"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir".
Arannews-Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin fəaliyyəti barədə bugünkü məlumatında bildirilir.
"İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.
Gün ərzində atəşkəs pozuntuları qeydə alınmayıb. Rusiya sülhməramlı kontingentinin hərbi personalına qarşı təxribat xarakterli hərəkətlər olmadı.
Rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edir və əhaliyə humanitar yardım göstərir" - deyə Müdafiə Nazirliyi açıqlayıb.
Qeyd olunub ki, Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizləmə qrupları Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzrə işlərini davam etdirirlər:
"Gün ərzində 17 hektar ərazi, 5 km yol, 9 yaşayış binası təmizlənmiş, 19 partlayıcı obyekt aşkar edilərək məhv edilmək üçün çıxarılıb. Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 1640 hektar ərazi, 513 km yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1586 yaşayış binası partlamamış hərbi sursatlardan təmizlənib, 25 173 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib".
Nazirliyin məlumatında həmçinin bildirilir ki, Azərbaycan Silahlı Qüvvələrinin altı karvanının müşayiəti təmin edilib:
"Şimal və cənub istiqamətində Laçın dəhlizindən dörd karvan;
Şuşa-Qırmızı Bazar-Qacar marşrutu boyunca bir karvan, digəri isə əks istiqamətdə".
O da bildirilib ki, Rusiyanın 144 ton humanitar yükünün avtomobil nəqliyyatı ilə daşınması Azərbaycanın Madagiz (Suqovuşan - red.)-Xudavəng-Kəlbəcər marşrutu ilə həyata keçirilib:
"Rusiya sülhməramlı kontingentinin bütün hərəkətləri koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün tədbirlərə uyğun olaraq həyata keçirilir.
Rus sülhməramlılarının təhlükəsizliyini təmin etmək və baş verə biləcək hadisələrin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır".