Müsəlman Birliyi Hərəkatı bu gün Bərdə şəhərində baş verən erməni terroru ilə bağlı bəyanatla çıxış edib.
Arannews-Rakurs.tv-yə daxil olan bəyanatı olduğu kimi təqdim edirik:
Bərdədə dinc əhaliyə qarşı Ermənistanın törətdiyi dövlət terroru bir daha göstərdi ki, bu dövlət üçün heç bir qanun, qətnamə, razılaşmanın dəyəri yoxdur. Ermənistanın təcavüzkar siyasətinin, vəhşiliyinin həddi-hüdudu, sərhədi yoxdur. Bu, son günlər ərzində beynəlxalq vasitəçilərin davamlı səyləri ilə üçüncü dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistanın beynəlxalq humanitar hüquq öhdəliklərini heçə sayaraq törətdiyi növbəti müharibə cinayətidir. Bərdədə işğalçıların ardıcıl olaraq törətdikləri terror nəticəsində ümumilikdə 100-dən çox insan ölmüş və yaralanmışdır.
İki ölkənin Xarici İşlər nazirlərinin Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə keçirəcəyi görüşü ərəfəsində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti qanlı cinayətin törədilməsi, təcavüzkar Ermənistanın münaqişənin siyasi həllində maraqlı olmadığının və hər vəchlə danışıqlara maneə törətmək məqsədi güddüyünün bariz göstəricisidir.
Azərbaycanın dinc əhalisinə qarşı insanlıq əleyhinə cinayətin törədilməsinə görə Ermənistanın siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır. Cinayətkarların ədalət məhkəməsi qarşısında cavab verməsini təmin etmək üçün beynəlxalq ictimaiyyətin də qəti mövqe sərgiləməsi lazımdır. Lakin təəssüf ki, özünü qlobal supergüc kimi proseslərin gedişatında təmzimləyici olaraq təqdim edən böyük dövlətlər müxtəlif yollarla işğalçının daha da quduzlaşmasına rəvac verirlər.
Müsəlman Birliyi Hərəkatı qətlə yetirilmiş günahsız həmvətənlərimizin ailələrinə və bütün xalqımıza dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyir.
Və bəyan edir ki, itkilərimizin canyandırıcı və ağır olması məyusluq yox, əksinə, qisas hissi ilə haqq işimizi davam etdirərək daha da əzmlə, iradə ilə qələbəyə doğru qətiyyətimizi artıracaqdır!
Müsəlman Birliyi Hərəkatı.
Bakı.
28.10.2020."