Tarix : 2021 Feb 22
Kod 60941

Paşinyanın devrilməsi Dağlıq Qarabağdakı duruma necə təsir edə bilər?

“Ermənistan müxalifəti dünən də baş nazir Nikol Paşinyanı devirə bilmədi, ancaq müxalifət mitinqlərin gələn həftə də davam edəcəyinə qərar verdi. Mitinqdə çıxış edənlər müəssisələri tətilə, ordu və polisi isə qiyama çağırdılar. Əlbəttə, Paşinyan var gücüylə bunun qarşısını almağa çalışacaq. Ancaq müxalifət də hakimiyyəti içəridən dağıtmaq üçün fəaliyyətinə ara verməyəcək”.

Arannews-Modern.az xəbər verir ki. Bunu Ermənistandakı vəziyyəti şərh edən politoloq Elxan Şahinoğlu bildirib.
O deyib ki, Paşinyanın yaxın aylarda devriləcəyi ehtimalını yüksək qiymətləndirmir:
“Kreml də Paşinyanın indiki mərhələdə devrilməsini istəmir, Çünki Paşinyan Moskvanın vasitəçiliyi ilə imzalanan 10 noyabr və 11 yanvar bəyanatlarını həyata keçirməlidir. Ancaq Paşinyanın içəridən devrilmısi ehtimalını da diqqətdən qaçırmamalıyıq”.
Ermənistanda mümkün çevrilişin və xaosun Dağlıq Qarabağdakı duruma nə kimi təsiri ola bilər?
Politoloq sualı belə şərh edib:
“Müxalifət liderləri açıq deyirlər ki, Paşinyanı devirsələr belə, 10 noyabr bəyanatından kənara çıxa bilməyəcəklər. Ancaq müxalifət liderləri eyni sözləri 11 yanvar Moskva razılaşmasına aid etmirlər. Yəni müxalifət təmsilçiləri regional əməkdaşlığın və kommunikasiya xətlərinin açılışının əleyhinədirlər. Bu isə Azərbaycan və Türkiyə ilə yanaşı, Rusiyanın da maraqlarına ziddir. Demək, əgər müxalifət və ya ordu içərisindən hansısa qüvvə Paşinyanı devirsə, yeni durum formalaşacaq. Bundan çəkinmək lazım deyil, əksinə manevr imkanlarımız genişlənəcək və Dağlıq Qarabağda yarımçıq qalan işlərimizi sonlandıra bilərik. Rusiya prezidenti Vladimir Putin də 10 noyabrdan bir neçə gün sonrakı müsahibəsində qeyd etmişdi ki, Ermənistan razılaşmalardan imtina edərsə, ağır nəticə ilə üzləməli olacaq. Ona görə bizim Ermənistanda zorakı hakimiyyət dəyişikliyi ilə bağlı ssenarimiz olmalıdır”.
Ermənistanda 15-dək siyasi partiyanın daxil olduğu "Vətənin xilasl hərəkatı" baş nazir Nikol Paşinyanın istefasını və Vazgen Manukyanın müvəqqəti baş nazir seçilməsinin mümkün olduğu bir keçid hökuməti qurulmasını istəyir.
Fevralın 20-də Yerevandakı mitinqdə çıxış edən Ermənistandakı müxalif hərəkat liderlərindən biri, keçmiş baş nazir Vazgen Manukyan Nikol Paşinyanın istefasına nail olacaq "A" və "B" planlarını açıqlayıb.
V.Manukyana görə, mitinqlərə nə qədər insan toplansa da, Paşinyan könüllü istefa verməyəcək.
"Bu o deməkdir ki, onun nəyə güvəndiyini qırmaq lazımdır",- deyə o bildirib.
Manukyana görə, baş nazirin güvəndiyi ilk qrup, problem qapılarını döyənə qədər dövlətin hansı yolla getdiyini anlamayan vətəndaşlardır.
"Bu vətəndaşlara bu ölkədə nə baş verdiyini və nəyin baş verəcəyini izah etmək bizim borcumuzdur".
Müxalifət lideri güc stukturları ilə bağlı da fikirlər səsləndirib:
“İkinci sütun güc strukturlarıdır. Bunlar, bəzən öz maraqlarından çıxış edərək öz dövlət vəzifələrini icra etdiklərinə inandıqları, bu gücə xidmət edərək Türk-Azərbaycan proqramının mənafeyinə xidmət etdiklərinin fərqində olmayan polislər, Milli Təhlükəsizlik Xidmətidir. Onlara qarşı sərt olmalıyıq, onları inandırmalı və həmişə onlara bir xilas yolu qoymalıyıq. Əmin olun ki, bütöv bir xalq şəhərdə uzun müddət dayansa, könüllü olaraq xalqa qoşulacaq. Ancaq sərt və inandırıcı olmalısan".
Amma Manukyan Paşinyana güc verən üçüncü qüvvədən də danışıb.
"Üçüncü qüvvə parlamentdə Nikol Paşinyanın dayağı olan deputatlardı. Onlara qarşı sərt, inandırıcı olmalısan və həmişə onlara bir xilas yolu qoymalısan”,- deyə o əlavə edib.
V.Manukyan qarşıda duran problmlərin həll etməyin yollarından birinin də davamlı nümayişlər olduğunu deyib:
“Ermənistan qaynamalı, nümayişlər hər gün keçirilməli, şəhər iflic olmalı, tətillər olmalı, maşın konvoyları bütün Ermənistanı gəzməli, insanları etiraz etməyə, insanları birləşdirməyə və birlikdə Nikol Paşinyanın dayandığı sütunları sındırmağa çağırmalıdır. Bunun üçün iş, vaxt lazımdır. Ancaq "B" planı da var: hər an, istər bu gün olsun, istər bir həftədən, istər on gündən sonra, qiyam yolu ilə ildırım sürəti ilə hakimiyyəti almağa hazır olmalısan".
V.Manukyan “hər zaman B planına hazır olaraq A planı yolu ilə gedəcəyik” deyib.
Bunun üçün əsas şərt "komitələr yerli olaraq, bütün kəndlərdə, bütün bölgələrdə, kollektivlərdə yaradılmalıdır" deyən Manukyan meydana toplaşanlara xitab edərək "hazır olun, insanlar" deyib.
Müxalifət Paşinyanı Qarabağdakı məğlubiyyətin səbəbkarı sayır.

  • Yazılıb
  • da (də) 2021 Feb 22
  • Göndərən جهان کمالی