Şeyx Məhəmməd Xiyabaninin şəhadətinin 100 illiyinə həsr edilmiş konfrans Təbriz Universitetinin Vəhdət salonunda keçirilib.
AranNews-in “Təsnim”-ə istinadla verdiyi xəbərə görə, Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin şəhadətinin 100 illiyinə həsr edilmiş konfrans keçirilib.
Təbriz Universitetinin Vəhdət salonunda baş tutan bu konfransda İslami Şura Məclisinin sədri Məhəmmədbaqir Qalibaf çıxışında deyib: “Şeyx Məhəmməd Xiyabani bu diyarın rəhbərlərindən biri olmuşdur. Ona görə də biz iranlılar qeyrətli Azərbaycanla iftixar edirik.”
Parlament sədri əlavə edib: “Mübarizə və müqavimət tarix boyu Azərbaycan xalqının ən bariz xüsusiyyətlərindən biri olmuşdur. Bu torpağın müasir tarixi də haqq yolunda mübarizə və müqavimətlə yoğrulub. Azərbaycan xalqı Məşrutə dövründə elə bir tarix yaratdı ki, bütün İran xalqı onlarla iftixar edir. Bu iftixarlı addımlar Müqəddəs Müdafiə dövründə də özünü göstərdi və bu əzizlərin isti qanları sevimli vətənimizin müdafiəsi uğrunda torpağa axdı. Bu kimi vəsflərlə Təbriz ilklərin şəhəridir, elit yetişdirmək vəsfi Azərbaycan haqqında düzgündür və bu özəllik Azərbaycan xalqına layiqdir.”
Konfransın davamında Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə təmsilçisi Seyid Məhəmmədəli Ali-Haşim deyib: “Hər yerdə dövrün tağutları ilə amansız mübarizə olubsa, hər yerdə şəhidlik varsa, orada mücahid ruhani siması görünür. Şeyx Məhəmməd Xiyabani fiqh, həndəsə, üsul, astronomiya elmlərinə mükəmməl yiyələnmiş bir alim idi, hər bir vəziyyətdə müsəlmanların məqsədlərinin gerçəkləşməsi istiqamətində vəziyyətə uyğun olaraq bəzən mülayim dillə, bəzən odlu çıxışla, bəzən də silah çiyninə almaqla irəli atılırdı.”
Təbriz imam cüməsi Şeyx Məhəmməd Xiyabani barədə bir sıra təhlillərə də toxunaraq deyib: “Bütün təhlillərdən sübuta yetən budur ki, onun qiyamı zülm və irtica əleyhinə olmuşdur, o, konstitusiyanı həyata keçirmək istəmiş, azadlıq ardınca olmuşdur. Bəzi müasirlərinin və bugünkü bəzi tədqiqatçıların onun çıxışlarının məzmununa əsaslanmaqla gəldiyi nəticənin əksinə olaraq, separatçılıq heç vaxt onun təfəkküründə və qiyamının hədəfində yer almamışdır. Belə ki, əgər onun 69 çıxışının hamısı təhlil olunduqda sübuta yetir ki, bu çıxışlarında hətta bir dəfə də olsun parçalanmaq, yaxud Azərbaycanın ayrılmasından söhbət etməmişdir.”
Höccətül-islam vəl-müslimin Məhəmmədəli Ali Haşim çıxışının davamında şəhid Şeyx Məhəmməd Xiyabaninin cümlələrindən bir hissəyə işarə edərək deyib: “Şəhid Şeyx təkid edirdi ki, “ölümdən qorxmayan millət heç vaxt ölmür” və “hər millətin şərafəti üçün lazım olan ilk şey istiqlaldır”.