ABŞ-ın dövlət katibi ilə Ermənistanın baş naziri arasında telefon danışığı olub.
Arannews :RİA Novosti Xəbər Agentliyinin məlumatına əsasən, ABŞ dövlət katibi Entoni Blinken Ermənistan baş naziri Nikol Paşinyanla söhbət zamanı ona demokratik institutlara dəstək göstərməyə və "Qarabağdakı münaqişənin yoluna qoyulması"na yardım etməyə dair söz verib.
Danışıq zamanı Qarabağ və ikitərəfli münasibətlərə dair məsələlər qaldırılıb. Dövlət Departamentinin rəsmisi Ned Prays bu barədə deyib ki, dövlət katibi qanunun aliliyi və demokratik institutların əhəmiyyətini qeyd edib, həmçinin Ermənistandakı demokratik proseslərin və institutların inkişafına dəstəyini ifadə edib.
Onun sözlərinə görə, Blinken Qarabağla bağlı uzunmüddətli siyasi həll istiqamətindəki səylərə müsbət yanaşıb. Bundan başqa, ABŞ Paşinyanın istefasına nail olmağa çalışan bəzi erməni hərbçilərinin tələblərini dəstəkləməyib. Dövlət Departamenti hərbçilərin siyasətə müdaxilə etməmələrini istəyib.
Xatırladaq ki, ABŞ dövlət katibi Entoni Blinken vəzifəsinin icrasına başladıqdan dərhal sonra Birləşmiş Ştatların Ermənistanın xeyrinə Azərbaycanla münasibətlərə təzədən baxa, təhlükəsizlik sahəsində Azərbaycana yardımları kəsə biləcəyini söyləyib. Bu xüsusda o, ehtiyac yaranarsa, Ağ Evin Azərbaycana qarşı “907-ci düzəliş”i qüvvəyə mindirməyə hazır olduğunu da dilə gətirib.
O, habelə Amerikanın Qarabağ məsələsinin “yekun həlli” niyyətində olduğunu açıqlayıb. Halbuki rəsmi Bakı hesab edir ki, Dağlıq Qarabağ məsələsi artıq tarixdə qalıb və əsasən həll edilib.
Dövlət katibi sonra deyib ki, Ermənistan bundan sonra təhlükəsizlik sahəsində və demokratik idarəetməni gücləndirmək və iqtisadi artımı təşviq etmək üçün ABŞ-dan birbaşa maliyyə yardımı almalıdır.
Müşahidəçilər bildirirlər ki, təkcə şəxsən Blinkenin deyil, bütövlükdə ABŞ Demokrat Partiyasının erməni diasporu ilə çox isti münasibətləri var və erməni diasporu Demokratik Partiyanın ənənəvi sütunlarından biridir. Ona görə də demokrat hökumətin gələcəkdə Ermənistanı və Qarabağ ermənilərini sülh prosesini əngəlləməyə təşviq edəcəyi istisna edilmir.