Tarix : 2008 Jul 26
Kod 6082

ERGENEKON İŞİ ÜZRƏ MƏHKƏMƏ BAŞLADI

Məlum olub ki, bir sıra tanınmış şəxslərin, o cümlədən general Vəli Kiçiyin həbsinə səbəb olan ifadənin sahibi əslində fırıldaqçı və qaranlıq imicə malik biridir
Turkyə Servisi/Aran Agentliyi
Türkiyədə İstanbul 13-cü Ağır Cinayətlər Məhkəməsi dünən “Ergenekon” əməliyyatında həbs edilənlərin bir hissəsi ilə bağlı məhkəmə prosesinə start verib. Məhkəmə iki həftə əvvəl İstanbul Cümhuriyyət Prokurorluğunun işlə bağlı təqdim etdiyi istintaq sənədlərini araşdıraraq məhkəmə baxışı üçün əsas olduğu qənaətinə gəlib. Cinayət işinin materialları vəkillərə paylanıb və yaxın günlərdə məhkəmənin proses üzrə ilk iclasın gününü təyin edəcəyi gözlənilir.
Xəbər verildiyi kimi, “Ergenekon” istintaqı 13 ay davam etsə də, iki həftə əvvəl qismən tamamlanıb. Həbs edilənlərdən istefada olan jandarma generalı Vəli Kiçik də daxil olmaqla, bir çox tanınmış şəxsə qarşı hökuməti zorla devirmək cəhdi, terror təşkilatı qurmaq və ona yardım etmək, ölkədə xaos mühiti formalaşdırmaq planları və başqa ağır ittihamlar irəli sürülüb. İyulun 1-də aralarında iki ordu generalı da olmaqla, həbs edilənlərlə bağlı istintaq isə hələ davam edir. Xatırladaq ki, bu günlərdə daha 26 nəfər “Ergenekon” əməliyyatı çərçivəsində həbs edilib. Əgər ittihamlar sübut olunsa, Vəli Kiçik də daxil olmaqla, bir sıra şəxsləri ömrülük həbs cəzası gözləyir.
Qeyd edək ki, Türkiyədə və xaricdə bir çoxları “Ergenekon” əməliyyatını əslində hakim partiyanın ona qarşı olan dünyəvilik tərəfdarı qüvvələrdən və millətçilərdən qisas almaq cəhdi kimi qiymətləndirir. Bu adda təşkilatın olması da şübhəli görünür. Baxmayaraq ki, hökumətə bağlı media neçə vaxtdır “Ergenekon” adlı təşkilatın ağlasığmaz cinayətləri haqda yazaraq bu barədə mif formalaşdıra bilib. Bəzi müşahidəçilərə görə, Türkiyə tarixində görünməmiş şəkildə iki ordu generalını həbs etdirməklə hökumət silahlı qüvvələrə də özünü sakit aparması haqda mesaj vermiş olur. Silahlı qüvvələr isə indiyədək keçmiş yüksək rütbəli mənsublarının həbsinə münasibət bildirməyib. Bu üzdən Baş Qərargah rəisi Yaşar Böyükanıta bəzi kəsimlərdən tənqidlər eşidilir. Dünən Böyükanıt jurnalistlərin ““Ergenekon” əməliyyatı haqda nə zaman danışacaqsınız" sualına “Nə vaxtsa danışacağam, amma indi yox” şəklində eyhamlı cavab verib.
Məlum olub ki, bir sıra tanınmış şəxslərin, o cümlədən general Vəli Kiçiyin həbsinə səbəb olan ifadənin sahibi əslində fırıldaqçı və qaranlıq imicə malik biridir. Söhbət Türkiyədən mühacirət edən və hazırda Kanadada yaşayan, özünü yəhudi kimi təqdim edən keçmiş jurnalist Tuncay Güneydən gedir. Tuncay Güney 2001-ci ildə fırıldaq üstündə tutulub, dediyinə görə, polisdə ona işgəncələr verilib və daha sonra Türkiyədən çıxarılıb. Tutularkən o, polisə “Ergenekon” adlı təşkilat və onun fəaliyyətləri haqda ifadələr verib. Evindən isə bu barədə bəzi sənədlər tapılıb. Hazırda həmin sənədlər və ifadələr “Ergenekon” əməliyyatında həbs edilənlərə qarşı yönəlib. “Haberturk” kanalının araşdırması zamanı məlum olub ki, Tuncay Güney əslində yəhudi əsilli deyil. O, ana nənəsinin yəhudi olması haqda Osmanlı dövründən qalma sənəd göstərsə də, bu sənədin saxta olduğu üzə çıxıb. Həmçinin məlum olub ki, Tuncay Güney Kanadada yəhudi sinaqoqu da açmayıb və orada rahiblik etmir. Onun sinaqoqu sadəcə “internetdə fəaliyyət göstərir”. Bildirilir ki, bu şəxs özünü yəhudi kimi qələmə verərək yəhudi təşkilatlarından pul almaq məqsədi daşıyır. O da məlumdur ki, Güney “üzdəniraq” olduğunu gizlətmir.
  • Yazılıb
  • da (də) 2008 Jul 26