermənistana daşındığı məlum olub.
- Ermənistan silahlı qüvvələri gecə ərzində Goranboy, Tərtər və Ağdam rayonlarının ərazisini minaatanlar və toplardan atəşə tutub.
- Düşmən Ağcabədi rayonunun ərazisini də atəşə tutub.
- Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxanlı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.
- Sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə rəsmi surətdə öz təsdiqini tapmamış məlumatları yaymamağa və yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırş edilib.
- Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanla dövlət sərhədində növbəti dəfə vəziyyəti gərginləşdirməyə cəhd göstərib.
Oktyabrın 19-u saat 11.10-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonu istiqamətindən Tovuz rayonu, Vardenis rayonu istiqamətindən isə Daşkəsən rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutub.
- Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 19-u saat 12.00-dan başlayaraq işğal olunmuş Kəlbəcər rayonu istiqamətindən Göygöl rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini 82 və 120 millimetrlik minaatanlar və iriçaplı atıcı silahlardan atəşə tutub.
- Ermənistan silahlı qüvvələri  Tərtər və Ağdam rayonlarının yaşayış məntəqələrini artilleriya atəşinə tutub.
- Döyüşlərdə iştirak edən hərbi qulluqçuların döyüş əzminin daha da artırılması məqsədilə Müdafiə Nazirliyi Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən təbliğat və təşviqat tədbirləri davam etdirilib.
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müraciətləri, təbrikləri eləcə də ordumuzun uğurları barədə məlumatlar operativ şəkildə döyüşlərdə iştirak edən şəxsi heyətə çatdırılıb. Cəbhədə rəşadət göstərən hərbi qulluqçularımızı təbliğ edərək ruh yüksəkliyinin artırılması məqsədilə işlər görülüb.
-“Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlarımızın döyüşlərdə iştirak edən şəxsi heyətə ünvanladıqları məktublar hərbi qulluqçularımıza çatdırılıb.
- Döyüşlərdə iştirak edən hərbi qulluqçuların döyüş əzminin daha da artırılması məqsədilə Müdafiə Nazirliyi Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən təbliğat və təşviqat tədbirləri davam etdirilib.
- Cəbrayıl və Füzuli istiqamətində düşməndən ələ keçirilən hərbi qənimətlər nümayiş etdirilib.

  • Yazılıb
  • da (də) 2020 Oct 20
  • Göndərən جهان کمالی