Tarix : 2008 Jul 25
Kod 6076

SURƏT HÜSEYNOV YENƏ HƏBS OLUNA BİLƏ

E.Əmirov əldə etdiyi gəlirdən hər iki aydan bir 160 min dollar verəcəyi barədə razılaşıb
Azerbaijan Servisi/Aran Agentliyi

Hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dələduzluqda təqsirləndirilən Bakı sakini, iş adamı Emin Əmirovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. İttiham aktına görə, E.Əmirovun vətəndaşların etibarından sui-istifadə edərək 14 milyon manat pul mənimsədiyi bildirilir. Aldığımız məlumata görə, əslində bu məbləğ ittiham aktında göstəriləndən qat-qat artıqdır. Lakin E.Əmirovun pulunu alaraq mənimsədiyi şəxslər kifayət qədər tanınmış simalar olduqlarından adlarının bu qalmaqallı cinayət işində hallanmasını istəməyiblər. Buna görə də hüquq-mühafizə orqanlarına şikayət etməyiblər.

E.Əmirov barədə cinayət işi başlanmasına səbəb olan şikayətin müəllifi, deputat Fərhad Qəribovun oğlu, “Debütbank” Müşahidə Şurasının sədri Rəşad Qəribov E.Əmirovla birgə Londonda təhsil alıb. Buna görə də R.Qəribov külli miqdarda pulu tələbə yoldaşına verəndə aldadılacağını düşünməyib. Hazırda deputat oğlunun Bakıda fəaliyyət göstərən mobil telefon mağazaları şəbəkəsi də qapadılıb.

Deputatın oğlunun tələbə yoldaşına inanmasının bir səbəbi də onun şərikləri arasında sabiq baş nazir Surət Hüseynovun olmasıdır. Məlumat üçün bildirək ki, E.Əmirov İlqar Məmmədov adlı vətəndaşı və R.Qəribovu aldadaraq “Azərcell”dən topdansatış qiyməti ilə ucuz kontur kartları alıb satmaq və Çindən “Vertu” mobil telefonları alıb Moskva və Dubayda satmaq adı ilə 2006-cı ilin mayından 2007-ci ilin aprelinə qədər müxtəlif vaxtlarda külli miqdarda pulu ələ keçirib. E.Əmirov istintaqa bildirib ki, əvvəldən tanıdığı R.Qəribovla 2006-cı ildən kommersiya ilə məşğul olmağa başlayıb. O, R.Qəribova “Azercell” nümayəndələrindən topdan kontur kartları alıb satmağı təklif edib, Rəşad da razılaşıb.

E.Əmirov əldə etdiyi gəlirdən hər iki aydan bir 160 min dollar verəcəyi barədə razılaşıb. Bunun üçün Rəşad ona əvvəlcədən 1 milyon dollar verib. O, həmin pulla Çinin Quancjou şəhərindən topdansatış qiymətinə “Nokia” və “Soni Erikson” markalı mobil telefonlar alıb, satmaq üçün Qazaxıstana göndərib. Rəşada isə pulu “Azərcell”in nümayəndəliyindən kontur kartları almaq üçün götürdüyünü deyib. İki aydan sonra o, Rəşada 360 min dollar verib. Bundan sonra o, Rəşaddan Çindən “Vertu” mobil telefonları alaraq Dubay və Moskvada satmaq adı ilə əvvəlki 1 milyon dollar da daxil olmaqla, 2 milyon 900 min manat alıb. Bundan sonra o, hər iki aydan bir Rəşada qazanc olaraq 660 min dollar verib. Sonradan o, Rəşada Çindən alacağı “Vertu” telefonlarından yaxşı qazanc əldə edəcəyini bildirib, lakin əslində Çindən həmin vaxt telefon almayıb. Ona görə də o, Rəşada banka əmlak girov qoymaqla kredit olaraq pul götürməyi və borclarını ödəməyi təklif edib. Həmin vaxt onun və Rəşadın xeyli miqdarda pul borcu olub.

2007-ci ilin martında Rəşad “Aqua park”ın yaxınlığında olan öz evini, “Avropa” otelinin yaxınlığında olan obyektini və onunla birlikdə şərikli aldığı, Montin qəsəbəsində olan 5 mərtəbəli obyekti “Texnikabank”a girov qoyaraq 4 milyon manat kredit götürüb. Həmin puldan 870 min dolları Rəşadla Montin qəsəbəsində şərikli aldıqları obyektin sahibinə borclu qaldıqları üçün veriblər. Bundan əlavə, həmin puldan 1 milyon 300 min dolları şəxsi işləri ilə əlaqədar xərcləyib, qalan pul isə Rəşadda qalıb. O, İ.Məmmədovdan da 2 milyon 300 min dollar götürdüyünü, həmin puldan 1 milyon 470 min dolları ona qaytardığını, 830 min dollar borclu qaldığını bildirib.

R.Qəribov da istintaqa ifadəsində E.Əmirovun sözlərini təsdiqləyib. O, bildirib ki, dəfələrlə Emindən pullarını istəyib. Lakin Emin hər dəfə bir bəhanə gətirərək pulları qaytarmaqdan boyun qaçırıb. Hər dəfə də pulları sabiq baş nazir Surət Hüseynovla Dubayda torpağa və ev alqı-satqısı biznesinə qoyduğunu deyib. Son nəticədə isə deputat oğlu tələbə yoldaşından şikayət etmək qərarına gəlib.
Sonda onu da qeyd edək ki, E.Əmirov tələbə yoldaşına ümumilikdə 12 milyon 770 min dollar məbləğində maddi ziyan vurub. Şikayət etməyən digər zərərçəkənlərə vurulan ziyanın isə 80 milyon manatı ötdüyü bildirilir.

Aldığımız məlumata görə, keçmiş baş nazir Surət Hüseynovun adının bu işdə hallanması ona yaxşı perspektiv vəd etmir. Yuxarıda qeyd etdiyimiz kimi, mənimsənilən milyonlarla pulun sahibləri sıradan şəxslər deyil. Onların əksəriyyəti hakimiyyətdə sözükeçən şəxslər, yüksək rütbəli məmurlar, deputatlardır. Bu adamların pula, var-dövlətə həssaslığı hamıya məlumdur. Surət Hüseynovun 14 milyonluq qalmaqalda iştirakı təsdiqlənsə, onun yenidən həbs ediləcəyi şübhə doğurmur.
Yazıda adıçəkilən bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq.

  • Yazılıb
  • da (də) 2008 Jul 25