Tarix : 2020 Nov 02
Kod 60462

Cəbhə gündəliyi: 1 noyabrda nələr oldu...

İşğalçı Ermənistanla sentyabrın 27-sindən başlayan qanlı müharibənin 2-ci ayını yaşayırıq. Noyabrın 1-də də cəbhədə sakit keçməyib. Baxmayaraq ki, tərəflər arasında humanitar atəşkəs razılaması var idi.

Arannews-Modern.az saytı Azərbaycan Müdafiə Nazirliyinin noyabrın 1-də yaydığı rəsmi məlumatların xülassəsini təqdim edir:
- Noyabrın 1-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.
- Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.
- Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında xeyli sayda itki var.
- Son sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd PDM, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 8 ədəd müxtəlif tipli topu, 2 rabitə qülləsi, 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
- Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusu bölmələrinin mövqelərini artilleriya, minaatan və atıcı silahlardan atəşə tutub.
- Noyabrın 1-ə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Berd, Çəmbərək və Gorus rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Qubadlı rayonlarında yerləşən ordu bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.
- Noyabrın 1-də saat 10:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri, rayonun Şıxarx qəsəbəsi, Qapanlı, Əskipara, Səhləabad kəndlərini, eləcə də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini intensiv artilleriya atəşinə tutub.
- İşğal olunmuş ərazimizdə yerləşən Ermənistan silahlı qüvvələrinin raket-artilleriya silahları anbarı bir neçə gün əvvəl tərəfimizdən məhv edildikdən sonra düşmən bölmələrində ciddi sursat qıtlığı yaranıb.
Buna görə də düşmən sərəncamında olan bütün sursatları döyüşlərin ən qaynar getdiyi istiqamətdə istifadə etməyə çalışır.
- Oktyabrın 31-də axşam saatlarında ərazinin havadan müşahidəsi zamanı sursatla dolu iki yük maşının daldalandığı yer müəyyən edilib. İstiqamətlənmiş dəqiq atəş zərbəsi ilə hərbi nəqliyyat vasitələri dərhal məhv edilib.
Həmin anları əks etdirən videogörüntülər təqdim edilib.
- Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində gedən döyüşdə zərərsizləşdirilən düşmən bölmələrindən hərbi qənimət kimi silah və sursat götürülüb.
Əldə edilən silah və sursatın videogörüntüsü təqdim edilib.
- Ermənistan mediasının noyabrın 1-də Xankəndi üzərində Azərbaycan Ordusuna məxsus PUA-nın vurulması ilə bağlı yaydığı xəbər həqiqəti əks etdirmir və düşmən tərəfinin növbəti dezinformasiyasıdır.
- İşğal altında olan yaşayış məntəqələrimizin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə Ermənistan KİV-ləri təxribat xarakterli dezinformasiyalar yaymaqda davam edir. Bu cür həqiqəti əks etdirməyən xəbərlər yaymaqla Ermənistan müdafiə nazirliyinin rəsmiləri cəbhədəki vəziyyətdən tamamilə bixəbər olduqlarını nümayiş etdirir.
- Növbəti dəfə rəsmi olaraq bəyan edirik ki, bölmələrimiz yalnız düşmənin döyüş mövqelərinə və atəş nöqtələrinə cavab zərbələri endirir.
- Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində bölmələrimizin mövqelərini atəşə tutan düşmənin 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib.
- Cəbhənin müxtəlif istiqamətlərində gün ərzində düşmənin iki artilleriya batareyası məhv edilib.
- Düşmənin canlı qüvvəsinin məhv edilməsinin videosu yayılıb.
- Oktyabrın 31-də saat 17:00 radələrində ərazinin havadan müşahidəsi zamanı cəbhənin Xocavənd istiqamətində hərbi avtomobil kortejinin hərəkəti qeydə alınıb. İstiqamətlənmiş və kombinəedilmiş havadan və artilleriyanın dəqiq atəş zərbələri ilə kortejin tərkibində olan bir neçə avtomobil və şəxsi heyət məhv edilib.
Kortejin məhv edilməsinin videogörüntüsünü təqdim edilib.
- Oktyabrın 31-də Hərbi Hava Qüvvələrinin Su-25 həmlə təyyarəsi düşmən mövqelərini bombardman edib. Endirilən aviazərbələr nəticəsində düşmənin səngərlərdə və yeraltı sığınacaqlardakı xeyli sayda canlı qüvvəsi məhv edilib.
Düşmənin canlı qüvvəsinin məhv edilməsinin videogörüntüsü təqdim edilib.

  • Yazılıb
  • da (də) 2020 Nov 02
  • Göndərən جهان کمالی