Tarix : 2008 Jul 26
Kod 6083

MÜSAVAT NÖVBƏTİ ETİRAZ AKSİYASINA CİDDİ HAZIRLAŞIR

mitinq keçirmək məqsədilə Partiya bir neçə dəfə rəsmi şəkildə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsə də, meriyadan müsbət cavab verilməmişdi
Azerbaijan Servisi/Aran Agentliyi
Müsavat Partiyası sərbəst toplaşmaq, azad seçki şüarları altında etiraz aksiyalarını davam etdirir. Qeyd edək ki, mitinq keçirmək məqsədilə Partiya bir neçə dəfə rəsmi şəkildə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsə də, meriyadan müsbət cavab verilməmişdi. Bundan sonra partiya iki dəfə Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında razılaşdırılmamış etiraz aksiyası keçirib. Hər iki aksiya polis zorakılığı ilə dağıdılıb, onlarla etirazçı həbs edilib.
Buna baxmayaraq, partiya etiraz aksiyalarını davam etdirir. Artıq Müsavat Divanı avqustun 1-də növbəti etiraz aksiyasının keçirilməsi barədə qərar verib. Aksiyaya hazırlığın gedişi ilə bağlı məlumat almaq məqsədilə Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ilə əlaqə saxladıq.
Arif Hacılı piketlə bağlı ciddi hazırlıq işlərinin həyata keçirildiyini söylədi: “Etiraz aksiyası avqustun 1-də, saat 12:00-da Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında keçiriləcək. Mitinq Komitəsi piketə hazırlıq işlərini davam etdirir. Məsələ ilə bağlı partiyanın rayon təşkilatları da məlumatlandırılıb. Artıq piketdə səsləndiriləcək şüarlar hazırlanır. Düşünürəm ki, piket uğurlu alınacaq”.
A.Hacılı davamlı etiraz aksiyaların nəticə verəcəyinə inandığını da bildirdi: “Hesab edirəm ki, keçirilən piketlər Azərbaycan ictimaiyyətinin və beynəlxalq qurumların diqqətini cəlb edəcək. Əminəm ki, bu məsələ nəticəsiz qalmayacaq. Əgər piketlər nəticə verməsə, bir daha geniş miqyaslı kütləvi aksiyaların keçirilməsi məsələsi müzakirə ediləcək”.
  • Yazılıb
  • da (də) 2008 Jul 26