Tarix : 2020 Dec 12
Kod 60625

Təbrizdə Qarabağ şəhidləri anılıb

Hövzə və universitet ustadı: Azərbaycanın ərazilərinin böyük hissəsinin azad edilməsinə sevinirik.

Hövzə və universitet ustadı höccətül-islam Müctəba Nəzəri: “Azərbaycan döyüşçüləri Qarabağ müharibəsində Ya Hüseyn şüarları səsləndirir və növhə oxuyurdular. Qarabağ İslamın bir parçasıdır və biz hamımız Azərbaycanın Qarabağda əsas hissələrinin azad edilməsinə sevinirik.
Arannews-Təbrizdə Azərbaycan şəhidlərinin anım mərasimi keçirilib. Mərasimdə Qarabağ şəhidlərinə aid şəkillərdən ibarət sərgi də hazırlanıb.
Mərasimin natiqi Təbrizin hövzə və universitet ustadı höccətül-islam Müctəba Nəzəri şəhidin uca məqamından danışıb, şəhid general Qasim Süleymaninin vəsiyyətnaməsindən bir hissəsinə toxunub və İslam cəmiyyətini ona diqqət etməyə çağırıb.
Xətib deyib ki, şəhid Süleymani şəhidlərin övladları ilə ünsiyyət qurmağı tövsiyə edib və şəhid övladlarına müraciət edərək deyib: “İstəyirəm ki, cənazəmi şəhid övladları çiyinlərinə götürsünlər. Bəlkə onların pak əlləri sayəsində Allah Öz lütfünü mənə şamil etdi.” Bu, şəhid Süleymaninin şəhid övladlarına baxışıdır.
M. Nəzəri əlavə edib: “İslam İnqilabından 42 il sonra hələ də öyrənilməsi vacib olan çoxlu maariflər vardır, məscid və İslam alimlərinin işi hələ bitməyib.”
Şəhid məqamının ucalığından söz açan ustad deyib: “Bizim 17 min nəfərimiz terrorun qurbanı olub. 8 illik Müqəddəs Müdafiədə, habelə Hərəm Müdafiəsində şəhid verdik. İmam Xomeyni kimi əzəmətli bir şəxs İslamın həqiqi bayrağını əlinə götürdü və siz də onun ardınca getdiniz, bu bayrağı irəli apardınız. Bugün həmin bayraq İslam İnqilabının Böyük Rəhbərinin əlindədir. Bu bayrağın Yaxın Şərqdə vəzifəsi vardır. Bu bayraq sionist rejimi ilə üzləşəcək. Bu bayraq Kərbəla yolunu Qüdsə birləşdirməlidir. Allahın rəhməti olsun şəhid Bakiriyə, deyirdi: Bizim karvanımız canından keçənlər karvanıdır. Hər kəs canından keçən deyilsə, bizimlə gəlməsin.”
Tanınmış təbrizli ruhani Azərbaycan Respublikasının İrandan sonra ən böyük şiə ölkəsi olduğunu vurğulayıb və Azərbaycan Respublikası xalqına müraciət edərək deyib: “Quranı qoruyun, 12 imam yolunu qoruyun və sizin qonağınız həzrət İmam Rizanın (ə) bacısının hərəminin hörmətini saxlayın.”
Höccətül-islam Nəzəri Azərbaycan xalqının dindarlığını da alqışlayaraq deyib: “Əhsən sizə ki, Ya Hüseyn şüarını unutmadınız. Şəhidlərin cənazələri sizin əlləriniz üstə sizi diriltdi.”
Xətib 44 günlük Qarabağ müharibəsini Azərbaycan xalqının şiə kimliyinin təcəllisi üçün fürsət adlandıraraq deyib: “Azərbaycanda hicabı müdafiə etdiyi üçün zindana düşənlər vardır. Bu, Azərbaycanın şiə cəmiyyətinə yaraşarmı?
Kaş, Azərbaycan dövlət məsulları bilələr ki, xalqın dini, İmam Hüseynin (ə) məhərrəmi sönən deyil, adi vaxtlarda dini rəftar edən cavanlar cəbhələrə getdilər və şəhid oldular. Çünki vətəni bu imanlı cavanlar qoruyurlar. Onlara diqqət ayırın. Bilin ki, həbs və işgəncə ilə İslam yolu dayanmayacaq.”
Höccətül-islam Nəzəri Azərbaycan Prezidenti və onun həyat yoldaşının məsciddə hüzuruna və məscidlərə hörmətlə yanaşmalarına minnətdarlıq bildirərək deyib: “Sizin televiziya kanallarında Şəhid Mütəhhərinin bu cümləsinə istinad edildi ki, “şəhidlər bəşəriyyətin şamıdır”. Bu təqdirəlayiq bir hərəkətdir və bunun üçün təşəkkür edirik. Ey kaş, Şəhid Mütəhhərinin əqidəsi Azərbaycanın teşnə cəmiyyətinə açıqlanaydı.”
Xətib vurğulayıb ki, əhalisinin 85 faizi şiələrdən ibarət olan Azərbaycan Respublikasında Eurovision müsabiqəsinin keçirilməsi yaraşmaz. Bu qədər şəhid vermisiniz, bu qanları qoruyun. Nə üçün dünyanın hər yerində Qüds Günü aksiya keçirilməsi icazəlidir, lakin Azərbaycan Respublikasında buna qadağa qoyulub? Ərəb ölkələri buna icazə verdilər! Amma sizin şiə ölkənizdə icazə verilmir!
Sovet hökumətinin dağılmasından qabaq Azərbaycan Respublikasında baş verən tarixi və acı hadisələri xatırladan xətib deyib ki, Azərbaycan xalqı hələ islamçıların qətliamını unutmayıb. Sovet hökuməti ilə müxalifətçilik edənlərin quyulara atılması xatirələri yaddaşlardan silinməyəcək və xalq bu tarixi oxuyacaq. Ruhanilərin Sibirdə qətliam edilməsi xatirəsi hələ yaddan çıxmayıb. Alimlərin ayaqlarına daş bağlanıb dənizdə qərq edilməsi, onların əmmamələrinin dənizin üzərində qalması unudulmayıb. Xalqın dini kimliyinə etiqadınız olsun, onlara hörmətlə yanaşın, bu kimliyə qarşı hörmətsizlik etməyin.
Hövzə və universitet ustadı deyib: “Son günlərdə Azərbaycanın kəşfiyyat rəsmilərinin sionist rejimlə əlaqələrini gördük. Siz İranın qonşusu kimi qonşuluq haqqına riayət edin. Qonşu qonşuya xəyanət etməz. Düşmənimiz bizim sərhədlərimizə yaxınlaşarsa, ona nəzarətin güclənməsinə səbəb olacaq.”
M. Nəzəri çıxışının digər hissəsində deyib: “Qarabağ İslam torpağıdır və Qarabağın azad edilməsinə görə biz hamımız sevinirik. Allah eləməmiş, əgər bu məsələdə naqislik üz versəydi, təhlükəli planlar icra edilməkdə idi. Gördünüz ki, Cəbhətün-nüsrəni sizin ölkənizə gətirmişdilər. Təkfirçilər ermənilərə qarşı döyüşməyə və müsəlmanları müdafiə etməyə gəlmişdilərmi?! Onlar Suriyada müsəlmanların, şiələrin başlarını kəsənlər deyildimi? Bu sizin üçün sual doğurmadı? Bunlar çox təhlükəli oyunlar idilər.”
Xətib daha sonra gənclərə müraciət edərək onları Şəhid Süleymaninin şəhadətinin ildönümü günlərində fəal olmağa, təsirli rol ifa etməyə çağırıb.
M. Nəzəri Suriya və İraqda İŞİD və təkfirçilərin törətdiyi faciələri xatırladaraq deyib ki, bu hadisələr dastan deyil, bizim dövrümüzdə, bizim ölkəmizin yaxınlığında baş verib. Hərəm müdafiəçilərinin Suriya və İraqda hüzuruna etiraz edənlərə deyin ki, əgər bu terrorçuların qarşısında dayanmasaydıq, bugün şiənin namusunun hansı vəziyyətdə olacağı məlum deyildi. Onlar İmam Xomeyninin məqbərəsinə, İslami Şura Məclisinə hücum etmədilərmi?
Anım mərasiminin sonunda höccətül-islam Nəzəri Qarabağ şəhidləri və İslam dünyasının şəhidlərinin pak ruhuna ülvi dərəcələr arzu edib, Mütəal Allahdan bizi şəhidlərin yanında xəcalətli etməməsini istəyib.
  • Yazılıb
  • da (də) 2020 Dec 12
  • Göndərən جهان کمالی