Müsəlman Birliyi Hərəkatı Bakının Novxanı qəsəbəsində yerləşən 1 saylı orta məktəbdə baş verən hicab qadağasına münasibət bildirib.
Arannews-Bu barədə Rakurs.tv-yə Müsəlman Birliyi Hərəkatının mətbuat xidmətindən bəyanat daxil olub.
Bəyanatı olduğu kimi təqdim edirik:
"Sanki bütün həll olunmayan məsələlər müəyyən münaqişənin odlandırılması üçün məqsədli şəkildə açıq saxlanılır. Elə bil hakimiyyətdə kimlərsə hər zaman alışa biləcək münaqişə ocaqlarını qüvvədə saxlamaqla din və dövlət arasında müharibə planına sahiblənir. Təbii ki, mübahisə baş verəcəyi halda da səbəb və ya iştirakçıların fikirləri dinlənilmədən hakimiyyət haqlılıq libası ilə yenə də kimlərinsə canına qənim kəsiləcək. Bu isə din-dövlət münasibətlərində kifayət qədər açıq mövzuları elə açıq da saxlayacaq. Hər zaman mübahisə və qarşıdurma zəmini olan bu tipli problemlər kimlərinsə marağı çərçivəsində sözün əsl mənasında problem olaraq qalır da.
Bu günlər məktəb direktoru və şagird arasında yaşanan insident haqlı da olaraq növbəti dəfə qıcıq yaratdı. Yayılan məlumatlara görə direktor şagirdin məktəbdaxili hicab örtülməsinə etiraz edir və bunu da məktəb geyiminə müvafiq hesab etmir. Hətta direktor bir az da irəli gedərək valideynə hicabın bu yaşda bağlanılmasının düzgün olmaması məntiqi ilə məsləhət də verir. Bu xəbəri media və sosial şəbəkələr sürələ çeşidləməkdədir. Bunun nə qədəri doğru və ya nə qədəri yumşaq yazılmasında işimiz yoxdur.
Mövzumuz niyə axı bu problemə çevrilən məsələni hələ də hakimiyyətin həll etmək istəməməsidir. Axı 2010-ildən bu günə qədər kifayət qədər qloballaşan bu məsələyə hüquqi qiymət vermək olardı. On illik bir zamanda bu gün də məsələ açıq qalaraq direktorlarla təhsil nazirliyi və valideynlər arasında ciddi ayrıseçkiliyə qədər gəlib çatır. Bəs niyə bu məsələ həll olunmur? Hələ də hakimiyyətdaxili dindarlıq kabusunu nifrətə çevirənlər aydın həqiqəti başa düşə bilmirlərmi? Ömrünü tələbə yetişdirib hər evdə bir elm çırağı yandırmalı olan direktor və müəllimlərlə xalqı bu oyuna çəkməyin zamanı bitmədimi?
İnanc bu xalqın mənəvi ruhu, hicab isə haqqıdır!
Ana qanunlar hər kəsin bu haqqını təsbit etmişdir. Bu gün hakimiyyət məsələyə xalqın istəyinə müvafiq hüquqi qiymət verməlidir. Əks halda bu işin bir çox arzulanmayan nəticələrə yol açacağı şübhəsizidr".