İran Parlamentinin nümayəndə heyəti Azərbaycan Respublikasının Milli Məclisində olub.
Arannews :Fevralın 16-da Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctaba Zünnurin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu məlumata əsasən, ölkələrimiz arasındakı sıx münasibətlərdən söz açan Səməd Seyidov xüsusilə 44 günlük Vətən müharibəsi dövründə və müharibədən sonra İran İslam Respublikasının Azərbaycanın haqq işini və öz ərazi bütövlüyünü bərpa etməsini dəstəklədiyini qeyd edərək bunun ölkəmiz üçün tarixi əhəmiyyətə malik olduğunu vurğulayıb. Bildirib ki, İran tərəfdən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən çıxışlar və bəyanatlar həm müharibədən öncə, həm də müharibə zamanı və sonra təkrar-təkrar verilib. Xüsusilə, noyabrın 3-də və 4-də İran liderlərinin verdikləri bəyanatlar Azərbaycan xalqı arasında yüksək rəğbət qazanıb və Azərbaycan-İran münasibətlərinə ciddi təsir göstərib.
Səməd Seyidov bildirib ki, hazırda bölgədə yeni reallıq formalaşıb və həmin reallıq parlamentlər arasındakı əlaqələrin genişlənməsinə imkan yaradacaq.
Görüşdə nümayəndə heyətinin başçısı, İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctaba Zünnur İran parlamentinin rəhbərliyi və bütün deputatlar, İran xalqı adından Azərbaycan xalqına böyük Zəfər münasibətilə təbriklərini çatdırıb.
Zünnur Azərbaycanla hər sahədə daha sıx əməkdaşlıq əlaqələri qurmaq niyyətində olduqlarını bildirib. Qarabağın yenidən qurulmasında İran şirkətlərinin mühüm layihələrlə iştirak etmək arzusunu, işğal dövründə ermənilər tərəfindən dağıdılmış Azərbaycan məscidlərinin bərpasını təmənnasız həyata keçirmək istədiklərini vurğulayıb. Tikinti-quruculuq işləri üçün böyük potensiala malik olduqlarını deyib.