Tarix : 2021 Feb 17
Kod 60919

23 azərbaycanlı Dağıstandakı düşərgədə vətənə göndəriləcəklərini gözləyir

Dağıstanın Kaytaq rayonunun “Oqonyok” düşərgəsində açılmış müvəqqəti yaşayış məntəqəsinin sakinləri yaşayış şəraitindən məmnundur, lakin Azərbaycan hakimiyyətini ləng tərpəndiyinə görə tənqid ediblər. Hazırda düşərgədə 23 adam yaşayır,- Rusiya FHN-nin nümayəndəsi qeyd edib.

“Arannews-Kavkazski uzel”in xəbər verdiyinə görə, Rusiyanın quru sərhədi ilə gediş-gəliş martın 1-dən tez baş tutmayacaq. Səbəb hər iki ölkədə koronavirusa yoluxanların sayının artması və Azərbaycanda ciddi karantin tədbirlərinin görülməsidir. Dekabrın 18-də Azərbaycanın Rusiyadakı səfirliyi belə məlumat verib. Dekabrın 22-nə olan məlumata görə, sərhədin açılmasını 350 nəfər gözləyir, onların dördü Dağıstanın Kaytaq rayonundakı uşaq düşərgəsinin binasında yerləşdirilib. Dağıstan hakimiyyəti qeyd edib ki, Azərbaycan vətəndaşlarının qəbulu, yerləşdirilməsi və təmin edilməsi aprelin 1-dək davam edəcək.
Dağıstandakı müvəqqəti yaşayış məntəqəsində 23 adam var, hərçənd Rusiya-Azərbaycan sərhədini keçmək istəyənlərin sayı çoxalır, Rusiyanın FHN-nin Dağıstan üzrə nümayəndəsi Maqomedyusuf Abdurazakov fevralın 15-də “Kavkazski uzel”in müxbirinə deyib.
Onun dediyinə görə, Azərbaycan vətəndaşları Rusiyanın müxtəlif bölgələrindən gəlir. Abdurazakov hesab edir ki, müvəqqəti yaşayış məntəqəsində olanların sayı sərhədin açılmasını düşərgə xaricində gözləməyi qərara almış, lakin burda yerləşənlərə yaradılan şəraiti görüb fikrini dəyişənlərin hesabına artır.
Müvəqqəti yaşayış məntəqəsi 2020-ci ilin noyabrında Kaytaq rayonunda yerləşən “Oqonyok” uşaq sağlamlaşdırıcı düşərgəsinin bazasında açılıb. Soyuqlar düşməzdən əvvəl həmin məntəqə Kullar kəndi yaxınlığında salınmış çadır düşərgəsində yerləşirdi. Rusiya FHN-nin Dağıstan üzrə idarəsinin yaratdığı məntəqə eyni vaxtda 250 adam saxlaya bilər.
Qurum düşərgəyə yerləşdirilmiş Azərbaycan vətəndaşlarını qida ilə təmin edir, onların sağlamlığını nəzarət altında saxlayır. “Yerli xəstəxana əməkdaşları sutkaboyu növbə çəkir, lazım olanda təcili tibbi yardım göstərilir”, – nazirlik əməkdaşı söyləyib.
Onun dediyinə görə, hazırda düşərgədə yaşayan iki kişinin ciddi xroniki xəstəliyi var – biri astma, digəri epilepsiyadan əziyyət çəkir. Tibb işçisi hər gün onların vəziyyəti ilə bağlı pulsuz monitorinq keçirir.
Abdurazakovun sözlərinə görə, Azərbaycan vətəndaşları tərəfindən şəraitlə bağlı düşərgə rəhbərliyinə şikayət edilməyib. Azərbaycan vətəndaşlarının yeganə arzusu tezliklə evə qayıtmaqdır.
“Kavkazski uzel”in müxbirinin baş çəkdiyi müvəqqəti yaşayış məntəqəsinin sakinləri düşərgənin yaşayış korpusundadır, inzibati korpusda isə düşərgənin administrasiyası yerləşir. Ərazidə həm də çayxana var. Düşərgənin keşiyində Rusiya qvardiyasının əməkdaşları durur. Düşərgəyə yalnız administrasiya razılıq verdikdən sonra keçmək olar.
Nazirlik əməkdaşının dediyinə görə, hazırda Azərbaycan vətəndaşlarının növbəti qrupunun yola salınması gözlənilir. Bu 20 nəfərdən artıq toplandıqdan sonra baş verəcək. Bununla yanaşı, düşərgə sakinlərindən ibarət qrupun nə vaxt yaradılacağı və Vətənə göndəriləcəyi barədə bir şey deməyə çətinlik çəkir. “Azərbaycan vətəndaşlarının bundan əvvəlki səfəri üç həftə əvvəl baş verib”, - Abdurazakov söyləyib. “Burda olan bütün Azərbaycan vətəndaşlarının, demək olar ki, hamısını aparıblar”, – Abdurazakov xəbər verib. O əlavə edib ki, düşərgə sakinlərindən biri Azərbaycana gedə bilməyib, belə ki sənədləri qaydasında olmayıb.
Müvəqqəti yaşayış məntəqəsinin sakinləri “Kavkazski uzel”in müxbirinə burdakı şəraitdən razı olduqlarını deyiblər. Otaqlar istidir, üç dəfə qidalandırırlar, internetə girə bilirlər. Bununla belə, onlar tezliklə evə getmək istədiklərini, ailələri üçün darıxdıqlarını bəyan ediblər.
Azərbaycan vətəndaşı Hacı Şirinov Dağıstana İnquşetiyadan gəlib. Dediyinə görə, orda bir ilə yaxın qonaq olub. Ayyarım Kullardakı düşərgədə yaşayıb, sonra Qarabağ münaqişəsi kəskinləşib və o, İnquşetiyaya qayıtmağı qərara alıb.
Zabit Malayev artıq iki həftədir ki, müvəqqəti yaşayış düşərgəsindədir. Bir il əvvəl Mahaçqaladakı qohumlarıgilə qonaq gəlib. Elə o vaxtdan da Azərbaycana gedə bilmir. Bununla yanaşı, o, bu bir il ərzində iş tapa bilmədiyindən şikayətlənib. Belə ki, icazəsi olmayıb, axı o, Rusiyaya işı düzəlmək məqsədilə gəlməyib. Azərbaycanda Zabiti arvadı və üş övladı gözləyir.
Aqil Məmmədov dörd ay əvvəl Azərbaycana getmək üçün sərhəd ərazisinə gəlib. Dediyinə görə, sənədlərindəki problemə görə sərhədi keçə bilmir. Dağıstana gələnə qədər ilyarım Moskva klinikalarından birində epilepsiyadan müalicə olunub. Məmmədovun dediyinə görə, əlində bircə müalicə aldığı müəssisənin arayışı var. Onun sözlərinə görə, burda gözlədiyi müddət ərzində vəziyyəti pisləşib. Bununla yanaşı, qeyd edib ki, yerli həkim ona nəzarət edir, zəruri tibbi yardım göstərir, pulsuz dərman verir.
Həsən isə dörd gün əvvəl maşını ilə Orenburqdan gəlib. O deyib ki, Rusiyaya qazanc dalınca gedib və Orenburqda tikintidə işləyib. Bununla yanaşı, Həsən qeyd edib ki, Rusiya vətəndaşıdır, hərçənd ailəsi Azərbaycandadır.

  • Yazılıb
  • da (də) 2021 Feb 17
  • Göndərən جهان کمالی