Tarix : 2021 Mar 02
Kod 60978

Əraqçi: Qarabağ böhranında sərgilənən bütün mövqelər Ali Məqamlı Rəhbərin mövqeinə söykənirdi

Xarici işlər nazirinin müavini deyib: “Qarabağ böhranında sərgilənən mövqelərin hamısının başında İslam İnqilabı Rəhbərinin bəyanatı çox təsirli idi və bütün bu illərdə onun göstərişi əsasında hərəkət etmişik.”
AranNews: verdiyi xəbərə görə, “Beynəlxalq 17 Rəbiüləvvəl Qarabağ Konfransı”-nda çıxış edən xarici işlər nazirinin müavini doktor Əraqçi deyib: “Qarabağ münaqişəsi Qafqaz bölgəsinin ən mürəkkəb və uzunmüddətli böhranlarından biri olmuşdur. Doğrusu, Qafqaz bölgəsinin çox həyəcanlı bir tarixi vardır və Qarabağda həmişə gərginlik və böhran yaşanmışdır. SSRİ-nin dağılmasından sonra da 90-cı illərdə bu bölgə müharibə zonasına çevrildi.”
Əraqçi əlavə edib: “Ermənistan Azərbaycanın ərazilərini işğal etdikdən sonra beynəlxalq camiə bu böhranı həll edə bilmədi. İran Qarabağın işğalını qəbul etmədi və həmin dövrdə Azərbaycana çoxlu yardımlar etdi, hətta bu yolda şəhidlər də verdi.”
Doktor Əraqçi çıxışının davamında deyib: “Azərbaycan hökuməti və xalqı işğal edilmiş ərazilərini hərbi yolla geri almaq qərarına gəldi. Qeyd etdiyim kimi İran həmişə Qarabağın işğalına qarşı olmuşdur. Xudafərin Su Anbarının tikintisi üçün müqavlənin Azərbaycan Respublikası ilə imzalanması da İranın Qarabağda Azərbaycanın hakimiyyətini rəsmi olaraq tanımasını göstərir.”
İrana qarşı sanksiyalar dövründə İran-Azərbaycan münasibətlərinin öz təbii axarında olmasına da toxunan xarici işlər nazirinin müavini bildirib ki, biz Azərbaycan Respublikası ilə münasibətlərimizi  qarşılıqlı hörmət və maraqların qorunması əsasında davam etdiririk.
Əraqçi vurğulayıb: “Qarabağ müharibəsi başladıqdan sonra İran İslam Respublikası layihə hazırladı. Savaşın dayanması, işğal edilmiş ərazilərin qaytarılması, davamlı sülhə nail olmaq üçün danışıqların başlanması, region ölkələri arasında tranzit yollarının yaradılması kimi mövzular layihədə yer almışdı. Bu layihə yaxşı qarşılandı.”
O deyib: “Qarabağ böhranında sərgilənən mövqelərin hamısının başında İslam İnqilabı Rəhbərinin bəyanatları çox təsirli idi və bütün bu illərdə onun göstərişi əsasında hərəkət etmişik.”
Xarici işlər nazirinin müavini İranın bölgə ölkələrinin sərhədlərində hər hansı dəyişiklik və ölkələrin suverenliyinin təhdid olunmasına qarşı olduğunu vurğulayaraq deyib: “Hal-hazırda İran və Azərbaycan arasında çox yüksək səviyyədə siyasi, ictimai və mədəni əlaqələr mövcuddur, iki tərəf arasında yaxşı münasibətləri mütləq davam etdirəcəyik və bütün ölkələrlə yaxşı qonşuluq siyasətini qoruyacağıq.”

 
  • Yazılıb
  • da (də) 2021 Mar 02
  • Göndərən جهان کمالی