Şərqi Azərbaycan vilayətinin rəhbəri Məhəmmədrza Purməhəmmədi Azərbaycan Respublikası ilə Ticarətin İnkişafı üzrə Qərargahın rəisi təyin edilib.
Arannews :bununla bağlı İranın sənaye, mədən və ticarət naziri Əlirza Rəzm Hüseyni müvafiq əmr imzalayıb.
Əmrdə bildirilib ki, Cənubi Qafqazda gedən son proseslər, habelə qeyri-neft ixracını maksimum dərəcədə artırmaq və qonşu ölkələrlə əməkdaşlıq səviyyəsini yüksəltmək məqsədilə yaranan imkanlardan optimal şəkildə istifadə edilməsinin zərurəti əsas götürülərək Məhəmmədrza Purməhəmmədi Azərbaycan Respublikası ilə Ticarətin İnkişafı üzrə Qərargahın rəisi təyin olunub.
“İran Xarici İşlər Nazirliyi, Ticarətin İnkişafı Təşkilatı, Qərbi Azərbaycan, Ərdəbil, Gilan və Zəncan vilayətinin rəhbərləri, İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası, İran Kooperasiya Palatası, vilayətlərin Sənaye, Mədən və Ticarət Təşkilatı və digər aidiyyəti qurumların köməyi ilə Azərbaycan Respublikasının azad edilmiş ərazilərinin yenidən qurulmasında fəal iştirak etmək üçün müvafiq fəaliyyət planının hazırlanmasında və həyata keçirilməsində lazımi səylərin göstərilməsi və vaxtaşırı sözügedən nazirliyə hesabat verməniz tələb olunur”, - deyə əmrdə qeyd olunub