“24 Mart... Hər il bu gün evimizdə toy-bayram olardı. Gözümüzün ağı-qarası, bircə oğul balamızın doğum günü idi. 22 il əvvəl bu gün gəlmişdi dünyaya. Onda sevincimizin həddi-hüdudu yox idi. İndi deyirəm, nə olardı ölərdim, bu günü görməzdim”.
Arannews ;Beyləqanın Qəhrəmanlı kənd sakini Bakir Orucovun sözləridir. O, İkinci Qarabağ Müharibəsində oğlu Şakir Orucovu itirib.
Şakirin doğum günüdür. Valideynləri ilk dəfə bu günü onsuz qeyd edirlər.
Anası Fatma Orucova evlərinin bir otağını oğlunun xatirəsinə ayırıb. Deyir, “həmişə təmirsiz, şəraitsiz evdə yaşayıb. Barı ölümündən sonra şəkilləri normal otaqda asılsın”.
“Ölümündən sonra oğlumun həmişə arzusunda olduğu kimi evimizi təmir etdirdik. Həmin təmirli otağın birini də elə Şakirə ayırdıq. Hər yer onun şəkilləri, əşyalarıdır. Elə bil bəy otağıdır. Biz də bununla təsəlli tapırıq, nə edək”.
Ana divarlardan asılan şəkillərə baxır. Oğlu ilə şəkillərini göstərir. Sonra fikrə dalır. Asta səslə “bütün o xoş günlər bir şəkil qədər yaxın görünür, amma yuxu kimi əlçatmazdır... Yuxumda görürəm, yalvarıram ki, oğul qayıt, gəl, qayıtmır. Əlim çatmır, eşitmir məni. Halbuki heç vaxt sözümdən çıxmazdı. Dəli olmamaq əldə deyil”.
Atası Bakir Orucov deyir ki, əsgərliyini Gədəbəydə, dağların başında, ermənilərlə üzbəüz postda çəkib. Gələndən sonra isə hərbçi olmaq istədiyini söyləyib. Ailəsi əvvəlcə qarşı çıxıb, ancaq sonradan onun istəyinin qarşısında dura bilməyiblər:
“Rabitəçi idi. Hamının hörmətini qazanmışdı. Xətrini çox istəyirdilər. Açığı heç istəmirdim hərbiyə getsin. Amma sonda sözünü yerə sala bilmədik. Övladdır, əzizdir, nə deyim, bilmirəm, yaşamaq çətindir”.