Müsəlman Birliyi Hərəkatının üzvü Sahil Rzalı Kürdəxanı qəsəbəsində yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasına göndərilib.
Arannews-Bu barədə Rakurs.tv-yə Sahil Rzalının yaxınları məlumat veriblər.
Məlumatda vurğulanır ki, bir müddət əvvəl vaxtından əvvəl azad olunması ilə bağlı müraciət edən Sahil Rzalıya həbsxana daxili məhkəmə rədd qərarı verib.
“O, əsassız olaraq həbsxananın daxili qaydalarını tez-tez pozmaqda ittiham olunub. Bundan sonra Sahil Rzalı apellyasiya şikayəti verdi. Onun şikayəti əsasında Noyabrın 17 də Sahil Rzalını Kürdəxanı təcridxanasına köcürdülər. Noyabr ayının 20-də hakim Əli Seyfəliyevin sədrliyi ilə məhkəmənin ilkin tanışlıq iclası keçirildi və növbəti məhkəmə dekabr ayının 4-nə təyin olundu”, – deyə yaxınları diqqətə çatdırıblar.
Bildirilir ki, Sahil Rzalı məhkəmənin onsuz keçirilməsi və 15 saylı Cəzaçəkmə Müəsisəsinə göndərilməsi üçün məhkəməyə ərizə ilə müraciət edib.
Bundan əlavə hakim Əli Seyfəliyev də Sahil Rzalıya keçirilən məhkəmə iclaslarının heç birinin ona kömək etməyəcəyini dediyi də yaxınları tərəfindən ifadə olunur.
“Qanunveriliciyə görə Sahil Rzalının məhkəməyə ərizə ilə müraciət etməsindən qısa müddət sonra 15 saylı CÇM-yə köçürülməli idi. Lakin heç bir səbəb göstərmədən Sahil Rzalı hələ də Kürdəxanı qəsəbəsindəki 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır. Sahil Rzalı şəxsən özü, ailəsi və yaxınları mövcud vəziyyətə görə narahatdır. Biz Sahil Rzalının tez bir zamanda 15 saylı CÇM-yə köçürülməsini tələb edirik”, – deyə yaxınları vurğulayıblar.