Azad olunmuş ərazilərdə su təsərrüfatı komplekslərinin bərpası və inkişafı üzrə tədbirlər planı hazırlanıb.
Arannews-Bu barədə Trend-ə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Fuad Nəsirov deyib. Onun sözlərinə görə, tədbirlər planı artıq hökumətə təqdim olunub:
“Erməni təcavüzü nəticəsində Meliorasiya və Su Təsərrüfatı ASC-nin bir çox obyektlərinə ziyan dəyib. Bu obyektlərin əksəriyyəti münaqişə zamanı, digəri isə işğal vaxtında lazımı texniki xidmət göstərilmədiyi üçün yararsız vəziyyətə salınıb. Bununla bağlı hazırda su təsərrüfatı komplekslərinin bərpası və inkişafı üzrə tədbirlər planı hazırlamışıq. Sənəd artıq hökümətə də təqdim olub. Tədbirlər planı su təsərrüfatı komplekslərinin inkişafı, innovativ texnologiyaların tətbiqi, su təsərrüfatı komplekslərin bərpası və eyni zamanda müasir səviyyədə bərpa olunaraq tətbiq edilməsi ilə bağlıdır”.
F.Nəsirov qeyd edib ki, tədbirlər planında əsas məqsəd uzun illər erməni təcavüzünə məruz qalmış ərazilərdə suvarılan kənd təsərrüfatı torpaqlarında şəraitin yaxşılaşdırılmasıdır:
“İlkin mərhələdə əsas prioritet meliorasiya və su təsərrüfatı obyektlərinin təmir-bərpasıdır. Sonrakı mərhələdə bu obyektlərin müasir səviyyədə yenidən qurulması və inkişafına nail olmaqdır. Nəticədə Suqovuşan hidroqovşağının və ondan su götürən Tərtər çayı sağ və sol sahil, eləcə də Xanarx kanallarının təmir bərpası və yenidən qurulurması ilə işğaldan azad olunmuş ərazilərin, eyni zamanda ətraf rayonlar – Goranboy, Yevlax, Bərdə, Ağcabədi rayonlarının, ümumilikdə, 96 min hektara yaxın torpaq sahəsinin su təminatı yaxşılaşacaq”.
ASC nümayəndəsi əlavə edib ki, İran İslam Respublikası ilə birgə istifadə olunacaq su anbarı, Araz çayı üzərində yerləşən və su tutumu 1 milyard 600 kubmetr olan Xudafərin su anbarından da yığılan suların hesabına demək olar respublikada Araz boyu rayonlarda təqribən 252 min hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşacaq.
Xatırladaq ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın meliorasiya və su təsərrüfatı fonduna külli miqdarda ziyan dəyib. Səhmdar cəmiyyətinin işğal altında 125 min 800 hektar suvarılan torpaq sahəsi qalmışdı. Həmin əraziləri suvarma ilə təmin edən 6 426 kilomert suvarma kanallarımız, 1 429 subartezian quyusu, 9 su anbarı, 7 sututarı, 88 nasos stansiyası, 7 mindən çox hidrotexniki qurğu və s. su təsərrüfatı obyektləri işğal altında qalmışdı.