Tarix : 2020 Dec 16
Kod 60643

Bir şəhidin həyat salnaməsi

Əlimurad sonuncu dəfə atasını, babasını, bir də böyük əmisini kəndlərinin işğalından bir gün qabaq – kəndin qadın və uşaqlarını yük maşınlarına mindirib, kənddən çıxarıldıqları gün görmüşdü. O zaman Əlimuradın 5 yaşı var idi. Əlimurad ailənin üçüncü övladı idi. Böyük qardaşı Əli Əkbərin 10 yaşı, bacısı Zeynəbin isə 8 yaşı var idi.

Arannews-Anasının dediklərinə görə, babası Salam kişi kəndlərini mənfur düşməndən qoruyarkən şəhid olmuşdu. Atası, əmisi və kəndin mərd kişiləri özünümüdafiə dəstələri yaradaraq, düşmənlə partizan müharibəsi edirdilər.
Əlimuradın atası Əliabbas mənfur, ləyaqətsiz düşmənin mühasirəsini yararaq, minlərlə Xocalı əhalisini düşmənin vəhşi caynağından qurtararkən qəhrəmancasına şəhid olmuşdu. Əmisi Əlikərim isə həmən sözügedən döyüşlərdə minaya düşərək şəhid olmuşdu.
Əlimurad orta məktəbi bitirib, xüsusi təyinatlılar məktəbinə daxil olur. Həmin məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra xaricdə təlimlər keçərək, bir zabit kimi vətəninin keşiyində duraraq, xidmət göstərirdi.
İkinci vətən müharibəsi başlayanda Əlimurad iki övlad atası idi. Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralansa da, hərbi hospitalda müalicə olunduqdan sonra doğma vətəninə xidmət göstərmək üçün yenidən ön cəbhəyə yollanır. Qarşıda doğma Şuşanın murdar, şərəfsiz düşmənlərdən azad olunması dururdu.
Əlimuradın dəstəsi düşmənin gözləmədiyi istiqamətdən, keçilməsi ağlasığmaz dərəcədə çətin olan bir istiqamətdən, qayalıq tərəfdən planlaşdırılmış yerə qədər qalxaraq, əmrin verilməsini gözləyirlər.
Hava azacıq işıqlaşmışdı ki, hücum əmri verilir. Bu döyüş zirehli texnikasız, əlbəyaxa döyüşü idi. Əlimurad ayağa qalxaraq “Allahu Əkbər!” təkbirini deyərək, şərəfsiz düşmənin üzərinə qəzəbli aslan kimi hücuma keçir. Onun ardınca da onun mərd döyüşçü dostları təkbir deyərək, düşmənin üzərinə şığıdılar. Bir az irəliləmişdilər ki, Əlimuradın tabeçiliyində olan əsgər dostu yaralanır. Əlimurad yaralı döyüş yoldaşını çiyninə alaraq, düşmənin üzərinə hərəkət edərək, öz-özünə:
- Bu zirvəyə qalxan hər bir vətən keşikçisinin niyyəti, arzusu, məqsədi – düşməni məhv edərək, üçrəngli vətən bayrağını əziz, doğma Şuşada dalğalandırmaq olduğu üçün, bu əsgərin də o dalğalanan bayrağı görmək haqqı var, - deyərək, əlindəki silahdan düşmənə atəş açırdı.Beləcə, qarşısına çıxan düşməni məhv edərək, irəliləyirdi.
Demək olar ki, Əlimuradın yanı ilə irəliləyən hər bir Azərbaycan əsgərinin çiynində, arxasında yaralı döyüş dostu vardı. Düşmən tərəfindən atılan əl qumbarası Əlimuradın ayaqları altında partlayaraq, onu ağır yaralayır. Əlimuradın yanı ilə irəliləyən döyüşçü dostu, Əlimuradı və onun çiynində olan yaralı döyüş dostunu düşmən gülləsindən qorunmaq üçün bir qayanın arxasına çəkərək, ilk tibbi yardımı etdi. Sonra yaralanmış döyüşçülərdən çiyninə alaraq, murdar düşmənə atəş aça-aça irəliləməyə davam edir.
Əlimuradın vəziyyəti çox ağır olsa da, gücünü toplayıb, yanındakı döyüş dostunu səsləyir. Yanındakı yaralı dostundan bir səs gəlmir. Əziz döyüş dostu şəhadətə yetişmişdi...
Əlimurad şəhadət anının yetişdiyini hiss edirdi. O, son nəfəsində: “Ləbbeykə, ya Hüseyn (ə)!” deyə səslənərək, bu dünyaya əbədi olaraq gözlərini yumub, şəhadətə yetişir.
Bəli, Qarabağımız, Şuşamız məhz “Allahu Əkbər!”, “Ləbbeykə, ya Hüseyn (ə)” sədaları ilə azad olunmuşdur. Azərbaycanın imanlı, mərd, ləyaqətli döyüşçüləri bu qəhrəmanlıq salnaməsini öz qanları ilə yazmışlar!
Uca Allah cəmi şəhidləri Şəhidlər Ağası olan mövlamız İmam Hüseynlə (ə) məhşur etsin, inşəallah!
Cəmi müsəlman torpaqları tezliklə zalım qəsbkarların işğalından azad edilsin, işəallah!

Əmmar Yasir,

“Dəyələr”in oxucusu

  • Yazılıb
  • da (də) 2020 Dec 16
  • Göndərən جهان کمالی