Son Qarabağ müharibəsi hadisələrində Azərbaycan Respublikası şiələri keçmişdə itirdiklərinin əvəzini çıxmaq, əzadarlıq mərasimləri qadağasının cari ildə koronavirusla mübarizə bəhanəsi ilə daha da sərtləşmiş atmosferini dəyişmək üçün qızıl fürsət qazandılar. Bu hadisələr Ali Məqamlı Rəhbərin Azərbaycan Respublikası Prezidentinə tövsiyələrinin düzgünlüyünü əyani şəkildə sübuta yetirdi və sözsüz ki, onun tövsiyələrinə diqqət yetirmək bu ölkəni və onun xalqını düşmənlərin aşkar və gizli planlarından xilas edəcək.
AranNews - Azərbaycan Prezidentinin Ağdam cümə məscidində hüzuru, son günlər və həftələrdə bu qəbildən olan bir çox hadisələr bu sualı yaradır ki, Azərbaycan Respublikası başçıları uzun illər bu ölkədə şiəliklə, şiənin fəal dindar və ruhaniləri ilə düşmənçilik etdikdən sonra xalqın əksər hissəsinin şiə məzhəbinə maraqlı olmasını müşahidə etməklə öz siyasət və kimliklərini dəyişmək qərarına gəliblərmi? Yoxsa ermənilərdən geri alınmış şəhərlərdə məscidləri ziyarət etmək, orada azan səsləndirmək və camaat namazı təşkil olunması müharibə vəziyyətinə görə, habelə bu ölkə cavanlarının dəfn mərasimində xalqda yaranmış dini hislər dalğasından istifadə edərək siyasi və təbliğat faydaları əldə etmək üçün siyasi bir taktikadır?
Bu sualın iki cavabı ola bilər. Birincisi, belə nəzərə gəlir ki, Azərbaycan Respublikasının sekular hökuməti şiəliyə qarşı 30 il sərt və repressiv davranışından sonra bu zorakı siyasətin uğursuzluğunu gördüyündən öz yanaşmasını dəyiməyi qərara almışdır. Çünki Azərbaycan xalqının şiə kimliyinin bərpasının qarşısını almaq üçün repressiv addımların təsirsizliyi həmin son günlərin hadisələrində, ikinci Qarabağ müharibəsi şəhidlərinin dəfn mərasimində, hətta həmin sekular dövlətin əsgərlərinin əməliyyata başlamazdan qabaq hərbi qarnizonlarının daxilində İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə növhə oxumaları ilə bir daha sübuta yetdi. Bunu da vurğulayaq ki, həmin günlərdə Türkiyə və onun hərbi məsləhətçiləri, habelə sionist rejim məsləhətçiləri Azərbaycan ordusuna satdığı modern silahları işlətmək bəhanəsi ilə komandanlığı, yaxud əməliyyatlara müdaxiləni öz əllərinə almışdılar və Azərbaycan ordusu daxilində Türkiyəyə bağlı olanlar öz siyasi və məzhəbi tamahlarını icra etməyə səy edirdilər. Məslən, Azərbaycan ordusu işğaldan azad edimiş cənub-qərb şəhərlərində yerləşən kimi burada Türkiyə və əhli-sünnə qaydası ilə azan səsləndirildi. Türkiyə müxbirləri də öz həyəcanlı xəbərlərində səy etdilər ki, Azərbaycanda ictimai rəyi azad edilmiş şəhərlərdəki tarixi və dini məkanları şiəliyə, həqiqi və iranlı tarixə bağlı olmayan bir səmtə sövq versinlər, Ağdam və Şuşa məscidləri üçün Osmanlı tarixçəsi düzəltsinlər. Lakin elə həmin vaxtda və Azərbaycan ordusunda dini və məzhəbi təzahürlərin qarşısını almaq üçün bütün sərt qayda-qanunlara, hətta əsgərlərin namaz qılmasına qarşı qoyulan qadağaya baxmayaraq, hər yeni kənd və ya şəhər işğaldan azad edilən kimi həmin ordunun içərisindən əsgər və zabitlər Əmirəlmöminin Əlinin (ə) vilayətinə şəhadət verilən könül oxşayan azan səsləndirirdilər. Azərbaycanlı ana və atalar öz övladlarını Məhəmməd (s) və ali-Məhəmmədə salavat göndərməklə, ləbbeyk ya Hüseyn (s) şüarları ilə müharibə cəbhəsinə yola salırdılar, onların salamatlığı üçün İmam Hüseynə (ə), həzrət Əbəlfəzə (ə) nəzir edir, qurban boyun alırdılar. Dəfn mərasimlərində də çox həyacanlı və coşqun səhnələr yaranırdı. Bu mərasimlər İmam Hüseyn (ə) əzadarlığına çevrilmişdi. Sanki, Azərbaycan Respublikası şiələri keçmişdə itirdiklərinin əvəzini çıxmaq, əzadarlıq mərasimlərinə qoyulan qadağanın cari ildə koronavirusla mübarizə bəhanəsi ilə daha da sərtləşdirilmiş atmosferini dəyişmək üçün qızıl fürsət qazandılar.
Normal vəziyyətdə bütün bu önəmli əlamətlər Azərbaycan Respublikasının şiə cəmiyyətinin əksəriyyətinin istəkləri kimi qəbul olunur və sağlam ağıl və məntiqə əsasən, hakimiyyət bu əlamətləri və xalqın istəklərini nəzərə almalıdır, özünü onunla uyğunlaşdırmalıdır. Bu səbəbdən Əliyevin üzdə İslam dininə qarşı hərəkətləri, mövqe və yumşaqlıq göstərmələri bir sıra siyasi müşahidəçilərin bu nəticəyə gətirmişdir ki, Azərbaycan Respublikası hakimiyyətində şiə məzhəbinə qarşı müsbət dəyişmə başlamışdır və bu müsbət dəyişməni, onun az olmasına baxmayaraq gücləndirmək lazımdır.
Bunun qarşısında ikinci cavab budur ki, Azərbaycan Respublikasının sekular hökumətinin şiə fəal dindar və ruhanilərə qarşı pis davranışının keçmişinə, habelə bu ölkədə şiələrin həyat tərzini məhdudlaşdıran qanun və siyasətlərin mövcudluğuna diqqət etməklə, dinlə bağlı bu kimi çıxış və hərəkətlər nümayişinə şübhə ilə yanaşmaq lazımdır. İkinci cavaba və baxışa əsasən, bu hərəkətlər göstərir ki, Azərbaycan Respublikasına hakim sekular hökumət o qədər dəyişmişdir ki, artıq dinin vətənpərəstliyi gücləndirmək üçün bir vasitə, ondan da önəmli isə dinin hökumətin güc mənbəyi ola biləcəyini başa düşür. Bu növ dəyişmə Azərbaycan Respublikasında keçmiş ateistlərin İslam dini qarşısındakı baxış və təhlillərində təkcə prezidentin özünün baxışlarındakı dəyişmə ilə xülasələnmir. Hətta, Azərbaycanın köhnə kommunist və ateistlərinin simvolu olan Ramiz Mehdiyev kimi birisi ötən aylarda sərt təbliğat hücumlarına məruz qaldıqda və hakimiyyətdən uzaqlaşdırılaraq küncə sıxışdırılanda özünü müdafiə olaraq verdiyi açıqlamada dini təlimlərə istinad etməyə məcbur olurdu. Belə ki, R. Mehdiyev məqalələrinin birində İmam Hüseyni (ə) və onun yaxınlarının həzrət Məhəmməd (s) ümməti arasıdakı xainlər tərəfindən öldürülməsinə toxumuş və bu hadisəyə istinad etmişdir.
Hər halda din səmtinə yönəlmiş bütün bu diqqətlər, özünü din və dini təlimlərə hörmətlə yanaşan kimi göstərməklər sübut edir ki, Azərbaycan Respublikası camiəsi çox dəyişmişdir və kommunist hakimiyyəti dövründə cəmiyyətə sırınmış saxta millətçilik kimliyindən uzaqlaşmağa, şiə kimliyinin bərpasına doğru gedir. İndi ən dinsiz və anti-din siyasətçilər belə, artıq Azərbaycan cəmiyyətinin bu dəyişməsinə diqqət etmədən öz siyasətlərini irəli apara bilmirlər. Ona görə də Azərbaycan başçıları üzdə dinə və xalqın dini etiqadına hörmətlə yanaşmağı qaçılmaz bir zərurət sayırlar. Öz fəaliyyət dosyesində məscidləri dağıtmaq, azan səslənməsini və İmam Hüseyn (ə) əzadarlıq mərasimlərini qadağan etmək, dini kitabların nəşr və satışını yasaqlamaq, dini fəalları və ruhaniləri həbs etmək, onlara qarşı işgəncələrin çoxlu nümunələri olan siyasətçilərin zahiri görünüşləri təklikdə onların dinlə bağlı siyasətlərinin müsbət yönümə dəyişdiyini isbat edə bilməz. Xüsusilə də əgər bu dəyişmə və nümayişlərin arxasında Azərbaycan xalqının əsil kimliyi olan şiəçiliyi təhrif etmək və məhv etmək üçün sionistlərin multikulturalizm siyasəti və bu ölkədə yad mədəniyyətlərin yaradılması gizlənirsə, qeyd olunan zahiri görünüşləri qəbul etmək olmaz və ən azından mübariz dindar kəsim bu cəmiyyətdə şiə kimliyini qorumaq və bərpa etmək üçün öz müqavimətlərini davam etdirməli və repressiyalar qarşısında duruş göstərməlidir.
Lakin Azərbaycan Respublikasında kiçik və zahiri də olsa belə, dinlə bağlı hər hansı müsbət addım, hərəkət və dəyişimin yaxşı qarşılanmasının vacibliyinə diqqət etməklə, belə nəzərə gəlir ki, bu ölkədə xalqın etiqadına hörmətlə yanaşmaq nümayişinə iki nikbin və bədbin baxışın birləşməsi vasitəsilə daha real və qəbulediləsi bir baxış və nəticəyə çatmaq olar. Belə ki, hazırkı mərhələdə Azərbaycan hökumətinin dindarlara qarşı siyasət və strategiyasında dəyişim ən azından bəzi problemləri həll edə bilər. Ona görə indi Azərbaycan cəmiyyətinin dindar kəsimi arasından demək olar ki, hər gün İlham Əliyev və Mehriban Əliyevadan xahiş olunur ki, məhz siyasi və etiqadi baxışlarına görə zindana salınmış günahsız dindar və ruhaniləri azad etsinlər. Xalqın bu cinahı həqiqətdə islamçı məhbusların azad edilməsi tələbini Azərbaycan rəsmilərinin xalqın etiqadına və islami kimliyinə hörmət nümayiş etdirmələrindəki sədaqəti yoxlamaq üçün meyar təyin etmişlər. Çünki siyasi məhbus olan bu dini kəsim nə hakimiyyət iddiasında olmuşdur, nə də həbsə səbəb olacaq siyasi bir cinayətə əl atmayıb. Əksinə onlar ikinci Qarabağ müharibəsində Azərbaycanın kənd və şəhərlərini işğaldan azad edən qüvvələri yetişdirən kəslərdir. İlham Əliyev özü də ikinci Qarabağ müharibəsində şiə təlimləri ilə hidayət olmuş həmin cavanların etiqadının təsir və rolundan xəbərdardır. İndi Azərbaycan xalqı özünü bu dəyişimin meyvəsini dərmək və bu ölkənin kimlik təməllərini möhkəmlətməkdə daha dəyərli səmərələrə nail olmaq durumunda görür. Bu zəminənin uzaqgörənliyində 23 fevral 2017-ci ildə həzrət Ayətullah Xamenei Tehranda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə ona demişdi: “İslam maarifinin tərvici və dini təzahürlərə hörmətlə yanaşmaq ümumi qarşılanmaya və təhdidlər qarşısında xalq dayağına səbəb olacaq. Azərbaycan xalqının islami və şiə etiqadı çox qiymətli sərmayədir. Dövlət xalqın bu dini etiqad və təzahürlərə nə qədər hörmətlə yanaşarsa, xalqın hökumətə dayaq olması və bəzi supergüclərin düşmənçiliyi qarşısında müqaviməti də artacaq. Azərbaycan dini baxımdan köklü və bir çox böyük İslam alimlərinin yetişdiyi məntəqədir. Azərbaycan xalqı zəkalı və oyaq xalqdır. Hökumətin dini işlərdə onu alqışlaması və kömək etməsi onların sevgisini cəlb etməkdə çox təsirlidir. İslam və şiə maarifini tərvic etmək problemlər və təhdidlər qarşısında Allahın nüsrətini və Əhli-beytin (ə) lütfünü cəlb etməyə səbəb olacaq.”
Son aylardakı hadisələrdə Ali Məqamlı Rəhbərin Azərbaycan Prezidentinə bütün bu tövsiyələrinin düzgünlüyü əyani şəkildə sübuta yetdi. Sözsüz ki, həzrət Ayətullah Xameneinin tövsiyələrinə diqqət yetirmək və Azərbaycan şiələrinin istək və sevgilərini nəzərə almaq bu ölkənin və onun əhalisini aşkar və gizli düşmənlərin məkirli planlarından, Azərbaycanın dostu cildinə girmiş fitnəçilərin, o cümlədən sionistlərin, pantürkistlərin və digər nüfuz sahiblərinin fitnəsindən xilas edə bilər. Qarabağ məsələsinin tam həllini tapması üçün də kifayətdir ki, İmam Xameneinin işğal edilmiş ərazilərin Azərbaycan Respublikasına qaytarılması, bunun yanında bu bölgədə yaşayan erməni sakinlərinin təhlükəsizliyinin təzmin edilməsi, habelə terrorçu və təkfirçilərin bu bölgədə hüzuruna imkan verilməməsi kimi tövsiyələri Qarabağ böhranının ədalətli həlli istiqamətindəki hər sülh planı və təşəbbüsünün təməli olsun və daimi sülhə arxalanmaqla ərazi və koridor mübadilələri üçün, habelə siyasi coğrafiyanı bir-birinə vuran, bu diyarın xalqının əsli, tarixi və mədəni kimliklə təzadlı olmaqla yanaşı bu bölgə xalqının və İslami İranın düşmənlərinin xeyrinə ölçülən cəmiyyət tərkibinin yerdəyişməsi üçün meydan açılmasın.
Bürhan Hişməti