İranın diplomatiya aparatı rəhbərinin Qafqazın bir sıra ölkələrinə səfərinin ardınca təhlil saytlarından biri yazıb ki, İran region ölkələri ilə əməkdaşlıq etməklə öz iqtisadi münasibətlərini və geopolitik mövqeyini yaxşılaşdırmağa səy edir.
Arannews-SəhərAzəri xəbər verir, məlumatda deyilir ki, İranın XİN başçısı Məhəmməd Cavad Zərif Qafqaz regionunun bir sıra ölkələrinə səfərində əlaqə yollarındakı və Şimal-Cənub nəqliyyat dəhlizində maneələrin aradan qaldırılmasını müzakirə edib. Zira bu, İran üçün Qafqaz ölkələri və daha başqa ölkələrlə öz ticarət münasibətlərini genişləndirməyə imkan yaradır.
Eurasia Review saytının məqaləsində qeyd olunur ki, rəsmi Tehran Ermənistan-Azərbaycan müharibəsinin bitməsindən məmnun qalıb. Və regional əməkdaşlığa xüsusi önəm verir. Tehran bu məqsədinə nail olmaq üçün həm regionda, həm də Moskvada böyük diplomatik səylərə başlamışdır. Əslində Şimal-Cənub nəqliyyat dəhlizinin maneələrinin aradan qalxması ilə İran üçün bölgə ölkələri və daha başqa ölkələrlə öz ticarət münasibətlərini genişləndirməyə imkan yaranacaqdır.
Sayt əlavə edir ki, Məhəmməd Cavad Zərif Moskvaya səfər etməklə göstərdi ki, İran Rusiya ilə əməkdaşlıq etməklə bölgədə iqtisadi əlaqələrini günişləndirməyə ümidvardır. Həmçinin İran regionda təhlükəsizliyin təsbiti üçün də aktiv səy göstərir.
Rusiyanın Beynəlxalq İşlər üzrə Şurasının üzvü Polina Vasilenko bu haqda deyib: Tehranın səyləri bölgədə təhlükəsizlik üzərində fokuslanıb ki, təkcə cənubi və qərbi Yaxın Şərqə deyil, həm də Qafqaz vasitəsilə şimala və Rusiyaya geniş çıxış əldə edə bilsin.
Rusiyanın “Kommersant” qəzetinin jurnalistləri Mariana Blinkaya və Kirill Krivoşayev da Zərifin Moskva səfərini şərh edərkən bildiriblər ki, bu səfərdə əsas məqsəd Qarabağda atəşkəs razılaşmasının imzalanmasından sonra regional əməkdaşlıq layihələri barədə danışıqlar aparmaq olubdur.
Rusiyanın “Valday” beynəlxalq müzakirə klupunun eksperti Fərhad Məmmədov belə inanır ki, İran özünü Bakı və İrəvan üçün Fars və Oman körfəzlərinə açılan qapı kimi tanıdır. Azərbaycan da bu layihəni alqışlayır. Çünki Tehran həmişə Cənubi Qafqazda ərazi bütövlüyünü dəstəkləmişdir.
İranın xarici işlər naziri M.C. Zərif Naxçıvan MR-na səfərində dedi: "Beş ölkəyə səfərimin sonunda və axrıncı mərhələdə Naxçıvana gəldim ki, Qarabağ müharibəsindən sonra bölgədə tranzit və əməkdaşlıq imkanlarını araşdıraq. Acı nəticələr verən müharibədən sonra inşallah, bölgə ölkələrinin əməkdaşlığı ilə İran İslam Respublikası və bölgənin digər ölkələri üçün daha çox əməkdaşlıq və tranzit uyğunlaşmaları istiqamətində birgə əməkdaşlığa imkan yaranacaq və bölgədə davamlı sülhə nail ola biləcəyik".