Vətən müharibəsinin Fizuli istiqamətində itkin düşmüş Şəhidi, 19 yaşlı Əmirağa Mahir oğlu Ağayev bu gün doğulduğu Şabran rayonunun Şəhidlər xiyabanında dəfn edilib.
Arannews -Modern.az xəbər verir ki, dəfn mərasimində böyük izdiham yaşanıb. Mərasimdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqannlarının, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəsmiləri, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.
19 yaşlı şəhid Əmirağa Ağayevin cənazəsi ata evi Surra kəndindən Şabran Şəhidlər Xiyabanına xüsusi izdihamla aparılıb. 10 kilometr məsafəni piyada qət edən rəsmilər, sakinlər və Şəhidin doğmaları onu son mənzilə ehtiramla yola salıblar.
Şabran İH başçısı Asif Hüseynov dəfn mərasimində çıxış edərək yeğanə oğlunu itirən ailəyə başsağlığı verib. Rayon rəhbəri qeyd edib ki,"əsgəri xidmətdə layiqincə qulluq edən Əmirağa Ağayev Vətən müharibəsində qəhrəmancasına şəhid olub və bu oğulları Azərbaycan xalqı unutmayacaq."
İcra başçısı şəhidin tabutu bükülmüş Azərbaycan bayrağını atası Mahir Ağayevə təqdim edib. Şəhidin ruhuna dualar oxunub.
Qeyd edək ki, iki bacının bir qardaşı olan Vətən müharibəsinin şəhid əsgəri,19 yaşlı Əmirağa Ağayev Şabran rayonunun Surra kəndində anadan olub. 2020-ci ilin iyul ayında Şabran rayonundan hərbi qulluğa yollanan Əmirağa Ağayevin Fizuli istiqamətində gedən döyüşlərdə itkin düşdüyü deyilirdi və oktyabr ayının 10-dan bəri ondan heç bir xəbər yox idi.
Allah rəhmət eləsin!