25 illik plan kimi tanınan İran İslam Respublikası və Çin Xalq Respublikasının hərtərəfli əməkdaşlıq planının sənədi, iki ölkənin xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Vanq Yi tərəfindən imzalanıb.
Arannews -Farsnews-a istinadən xəbər verir ki, rəsmi danışıqlar aparmaq üçün Tehranda olan Çinin xarici işlər naziri Vanq Yi və iranlı həmkarı Məhəmməd Cavad Zərifin görüşü zamanı İranın Çinin başlatdığı “Kəmər və Yol” layihəsində iştirakını nəzərdə tutan 25 illik əməkdaşlıq müqaviləsi imzalanıb.
Həmin sənəddə İran İslam Respublikası ilə Çin Xalq Respublikası arasında iqtisadi, mədəni və s. daxil olmaqla müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın imkanları və perspektivləri müzakirə olunur.
Sənədin imzalanmasından sonra verilən birgə bəyanatda belə qeyd edilir: “İnanırıq ki, bu sənəd İran ilə Çin arasında davamlı inkişafı və hərtərəfli strateji tərəfdaşlığı daha da inkişaf etdirəcək və iki xalq üçün firavanlıq yaradacaq”.
Yaxın Şərq səfərləri çərçivəsində Tehranda olan V.Yi İranın prezidenti Həsən Ruhani və Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin müşaviri Əli Laricani ilə də görüşmüşdü.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə razılaşmanın ilk dəfə 2015-ci ildə Çinin dövlət başçısı Şi Cinpinqin Tehrana səfəri zamanı gündəmə gətirildiyini bildirərək, belə demişdi: “Bu müqavilədə iki ölkənin müxtəlif sahələrdəki əməkdaşlığının iqtisadi cəhətləri və İranın Çinin "Kəmər və Yol" ideyasında iştirakı nəzərə alındı”.
ətibzadə razılaşma ilə bağlı digər təfərrüatları bölüşməyərək, müqavilənin iki ölkə arasındakı münasibətlərin dərinləşməsində “yol xəritəsi” kimi fəaliyyət göstərdiyini vurğulayıb.
Xatırladaq ki, Çin hökumətinin 25 illik strateji müqavilə çərçivəsində, İrana ümumilikdə 400 milyard dollarlıq sərmayə yatıracağı bildirilib.
PressTV-nin xəbərinə əsasən, Çin hökumətinin İrana 25 illik strateji saziş çərçivəsində enerji və nəqliyyat infrastruktur layihələri üçün 400 milyard dollarlıq sərmayə yatıracağı bildirilib. İki ölkə bu investisiyalarda ABŞ dollarından istifadə etməyəcək.
"Petroleum Economist"in İranın Neft Nazirliyinə yaxın bir mənbəyə əsaslandırdığı xəbərinə görə, avqustun sonunda Pekinə səfər edən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, 2016-cı ildə imzalanan “Hərtərəfli Strateji Əməkdaşlıq Müqaviləsi” çərçivəsində hazırladıqları yol xəritəsini Çin rəhbərliyinə təqdim edib.
İranın neft və qaz sahələrində yeni istehsal sahələri açacaq və neft-kimya sənayesinə investisiya yatıracaq Çin, İran iqtisadiyyatına böyük qismi ilk beş ildə olmaq üzrə 280 milyard dollarlıq ödəniş təmin edəcək.
Çinin İranın nəqliyyat və emal sənaye sektorlarına da 120 milyard dollarlıq investisiya yatıracağı və ümumiikdə yatırılacaq investisiyanın həcminin 400 milyard dollar olacağı bildirilib.
Çin ödənişi ixrac etdiyi ölkələrin pul vahidləri ilə həyata keçirə biləcəyi kimi, öz valyutası yuan ilə də edə biləcək. Beləliklə iki ölkə xüsusilə neft ticarətində dolları kənarlaşdırmış olacaq.
İran rəhbərliyi Rusiya ilə də oxşar investisiya sazişi bağlamağı planlaşdırır.