Tarix : 2021 Mar 02
Kod 60979

Möhsin Rezayi: Qarabağ biz iranlıların hamısının qəlbindədir

Doktor Möhsin Rezayi deyib: “Qarabağın biz iranlıların hamısının qəlbində yeri vardır və İran İslam Respublikası BMT-nin 7 qətnaməsini dəstəkləmiş, 90-cı illərdə baş verən Qarabağ müharibəsində Azərbaycan Respublikasına kömək məqsədilə 43 milyon dollar, döyüş mühacirləri göndərmiş, qaz, elektrik enerjisi və ilkin köməklər vermişdir. Bütün bunlar hərbi köməklərdən əlavədir.”
Arannews :iranın Qum şəhərində keçirilən Beynəlxalq 17 Rəbiüləvvəl Qarabağ Konfransında çıxış edən İran İslam Respublikası Məsləhət Şurasının katibi Möhsin Rezayi Rəcəb ayını təbrik etməklə və Qarabağ konfransının təşkilatçılarına təşəkkür etməklə yanaşı, Qum Elmi Hövzələrinin tarix yaradılmasında rolu və təsirinə toxunaraq deyib: “Elmi hövzə İslam dünyasının strateji mövzularında rol ifa etməlidir.”
Məsləhət Şurasının katibi bildirib: “Azərbaycan Respublikası bizim təkcə adi qonşumuz deyil, həqiqətdə biz iki bayraqlı bir millətik.” 
“Azərbaycan xalqı Rusiya çarlığının bizim torpaqlarımıza hücumu ilə mübarizədə çoxlu şəhidlər vermişdir. Bu şəhidlərin çoxu Bakı məzarlıqlarında dəfn olunmuşdur və biz də Qarabağ və Naxçıvanın çarların əlindən azad edilməsi uğrunda minlərlə şəhid vermişik”-deyə M. Rezayi əlavə edib.
O daha sonra deyib: “Bizim xalqımız həmişə Azərbaycana həsrətlə baxırdı ki, görəsən onlar nə vaxt öz torpaqlarını azad edə biləcəklər. Azərbaycan Respublikası müstəqil olduğu vaxt biz Azərbaycanın müstəqilliyini bayram etdik və elə ilk vaxtlardan bu ölkənin ordusunun yaranması üçün əməli addımlar atdıq.
Ermənistan Azərbaycanın Qarabağ bölgəsində məskunlaşmış ermənilərə kömək etmək bəhanəsilə Qarabağa girdi, çox təəssüf ki, bu bölgəni işğal etdi.”
Azərbaycan ərazilərinin hələ də tam azad olmadığına toxunan M. Rezayi bildirib ki, çox təəssüflər olsun, bugün bir sıra ölkələr Azərbaycan torpağına qüvvələr yeritmiş və pay istəyirlər.
İslam İnqilabı Keşikçilər Qvardiyasının sabiq komandanı Qarabağın bütün iranlıların qəlbində yer tutuğunu vurğulayaraq deyib: “İslam Respublikası BMT-nin 7 qətnaməsini dəstəkləyib, 90-cı illərdə baş verən Qarabağ müharibəsində biz Azərbaycan Respublikasına kömək məqsədilə 43 milyon dollar, döyüş mühacirləri göndərdik, qaz, elektrik enerjisi və ilkin köməklər verdik. Bütün bunlar hərbi köməklərdən əlavədir və Azərbaycanın mərhum prezidenti Heydər Əliyev məktub vasitəsilə bu köməkləri təsdiq etmişdir.”
M. Rezayi çıxışının davamında belə bir sual ortaya qoyub ki, bu səviyyədə əməkdaşlıq və köməklərə baxmayaraq necə və hansı əllər bizim aramızda ayrılıq yaranmasına bais oldu?! O, sonra deyib: “İndi “İsrail” orada işğal edilmiş ərazilərin və kənd təsərrüfatının bərpasında iştirak etməməlidir!”
Məsləhət Şurasının katibi deyib: “Qarabağ Azərbaycanın tərkibində olmalı, Azərbaycan Respublikasına daxil olmuş bütün qüvvələr oradan çıxmalıdır.” 
O, həmçinin Qarabağın yenidən qurulmasında İranın iştirak etməsi və Qarabağ keçidlərinin təyin edilməsində beynəlxalq qanunlara riayət edilməsinin zəruriliyini vurğulayıb.
Doktor M. Rezayi qonşuluq siyasətinin ciddi tutulmasına təkid edərək deyib: “Biz Azərbaycan mövzusuna ciddi yanaşmalıyıq. Heç bir cinah və siyasətə bağlı olmayan elmi hövzələrin də bu məsələyə diqqət ayırması, ciddi və davamlı rol ifa etməsi təqdirəlayiqdir.”
  • Yazılıb
  • da (də) 2021 Mar 02
  • Göndərən جهان کمالی